Artıq bir neçə gündür ki, özlərini bir qədər fəal göstərməkdə israrlı olan bəzi müxalifət partiyaları bacarmadıqları işdən də artıq həvəsə düşüblər. Ənənəvi olaraq səsləndirdikləri "bu dəfə mitinq keçirəcəyik", "piket təşkil edəcəyik" kimi bəyanatlar müxalifətin qeyri-ciddiliyini açıq şəkildə ortaya qoymuş olub. Digər bir tərəfdən siyasətlə məşğul olan şəxsin ictimai rəyə təsir etmək naminə səsləndirmiş olduğu qeyri-obyektiv fikirləri onun öz kimliyi barəsində olan informasiyaları daha da dəqiqləşdirir.
Çünki siyasətlə məşğul olmaq üçün, ilk növbədə, möhkəm iradə, səsləndirdiyin fikirlərə cavabdehlik tələb olunur. Amma təəssüflə qeyd etməliyik ki, bu gün müxalifət düşərgəsində təmsil olunan və üzdə "siyasətlə məşğul oluruq" kimi görüntü nümayiş etdirən yetkililər əsil reallıqdan nə dərəcədə uzaq olduqlarının hələ də fərqində deyillər. Onlar, sadəcə olaraq, kənardan "mən də partiya sədriyəm" kimi görüntünün özlərinə rəva bilinməsi naminə, bu işlə məşğul olurlar. Bu isə nəticədə ağır fəsadların onların şəxsi kimliklərinin daha qabarıq formada görünməsi ilə sonlanır. Bu mənada, Müsavat başqanı postundan hələ də bərk yapışmış İsa Qəmbərovun niyyətindən baş açmaq müşkül olaraq qalmaqdadır. Çünki bu şəxs bir müddət öncə mitinq keçirəcəklərini və ümumi müxalifət birliyinin burada iştirak edəcəyini iddia edirdi. Amma zaman, həmişə olduğu kimi, bu dəfə də, onun nə dərəcədə qeyri-ciddi bir şəxs olduğunu cəmiyyətə açıq şəkildə göstərmiş oldu.
Xarici havadarları müxalifətə yeni göstərişlər verib
Hələ son parlament seçkilərindən öncə mitinqlər keçirəcəklərini, piketlər təşkil edəcəklərini bildirən başqan İsa Qəmbərov yenidən özünü biabır etməkdən belə çəkinmək istəmir. Maraqlısı isə odur ki, parlament seçkilərindən öncə İ.Qəmbərov xarici təşkilatların onlara mitinqlər və küçə yürüşləri təşkil etmək üçün maliyyə vəsaiti ayırdıqlarını etiraf etmişdi. Məhz sonradan onun Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla sövdələşmələr imzalaması bunun qarşılığanda alacağı vəsaitlər də söylənilənləri təsdiqləyən yeganə fakt deyil. Bundan əlavə, İ.Qəmbərov dəfələrlə xarici havadarlarının sifarişi və çağırışı ilə səfərlərdə olub və ona yeni formatda tapşırıqlar verilib. Sözsüz ki, salamı da pulla qəbul edən İ.Qəmbərov bu tapşırıqları onların qara qaşlarına və qara gözlərinə görə qəbul etməyib. Təbii ki, İ.Qəmbərovu razı salan əlamətlər, yəni, konkret məbləğin ödənilməsindən sonra bu halın baş verməsi şübhəsizdir. Bununla yanaşı, artıq 6 aya yaxın bir müddətdə AXCP (i) sədri Əli Kərimovla yaxın münasibətləri olan Müsavat başqanı müəyyən variantlara əl atdı ki, bu qurumu birdəfəlik nəzarətinə keçirsin. Amma nə fayda ki, onun bu arzusu elə arzu olaraq hələ də qalmaqdadır.