Əli Kərimov "Taliban" və vəhhabilərlə iş birliyində...
Son günlər radikal müxalifət düşərgəsində ölkədə dağıdıcılıq, iğtişaşlar törətməyə hesablanmış xəyanətkar addımların atılması halları daha çox müşahidə edilməkdədir. Təkcə mart ayının 12-də radikallar tərəfindən törədilməyə cəhd edilən küçə yürüşlərinin nə ilə başa çatdığını xatırlasaq, bunların necə təxəyyüldə "inkişaf" etdiyinin bir daha şahidi olarıq. Bu istiqamətdə, Qərbdə fəaliyyət göstərən anti-Azərbaycan meyilli qüvvələr qarşısında boyunlarına müxtəlif xəyanətkar öhdəliklər götürən radikal ünsürlər, eyni zamanda, radikal dini qurumlarla da əməkdaşlıq etməkdən çəkinmirlər.
Radikal dini qurumlar dedikdə isə, burada dünyanın müxtəlif qaynar bölgələrində terrorçuluq və dağıdıcılıq törədərək günahsız insanları qətlə yetirən vəhhabilər, nurçular, talibançılar və "Hizbullah" kimi məzhəb və təriqət qrupları nəzərdə tutulmaqdadır. Cəmiyyət və sağlam düşüncəli ictimaiyyət tərəfindən qətiyyətlə qəbul edilməyən bu tip dini qurumların birdən-birə Azərbaycanda peyda olmaları, eyni zamanda, radikal müxalifət "liderləri" ilə görüşmələri xalqda hiddət hisslərini doğurmaqdadır. Belə ki, əldə edilən məlumatlara görə, martın 30-da Azərbaycan Demokrat Partiyasının qərargahında AXCP (i) sədri Əli Kərimovun sözügedən radikal dini qrupların nümayəndələri ilə görüşü keçiriləcək. Onu da vurğulayaq ki, tədbirin Ə.Kərimova xüsusi yaxınlığı ilə seçilən, İranın Qum şəhərində dini təhsil almış və həmin ölkənin xüsusi xidmət orqanları ilə gizli və sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu məlum olub. Xatırladaq ki, hələ bir müddət bundan öncə, hicab məsələsi ilə bağlı İranın "Səhər 2" və "Kompas" telekanalları ölkəmizin daxili işlərinə qeyri-qanuni, heç bir beynəlxalq hüquqlara cavab verməyən müdaxilələr etmiş, müxtəlif tipli böhtan xarakterli məlumatlar yayaraq, Azərbaycanda siyasi sabitliyi pozmağa cəhdlər göstərmişdi. Bu gün AXCP(i) sədri Ə.Kərimovun İranın xüsusi xidmət orqanlarına çalışan, xəyanətkar mövqe nümayiş etdirən bir şəxslə iş- birliyinə getməsi arxasında da müəyyən bu kimi məqamların dayanması şəksiz olaraq sübuta yetməkdədir.
Keçirilməsi nəzərdə tutulan tədbirdə radikal dini qurumlarla yanaşı, "Azərbaycan İslam Partiyası"nın rəhbərləri də da iştirak edəcək. Maraqlıdır ki, Dağıstan və Çeçenistanda fəaliyyət göstərən, qanunsuz silahlı birləşmələrdə qruplaşaraq terrorçuluq əməllərinə rəvac verən vəhhabilərin, Əfqanıstanda və digər Şərq ölkələrində qanlı təxribatlar törədən "Taliban" terrorçu hərəkatının, onlardan heç də geri qalmayan nurçuların, radikal şiələr hesab edilən və terrorçuluq əməlləri ilə Livandan tutmuş Fələstinədək "ad çıxaran" İran meyilli "Hizbullah qarşısında AXCP (i) sədri Ə. Kərimov hansı çıxışı edəcək ?
Əslində, bu sualın cavabı məlumdur. O da məlumdur ki, aprelin 2-də keçirilməsi nəzərdə tutulan "etiraz aksiyasında" yuxarıda adları çəkilən və xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri, onların AXCP (i) ilə birgə dağıdıcılığa, iğtişaşlara, ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş qeyri-qanuni fəaliyyət məsələləri müzakirə olunacaq. Və əslində, Ə.Kərimovdan, eləcə də, digər radikal müxalifət "liderlərindən" bundan başqa heç nə gözləməyə dəyməz. Çünki onların xəmirləri yalnız və yalnız xəyanət, satqınçılıq, ona-buna agentlik etməklə sırınmaq üzərində yoğrulub. Lakin bir mühüm amili də yaddan çıxarmamağı bu ünsürlərə tövsiyə etmək lazımdır. Bu, xalqın onlara qarşı ilan antipatik və xroniki nifrətidir. Ona görə də kim və nə olmalarından asılı olmayaraq, əminliklə deyə bilərik ki, GƏLƏCƏKLƏRİ VARSA, GÖRƏCƏKLƏRİ DƏ VAR, ÇÜNKİ XALQIN NİFRƏTİ VƏ HİDDƏTİ ŞİDDƏTLİ OLUR!