Bu gün Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması üçün əsaslı baza yaradıb. İctimai-siyasi sabitliyin bərqərar olması ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da möhkəmləndirib. Bu isə, onu deməyə əsas verir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı hərtərəfli uğurlara doğru inamla aparır.
Amma sosial-iqtisadi və ictimai-siyasi həyatda əldə edilmiş nailiyyətlərin fonunda Azərbaycanın sabit ölkə olaraq, inkişaf etməsi bəzi yerli və xarici qüvvələri ciddi narahat edir. Bu qüvvələr sapı özümüzdən olan baltalardan istifadə etməklə sabitliyi anarxiya ilə əvəzləməyə çalışırlar. Amma onların hər bir cəhdində xalq-iqtidar birliyi öz sözünü deyir və nəticədə qərəzli qüvvələrin cəhdləri boşa çıxır.
ANARXİYA VƏ XAOSU YENİDƏN QAYTARMAQ İSTƏYƏNLƏR
Bu gün demokratiya donu altında gizlənən, Yaxın Şərq və Şimali Afrika hadisələrindən iştahası açılmış və ən nəhayət, özünü müxalifət kimi qələmə verən radikallar 1990-cı illərin əvvəllərindəki vəziyyəti - anarxiyanı, xaosu, özbaşınalığı yenidən qaytarmağa cəhd göstərirlər. Özlərini "demokratik liderlər" kimi qələmə verən İsa Qəmbərov, Əli Kərimov kimilər öz keçmişlərini unudaraq, indi hamıya demokratiya, idarəçilik dərsi keçməyə çalışırlar. Siyasi və iqtisadi müstəviləri, ictimai-sosial vəziyyəti düzgün qiymətləndirib doğru nəticə çıxara bilməyən bu radikallar nə qədər gülünc olsa da, düşünürlər ki, Azərbaycanda Yaxın Şərqdəki hadisələr təkrarlana bilər. Bəli, qeyd etmək olar ki, bu gün Yaxın Şərq və Şimali Afrika ölkələrinin bəzilərindəki vəziyyət - aclıq, səfalət, özbaşınalıq, hətta vətəndaş müharibəsi Azərbaycanda da mövcud olub. Amma bu vəziyyət elə məhz radikalların hakimiyyətdə olduqları 1992-1993-cü illərdə yaşanıb. Ola bilər hazırda bu radikallar həmin vəziyyəti yaddan çıxarıblar. Bu yaddaşsızlığın isə əsas səbəbi odur ki, həmin dövrdə ağır vəziyyətin acısını ancaq xalq görüb və həmin ağır günləri bu gün də xatırlayır. Azərbaycan cəmiyyəti çox yaxşı xatırlayır ki, müxalifət öz hakimiyyətini rüşvətxorluğa, korrupsiya hallarına, özbaşınalığa görə necə tənqid edirdi. Və ya bu gün heç kəs unutmayıb ki, o zaman müxalifət nümayəndələri bir-biri haqqında kompromat məlumatları mətbuata ötürürdü. Hətta gənc nəsil belə şahidi olub ki, necə radikal müxalifət 2000-ci ildə hakimiyyətə sığınmaq üçün bir-birinə qarşı mübarizə aparırdı.
RADİKALLAR 20 YANVAR VƏ XOCALI FACİƏLƏRİNDƏN İSTİFADƏ EDƏRƏK HAKİMİYYƏTƏ GƏLMİŞLƏR
Özünü demokrat kimi qələmə verən radikalların nümayəndələrindən danışaq. Məgər 1992-ci ildə müxalifət hakimiyyətdə olduğu zaman ölkədə baş vermiş olayları, onların bir sıra antimilli oyunlarda iştirak etməsini, eyni zamanda, Azərbaycan dövlətinin inkişafına və xalqımızın rifahının yüksəlməsinə xidmət edən layihələrin əleyhinə danışmasını kimsə unudub? Əlbəttə, yox. Radikallar 20 Yanvar və Xocalı faciələrindən istifadə edərək, hakimiyyətə gəlmişlər. Onların səmimiyyətinə necə inanmaq və onların arxasınca getmək olar? Müxalifətin bəzi nümayəndələrinin ətrafında qəzetçilik prinsiplərinə ləkə gətirən, Qənimət Zahidovun və Azər Əhmədovun "Üç palma" restoranında Azər Əhmədovun öz yaxın qohumu ilə eşq-məhəbbət macərası yaşaması və digər qeyri-etik sərgüzəştlərin aktiv iştirakçıları olan adamların toplaşması onun hansı keyfiyyətlərə sahib olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu radikallar öz maraqlarını hər şeydən üstün tutduqlarından, partiya və ideyadaşlarının prinsiplərini hər an satmağa hazır olduqlarından onların ətrafında bu gün, demək olar ki, heç kəs qalmayıb. Hər gün inqilab və çevrilişdən dəm vururlar. Qəzet səhifələrinə də heyifləri gəlmədən səhifə-səhifə müsahibələr dərc edirlər. Bəs inqilabı kimlərə edəcəklər bunlar? Məgər bir "lider", onun qohumları və qəzetlərində çalışan müxbirlərlə inqilab etmək olar? Radikallar özləri də yaxşı başa düşürlər ki, onlara Azərbaycan cəmiyyəti dəstək verməyəcək. Çünki bu günə qədər bu cür "inqilabların" həyata keçirilməsi üçün müxtəlif adda birliklər yaradılıb. Amma sonradan bəlli olub ki, bu birliklər hansısa xarici təşkilatdan qrant almaq üçünmüş. Bununla da, öz ətrafındakıları da aldadaraq, maddi maraqlarını əsas tutan radikallar bu cür hərəkətlərinə görə tək qalıblar.
RADİKALLAR XALQIN DƏSTƏYİNDƏN MƏHRUMDUR
İndi də, radikal müxalifət ortaya "İctimai Palata" oyununu atıb. Yəqin ki, bu gün bu "palataya" dəstək verənlər əvvəlki hadisələri yaddan çıxarıblar. Ona görə də, "DUH", "SİDSUH", "Azadlıq" və s. bu kimi qurumların hansı çirkin məqsədlərə xidmət etdiyini heç kəs unutmayıb. Gürcüstan, Ukrayna, Qırğızıstan hadisələrindən sonra "hakimiyyətə gəlirik" şüarı ilə insanları aldatmış radikallar Azərbaycan xalqının dəstəyindən tamamilə məhrumdurlar. Bunların bundan sonra, nəinki "inqilab" etmək, hətta hansısa tədbirə 5-10 nəfər yığmağa imkanları olmayacaq. Çünki insanlar sabit və dinamik inkişaf edən Azərbaycan istəyir, radikalları isə saxta ideyalarının reallaşmasına imza atmaq niyyətində deyillər. Ən azından sonuncu "aksiya" bunu əyani şəkildə sübut etdi.