"İctimai Palata" öz adı ilə, əslində, heç nəyi ifadə eləmir." Bu barədə fikirləri mətbuata yayan Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev son zamanlar ona qarşı olan hücumlardan sonra bu tərzdə danışmağa başlayıb.
O, mətbuata açıqlamasında qurumun təsisçilərinə qarşı daha ciddi tədbirlərə əl atacağını da gizlətməyib. Bu cür halların intensiv xarakter alması isə bir faktı sübuta yetirir: narazı "elektoratı" ya razı salmaq, ya da ki, onların başını qatmaq üçün qurumun ara-sıra toplantılarını keçirmək. Arada nüanslar mövcuddur ki, bu da təkcə Müsavat partiyasının adı ilə bağlı deyil, eyni zamanda, bu təşkilatda "sükanı" ələ almağa cəhd edən A.Hacıyev məsələsidir. Yəni müşahidələr göstərir ki, Müsavat "İctimai Palata"nın "möhkəmlənməsində" və burada mövqe sahibi olmaqda daha çox maraqlıdır. Artıq məlumdur ki, Müsavat partiyasına AXCP (i)-nin Müsavatdan kənar bloka qoşulmasını arzulamırlar. Müsavat səlahiyyətliləri cəhd edirlər ki, bu quruma daha çox özlərinə yaxın şəxsləri, "inanılmışları" üzv etdirsinlər. "İctimai Palata"nın son toplantısında yaranan narazılıq və qarşıdurmalar da elə bununla bağlı olub. "İctimai Palata"nın son toplantısında AXCP (i) tərəfi Hacıyevi çətin vəziyyətə saldı. A.Hacıyevin Müsavatda mərkəzi icra aparatının rəhbəri olduğunu da nəzərə alsaq, onun "İctimai Palata"nın toplantılarına mane olacağı başadüşüləndir. A.Hacıyev, məsələn, "qərargahda təmir gedir" və ya "zal toplantıya hazır deyil" kimi süni bəhanələri ilə ora gələnləri zala buraxmaya bilər. Bu, məsələnin texniki tərəfidir. Lakin bunun başqa tərəfi də var ki, A.Hacıyev və tərəfdarları sosial şəbəkədə "İctimai Palata" əleyhinə təbliğat apara, qurumu bütövlükdə gözdən sala bilərlər. Artıq bunun üçün həmin şərait yetərincə yaranıb. Əldə olunan digər məlumatlara görə, Müsavatın A.Hacıyev qanadı gələn həftədən etibarən "İctimai Palata" əleyhinə genişmiqyaslı təbliğata başlayacaq, qurumu müsavatçılara AXCP (i)-nin yarı qurumu kimi təqdim edəcək. Düşərgədaxili rəydə isə "gizli qüvvələrə işləyənlərin qurumu" kimi izah edəcək. A.Hacıyevin məqsədi Müsavatın may ayına planlaşdırdığı qurultayına kimi "İctimai Palata"nı məhv etməkdir. AXCP (i) və "İctimai Palata"nın digər təsisçiləri isə qurumun "ayaqda qalmasında" maraqlıdır. Bu baxımdan onların da Müsavatın A.Hacıyev qanadına qarşı hücuma keçəcəyi gözlənilən hadisələrdən biridir.
Gəncliyin cəngəllik təfəkkürlü müxalifətçilərin yanında olması mümkün deyil
Radikal müxalifət düşərgəsində özlərini "aparıcı", "ana müxalifət" kimi təqdim edənlər nisbətən kiçik partiyalara, daha doğrusu, "cırtdan" müxalifət qurumlarına qarşı əməlli-başlı sərt iradə nümayiş etdirirlər. Yeni yaranmış və yaxud müəyyən bir dövr yol keçmiş nisbətən zəif durumda olan müxalifət partiyalarının bu cür hücumlara məruz qalması onların tezliklə sıradan çıxmasını da labüd etmiş olur. Ona görə də, hazırda müxalifət düşərgəsində "hegemonluq" iddiasında olan Müsavat və AXCP (i) digər partiyaları, tədricən də olsa, sıradan çıxarmaq üçün konsepsiya işləyib hazırlayıblar. Məhz bu bədnam niyyətlərinin nəticəsində daha böyük imtiyazlar əldə etməyi və ümumilikdə, müxalifət düşərgəsinə daxil olan vəsaitləri vahid mərkəzdən qəbul etməyi planlaşdıran özlərini "iri" müxalifət partiyaları kimi qələmə verənlər əsil niyyətlərini açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Nəticə isə göz qabağındadır ki, müxalifət düşərgəsində indi, sözün əsil mənasında, təzələrlə-köhnələrin davası gedir.