PDF Oxu

Müxalifət

  • 20

Müxalifətin yeni fəaliyyət sahəsi- siyasi şou-biznes

Müxalifətin yeni fəaliyyət sahəsi- siyasi şou-biznes

Ötən həftə radikal müxalifət partiyaları Azərbaycanda qarışıqlıq yaratmaq, iğtişaşlar törətmək cəhdləri ilə yadda qaldı. Bəzi müxalifətçi gənclərin siyasi liderlərindən aldığı tapşırıqla Bakının mərkəzi hissələrində iğtişaşlar yaratmaq cəhdlərinə ictimai dəstək gəlmədi. Lakin buna baxmayaraq, 10-15 nəfərlik dəstə kifayət qədər artistlik edə bildi və ictimaiyyət üçün açıq konsert verdi. İnsafən, bu şou-tamaşa pulsuz olduğundan xeyli mətbuat nümayəndəsi yığılmışdı və bu, müxalifət mətbuatında yayımlanan və kütləvi xalq etirazı başlığı ilə təqdim olunan foto və videolarda aşkar görünür.
Azərbaycanda iğtişaş yaratmaq planları baş tutmadı

Ərəb ölkələrində baş verən hadisələr müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərində ciddi qarşıdurma yaratmaq niyyətindən xəbər verir. Beləliklə, ərəb ölkələrində gedən son proseslərin hardan qaynaqlandığı, komandanın kimlərdən gəldiyi hər kəsə məlumdur.
Anormal hal odur ki, proseslər xalqların istəkləri əsasında deyil, qlobal bir gücün təşkilatçılığı və gizli dəstəyi ilə başlanır. Bəhanə olaraq, demokratiya və sosial problemlər önə çəkilsə də, əslində, məqsəd başqadır. Saxta demokratiya adı altında xalqlara və ölkələrə fəlakət ixrac olunur.
Düzdür, bu, ölkələrin bəzisində ağır sosial-iqtisadi problemlər var. Amma bu halda öz ölkələrinin və dövlətlərinin taleyini xalqların özü müəyyənləşdirməlidir. Kənardan idarə olunan daxili qarşıdurma, vətəndaş müharibələri belə ölkələrin vəziyyətini daha da pisləşdirir.
Azərbaycan bəzi ərəb ölkələri kimi qeyri-demokratik dövlət, əhalisi təhsil və dünyügörüşü zəif olan, yoxsulluq içində yaşayan ölkə deyil. O üzdən də belə planlar burda iflasa uğrayır. Düzdür, bu planların sayı-hesabı yoxdur, amma hamısının oxşar cəhəti (daxili parçalanmaya cəhd) və məntiqi sonluğu (iflas) var.
Bu kimi planların vaxtı keçib, bir zamanlar dünyanın ən böyük dövlətini- Sovet İttifaqını məhz etnik zəmində qarşıdurma yaratmaqla dağıdan Qərb indi bu taktikanı hər yerdə tətbiq etməyə çalışır. Azərbaycanda da, son illərdə müxtəlif planları həyata keçirməyə cəhdlər edildi.
Gah etnik münasibətləri qızışdırmaqla ölkəni parçalamaq istədilər- xalqımız buna getmədi, gah dini zəmində münaqişələr yaratmağa çalışdılar- cəmiyyət imkan vermədi, sonra siyasi zəmində qarşıdurma yaratmağa çalışdılar- bu dəfə hakimiyyətlə xalq həmrəylik nümayiş etdirdi və bu plan da iflasa uğradı.
Radikal müxalifət yeni fəaliyyət sahəsi kəşf edib- siyasi şou-biznes. Bu fəaliyyət növü bundan ibarətdir- xarici anti-Azərbaycan dairələrdən alınan qrantlardan beş-on qəpik bir qrup idealist gəncə verilir və onlar paytaxtın mərkəzində pulsuz şou-tamaşalar verirlər. Burada 2-3 udan tərəf var- tamaşaçılar (xalq) pulsuz konsertə baxmaq imkanı əldə edir, sponsorlar məmnun qalır, müxalifət liderləri isə pul qazanır. Uduzan isə aktyorlardır, çünki onlar səmərəli işlərlə məşğul olsalar, daha çox uğur və pul qaza bilərlər, nəinki siyasi dələduzların əlində istimar olunmaqla.

Azərbaycanın sürətli inkişafı bəzi dairələri narahat edir

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, güclənməsi və beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsi, deyəsən, xarici anti-Azərbaycan dairələrini və onların tapşırıqlarını icra edən radikal müxalifəti yaman narahat edir. Ona görə də, xarici anti-Azərbaycan dairələrin tapşırığı ilə radikal müxalifət ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindədir.
Radikal müxalifəti Azərbaycanın gələcəyi, demokratik, sürətli sosial-iqtisadi inkişafı deyil, hansı yolla olursa-olsun, hakimiyyətə gəlmək düşündürür. 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək hakimiyyəti silah gücünə zəbt etmiş qüvvələr yenidən bu metoddan yararlanmağı düşünürlər.
Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal müxalifət ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Bu məqsədlə öz psevdoekspertlərinin, müxalifət funksionerlərinin əsassız iddialarından, anti-Azərbaycan dairələrin tapşırığı ilə xarici mətbuatda dərc olunan qərəzli materiallardan, "Facebook" kimi sosial şəbəkələrdən geniş istifadə olunur.
Maraqlı orasıdır ki, hələ ərəb ölkələrində qarışıqlıq və qiyamlar başlandığı vaxtdan "Facebook" sosial şəbəkəsində bir sıra virtual "qəhrəman"lar fəal təbliğat aparır, gəncləri ölkə hakimiyyətinə qarşı birləşməyə çağırırdı. Lakin araşdıranda məlum oldu ki, bu şəxslərin çoxu Avropa və ABŞ-dan şəbəkəyə girir və Azərbaycandakı gənclərin siyasi etiraza cəlb olunmasına çalışırlar.
Amma bu cəhdlər heç bir nəticə vermir. Çünki Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara cəlb ola biləcək hal yoxdur. Belə hallar sosial-iqtisadi problemlərin gücləndiyi, əhalinin sosial durumunun günü-gündən pisləşdiyi, demokratik azadlıqların təmin olunmadığı, avtoritar üsul-idarə hökm sürdüyü ölkələrdə ola bilər, Azərbaycanda isə tam fərqli mənzərə müşahidə olunur.

Xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur

Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan son illərin ən sürətlə və dinamik inkişaf edən ölkəsinə çevrilib. Azərbaycanda insanların həyat səviyyəsi günü-gündən yüksəlir, əmək haqları, pensiyalar, digər sosial ödəmələr artırılır. Bütün sosial təbəqələr dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Azərbaycanda neqativ hallarla, o cümlədən, bütün ölkələrdə az və ya çox dərəcədə mövcud olan rüşvətxorluq, korrupsiya, inhisarçılıq, süründürməçiliklə mübarizə gücləndirilir və artıq əhali bunun effektini gündəlik həyatında hiss etməyə başlayıb.
Ölkəmizin şəhər, qəsəbə və kəndləri abadlaşır, bütün sosial-iqtisadi infrastruktur yeniləşir və müasirləşir. Azərbaycanın ordu potensialı güclənir, müasir, təminatlı, mobil Silahlı Qüvvələr Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımız çərçivəsində həllinə təminatı gücləndirir.
Getdikcə dövlətimizin beynəlxalq nüfuzu artır, ölkəmiz regionda həlledici sözə malikdir və dünyada baş verən proseslərə təsir imkanları genişlənir. İndi artıq xalqla hakimiyyət arasında möhkəm, sarsılmaz birlik yaranıb. Ölkədə dini, etnik zəmində anlaşma və yüksək tolerantlıq mühiti yaradılıb. Azərbaycan iqtisadi inkişafına, qüdrətli ordusuna, xalqın sosial durumuna, strateji maliyyə ehtiyatlarına, şəhər və kəndlərinin müasirliyinə, abadlığına görə dünyada ən yaxşı ölkələrdən birinə çevrilir.
Bir sözlə, Azərbaycan artıq öz yolunu seçib- bu, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaq, əhalinin rifahını daha da yüksəltmək, sivil, demokratik bir ölkə kimi dünyada öz layiqli yerini tutmaqdan ibarətdir.

Radikal müxalifətin bəhanələri tükənib

Maraqlı orasıdır ki, hakimiyyət ölkədə siyasi və iqtisadi islahatları uğurla həyata keçirməklə müxalifətin bütün bəhanələrini əlindən alıb. Yalnız sonuncu tutağac var idi ki, ölkədə müəyyən korrupsiya halları var. Düzdür, dünyada elə bir ölkə yoxdur ki, orada belə hallar olmasın.
Amma Azərbaycan hakimiyyəti korrupsiyanın qarşısını tamamilə almaq əzmindədir və son vaxtlar bu istiqamətdə səylər daha da güclənib. Qısa müddətdə ölkədə rüşvət halları və digər neqativ hallar aradan qaldırılıb, yüzlərlə dövlət məmuru həbs olunub, işdən azad olunub. Beləliklə, müxalifətin əlindən sonuncu bəhanə də alınıb.
Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını görür və bu halın onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk edirlər. Onlar xarici anti-Azərbaycan dairələri ilə işbirliyini gücləndirərək kütləvi aksiyalar yolu ilə cəmiyyəti iflic etmək, inkişaf prosesini əngəlləmək, ölkədə xaotik vəziyyət yaratmaq istəyirlər.
Mətbuatda ağız dolusu xalqın onları dəstəklədiyini iddia edən siyasi dələduzlar dəfələrlə fiaskoya uğrasalar da, bu, onlara dərs olmayıb. Çünki əsas məqsəd xalq üçün nəsə etmək deyil ki, əsas məsələ ölkədə iğtişaş və qarışıqlıq yaradıb, hakimiyyətə gəlməyə cəhd etməkdir.
Beləliklə, aydın olur ki, mitinq, piket tərəfdarları Azərbaycanın inkişafını, parlaq gələcəyini istəməyən, xalqımıza, dövlətimizə, mövcud stabilliyə qarşı çıxan antimilli qüvvələrdir. Ölkənin hüquq-mühafizə orqanları, polis stabilliyi pozmaq, Azərbaycanı qarşıdurma və xaos meydanına çevirmək istəyən qüvvələrin bu cəhdlərinin qarşısını sərt şəkildə almalı, cəmiyyət də onlara layiq olduqları yeri göstərməlidir. Bu prosesin başında duran şəxslər məsuliyyətə cəlb olunmalı, onların barəsində lazımi tədbirlər görülməlidir.

Digər xəbərlər