Son parlament seçkilərindən sonra cəmiyyətin birmənalı hiddəti ilə qarşılanan radikal müxalifət partiyaları öz biabırçılıqlarını ört-basdır etmək üçün "İctimai Palata" adlı qondarma təşkilat yaratmağa qərar verdilər. Onların bu qərarı ümumi müxalifətin baş bəlasına çevrilməli oldu. Eyni zamanda, bir sıra müxalifət yetkililəri də bu təşkilat yaradılanda onu müxalifətin boynuna keçirilən kəndir kimi qiymətləndirmişdilər. Nəhayətdə isə, bu kəndirin və müxalifətə ümumi nəzarətin ələ keçirilməsi planının bir-iki nəfərin əlində cəmləşməsi prosesi işlənilirdi.
Bu çirkin plana isə, həmişə olduğu kimi, Ə.Kərimov və İ.Qəmbərov cütlüyü rəhbərlik edir. Digər tərəfdən isə bu planların başında dayanan Müsavat başqanı İ.Qəmbərovun Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla xəyanətkar "əməkdaşlıq sazişi"dir ki, burada da erməni faktorunun üzdə olması artıq bəllidir.
Əqidə yoldaşlarına xeyli miqdarda pul atan başqan üçün yeni hədəflər də məlumdur
Son günlər daha çox hay-küylə müxalifətin, ümumilikdə isə, "İctimai Palata"nın aprelin 2-də iğtişaşlarla müşayiət olunması nəzərdə tutulan mitinq keçirmək üçün plan hzazırladığı barəsində məlumatlar sızdırılmaqdadır. Həmişə olduğu kimi, qarışqadan fil düzəldən müxalifət indi də aprelin 2-nə təyin etdiyi aksiyanın möhtəşəm olacağından ağızdolusu danışmağa başlayıb. Artıq bunun üçün ilk olaraq əl-ayağa düşən Müsavat başqanı İ.Qəmbərov mitinqdə iştirak edəcək partiyalardan vəsait də toplayıb. O bu vəsaitləri paytaxtla yanaşı bölgələrdə də mitinq və aksiyaların təşkil olunması üçün yığıldığını iddia edib. Əsil fakt isə ortaya çıxanda müxalifət düşərgəsi növbəti qarşıdurma ocağına çevrilib. Çünki İ.Qəmbərovun növbəti dəfə onların açıq şəkildə aldatdığının sonradan fərqinə varan müxalifət partiya rəhbərləri indi günün işıqlı vaxtı əllərində çıraq onu axtarırlar. Eyni zamanda, bütün bu olanlarla kifayətlənməyən İ.Qəmbərov xarici donor təşkilatlarının, xüsusən də, Soros fondunun "İctimai Palata" üçün ayırmış olduğu 10 milyon dolları da mənimsəmək niyyətinə düşüb. Ona görə də, başqan son zamanlar "İctimai Palata"nın qayğısına qalırmış kimi mövqe nümayiş etdirir.