Azərbaycanın sürətli inkişafı, beynəlxalq nüfuzunun artması bir sıra daxili və xarici qüvvələri ciddi narahat edir. Günü-gündən artan iqtisadi imkanlarımız ölkəmizin siyasi arenada malik olduğu mövqelərinin daha da güclənməsinə səbəb olur. Artıq dünyada gedən iqtisadi rəqabət mühitində, ölkəmizin aparıcı yerə sahib olması onun bütün məsələlərdə də qəti mövqeyinin möhkəmlənməsini təmin etmiş olub. Məhz buna görə də, artıq regional və beynəlxalq əhəmiyyətli iri layihələr Azərbaycanın iştirakı olmadan reallaşa bilmir. Eyni zamanda, ötən il dünyada baş vermiş qlobal maliyə böhrandan özünü tamamilə qoruya bilmiş ölkə nümunəsində Azərbaycanın iqtisadi balansı təmin etməsi beynəlxalq ictimaiyyətin böyük diqqətinə səbəb olub. Bu amil isə hələ də, bir çox hallarda anti-Azərbaycan mövqeyində qalmış qüvvələrin narahatçılığına səbəb olur.
Elə bu məqsədlə də, həmin qüvvələr ölkə daxilindəki müəyyən dayaqlarından, konkret olaraq, müxalifətin məkrli niyyətindən istifadə edərək, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Onlar elə bu çirkin niyyətlərini reallaşdırmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verməklə Azərbaycanda müəyyən dərəcədə gərginlik yaradıb, bunu beynəlxalq arenada bir şou kimi təqdim etmək niyyəti güdürlər.
Sosial bazasını tamamilə itirmiş müxalifət donorlara üz tutub
Artıq 20 ilə yaxındır ki, müxalifətçilik adı altında bir sıra xoşagəlməz prinsiplərdə ad çıxarmış radikal müxalifət partiya rəhbərləri son vaxtlar dırnaqarası aktivlik göstərmək iddiasına düşüblər. Tamamilə xarici donor təşkilatlarının asılılığında olan müxalifət partiyalarının ölkədə mövcud ictimai-siyasi proseslərə təsir etmək imkanlarının sıfıra bərabər olduğunu hər kəs çox gözəl bilir. Amma bütün bunları sanki qulaqardına vuran və ancaq öz konnektur maraqlarını güdən müxalifət yetkililəri məhz havadarlarından almış olduqları maddi və mənəvi dəstəkdən "fəal" görüntü nümayiş etdirirlər. Digər bir tərəfdən isə yaxın Şərq ölkələrində gedən ictimai-siyasi proseslərdən "ruhlanan" radikal müxalifət xaricdəki bəzi anti-Azərbaycan dairələrin dəstəyi ilə sabitliyi pozmaq, ölkədə qarşıdurma yaratmağa, Azərbaycanı ötən əsrin 90-cı illərindəki anarxiya və xaos mühitinə sürükləmək istəyir. Onlar, sadəcə olaraq, bir məntiqi unudurlar ki, indiki şərait insanların düşüncəsində baş vermiş müsbət dəyişikliklər, cəngəllik təfəkküründən hələ də, qurtula bilməyən müxalifətə layiq olduğu yeri çoxdan göstərib.
Aram Manukunyan İsa Qəmbərova vəd etdiklərini yerinə yetirməyə çalışır
Ötən əsrin 90-cı illərindəki anarxiya və xaosdan sui-istifadə edərək hakimiyyətə gəlmiş bugünkü radikal müxalifət ünsürləri hələ də, öz mövcudluqlarını cəmiyyətə sırımağa çalışırlar. Az qala mənsub olduqları düşərgədə, yəni radikal müxalifət düşərgəsində özlərini "ana müxalifət" kimi qələmə verən Müsavat başqanı İsa Qəmbərovun məkrli niyyətinin arxasında hansı çirkin əməlin dayandığı hər kəsə bəllidir. Almaniyada Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla qarşılıqlı əməkdaşlıq barəsində müqavilə imzalayan və bunun müqabilində öz şəxsi maraqlarını önə çəkən Müsavat başqanı İ.Qəmbərov yenidən "kölgə siyasətinə" əl atmağa çalışır. O, bu məqsədlə bir neçə dəfə xarici havadarları ilə yaxın və virtual münasibətdə olaraq yeni göstərişlər almaqla Azərbaycandakı möhkəm ictimai-siyasi sabitliyə zərbə vurmağı planlaşdırırdı. Amma bu dəfə də, İ.Qəmbərova cəmiyyətin sərt iradəsi öz yerində oturmaq üçün bəs etdi. Hətta onun bir neçə gün öncə hay-küylə təqdim etmək istədiyi qondarma aksiyasına tərəfdarları gəlmədilər. Bu isə açıq şəkildə onu göstərir ki, İ.Qəmbərov ətrafında qalmış üç-beş nəfəri də artıq itirib.
AXCP-ni dağıdan, Əbülfəz Elçibəyi partiyanın idarəçiliyindən kənarlaşdıran, onun haqqında kompromat xarakterli məlumatları mətbuata ötürən Əli Kərimov idi
Vaxtilə AXC-Müsavat hakimiyyətində mühüm vəzifələr tutan indiki müxalifət hesab edirlər ki, xalq yaxın keçmişdə baş verənləri, onların ölkəni fəlakətə doğru necə sürüklədikləri dövrü artıq unudub. Ə.Kərimov 1992-ci ildə Prezident Aparatında keçirilən müşavirədə öz hakimiyyətlərini necə amansız tənqid etdiyini, buraxılan səhvlər, korrupsiya, rüşvətxorluq, hərc-mərclik və anarxiya nəticəsində ölkənin hansı faciələrlə üz-üzə qaldığı barədə dediklərini nə tez unudub?! Çünki Ə.Kərimov o vaxt hakimiyyətlərinin yarıtmazlığından istifadə edərək, bir çox əlavə imtiyazlar da qoparmağı düşünürdü. Elə bu məqsədlə də, indiki AXCP (i) sədri o vaxt özünün lideri hesab etdiyi Əbülfəz Elçibəyə qarşı provakasiyalar həyata keçirirdi. Məhz sonradan Ə.Kərimov tərəfindən lideri adlandırdığı şəxsin yaratmış olduğu partiyanın, yəni AXCP-nin parçalanmasının də həyata keçirilməsi bu gün ortaya çıxan bütün sualların ən açıq cavabıdır. Reallıqda isə AXCP-ni dağıdan, Ə.Elçibəyi partiyanın idarəçiliyindən kənarlaşdıran, onun haqqında kompromat xarakterli məlumatları mətbuata ötürən Ə.Kərimov idi. Məhz həmin vaxt ancaq qızışdırıcı proseslərin başında dayanan, münaqişələri daha da alovlandıran Ə.Kərimov bu gün cəmiyyətə özünü huri-mələk kimi təqdim edə bilməz. Çünki onun hansı əməllər sahibi olduğunu gənclər görməsələr də yəqin eşidiblər. Yaxşı olardı ki, gənclər öz böyüklərindən, ətraflarında olan təcrübəli insanlardan Ə.Kərimovun "kim" olduğunu soruşsunlar.
Əli Kərimov və onun yaxın ətrafı - Qənimət Zahid, Azər Əhmədov öz "əməllərindən" utanmadan hələ cəmiyyətə əxlaq və mənəviyyat dərsi keçməyə çalışır
Digər bir tərəfdən isə 2000-ci ildə hakimiyyətə sığınaraq, parlamentə gedən və Müsavata, Ə.Elçibəyin tərəfdarlarına qarşı mübarizə aparan, 2005-ci ildə isə parlamentdə təmsil olunmuş Müsavatı hakimiyyətə satılmaqda ittiham edən Ə.Kərimovun səmimiliyinə inanmaq sadəlövhlükdür. Maraqlısı odur ki, özünü dırnaqarası demokrat adlandıran və bir çox hallarda sürətli nitqlər söyləməkdə diqqət çəkməyə çalışan Ə.Kərimov Ə.Elçibəyin dövründəki AXCP funksionerləri onun yanından hansı səbəblərdən uzaqlaşıblar? Başqa bir rakursdan isə Ə.Kərimov tərəfdarları ilə aksiyalar keçirməyi, hələ bir qədər də irəli gedərək, "inqilaba" hazırlaşdığı bildirilir. Belə olan halda isə, sual olunur ki, yəqin elektoratı, ictimaiyyətdə tanınan funksioneri olmayan AXCP (i)-nin sədri "Azadlıq" qəzetinin müxbirləri ilə inqilab etmək niyyətindədir. Hərçənd ki, qəzetdə dərc olunan cızmaqaraların da əksəriyyəti ona məxsusdur. Öz reputasiyası çirkli olan Ə.Kərimov və onun yaxın ətrafı - Q.Zahid, A.Əhmədovun "əməllərindən" ("Üç palma" restoranı, bu yaxınlarda A.Əhmədovun seksual sərgüzəştləri) utanmadan hələ cəmiyyətə əxlaq və mənəviyyat dərsi keçir, hakimiyyəti nədəsə ittiham etməyə çalışırlar.
AXC-Müsavat cütlüyü 1990-cı il 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək, hakimiyyəti silah gücünə zəbt etmişdi
Eyni zamanda, Müsavat başqanı İ.Qəmbərov hakimiyyətdə olduğu dövrdə xalqın başına açılan oyunlardan, 1992-ci ildə günahsız adamları güllələtdirməsindən, DTK-nın agenti olması barədə çoxsaylı ittihamlardan, Azərbaycanın milli maraqlarına cavab verən layihələrin əleyhinə çıxmasından (BTC), Müsavat funksionerlərinin PKK ilə əlaqələrindən, xarici anti-Azərbaycan dairələri ilə əlaqə və işbirliyindən və bu kimi çoxsaylı günahlarından da danışsa, daha səmimi görünər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, onun ermənilərlə və anti-Azərbaycan mövqeli qüvvələrlə iş birliyi İ.Qəmbərovun niyyətini bir daha açıb göstərir. Bütün bunların müqabilində isə İ.Qəmbərovdan soruşmaq lazımdır ki, Sülhəddin Əkbər, İbrahim İbrahimli, Qabil Hüseynli və başqaları niyə Müsavatdan istefa verdilər? Müsavatdan istefa verən adlarını sadaladığımız şəxslər sonrakı açıqlamalarında bu addımlarını İ.Qəmbərovun niyyətinə qarşı olduğunu bildirmişdilər.
Çünki adlarını sadaladığımız AXCP (i) sədri Ə.Kərimov və Müsavat başqanı İsa Qəmbərov 1990-cı il 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək, hakimiyyəti silah gücünə zəbt etmiş iqtidarın aparıcı simaları olublar.
Müxalifət düşərgəsində yaradılmış təşkilatların hədəfi qrant qoparmağa hesablanıb
Müxalifət düşərgəsində bu günə kimi "DUH", "SİDSUH", "Azadlıq" və s. bu kimi qurumlar, birliklər təsis edərək, xalqı "hakimiyyətə gəlirik" iddiası ilə aldadan, lakin sonda iflasa uğrayaraq ictimai qınağa səbəb olan bu siyasətbazlar uzun illərdir ki, rəhbərlik etdikləri partiyaların sükanını əldən vermir, bu qurumları öz qazanc mənbələrinə və iş yerlərinə çevirirlər. Demokratiyadan, hakimiyyət dəyişikliyindən gen-bol danışan bu radikal müxalifət başçıları "İctimai Palata" adı almış qurumu gen-bol təbliğ etməklə belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya burada cəmiyyətin tanınmış və aktiv üzvləri cəmləşib. Lakin yarandığı gündən "İctimai Palata" adı almış bu qurumun digərlərinin aqibətini yaşayacağı heç kimdə şübhə doğurmur. Çünki bu təşkilatda təmsil olunan və aparıcı "güc" kimi təqdim olunan Ə.Kərimov və İ.Qəmbərov bu günə kimi diletant, öz fikri olmayan və digərlərinin sifarişlərini yerinə yetirən, indiyə kimi bir dəfə də səmərəli təklif irəli sürməyən şəxslər kimi tanınıblar. Xaricdən aldığı tapşırığa uyğun olaraq millətçidən liberala çevrilən və ya ermənilərlə müqaviləyə qoşulan İ.Qəmbərovun fəaliyyəti buna əyani sübutdur.