Reallaşmayan ümidlərin puç olması...
Ötən həftə radikal müxalifət iki aksiya keçirməyə cəhd göstərdi. Belə ki, martın 11-də düşərgədə təmsil olunan radikal təxəyyüllü "gənclərin" dırnaqarası təşəbbüsü ilə keçirilən "böyük xalq günü" adı altında sönük, 3-5 nəfərlik piketlər keçirildi. "Liderləri" tərəfindən "zombiləşdirilmiş" fərdlər paytaxtın ayrı-ayrı küçələrində müxtəlif tipli, yersiz və heç kimə lazım olmayan şüarlar səsləndirdilər.
Bunun səhərisi günü isə Müsavat partiyası "aksiya" (əslində, iğtişaş) keçirməyə cəhd etdi. Sonra radikal müxalifət düşərgəsində, daha dəqiq desək, Müsavata məxsus mətbuat səhifələrində belə qənaətə gəlindi ki, guya müxalifətçi "gənclərin səsinə-səs" vermək lazımıymış və Müsavat da buna biganə qalmayacaqmış. Məhz buradan da onların necə primitiv və əttökən ünsürlər olduğu sübuta yetirilir. Beləliklə, keçək Müsavatın qondarma aksiyalarına... "Yeni Müsavat" qəzetində qondarma aksiyanın öncədən Təbriz kinoteatrının qarşısında keçiriləcəyi bildirilsə də, sonradan onun yeri dəyişdirildi. Bildiyimiz kimi, Müsavat rəhbərləri aksiyanın guya daha "gur" alınması, sözdə "qələbəlik" olması üçün Fəvvarələr meydanını seçmişdi. Qeyd edək ki, bu "taktikanı" Müsavatın mərkəzi icra aparatının rəhbəri, təşkilatın başqanlığına iddiada bulunan Arif Hacıyev irəli sürüb. Bu minvalla A.Hacıyev cəmiyyətdə daha radikal görünmək, Müsavatın "lideri" olmaq üçün yetişdiyini göstərmək istəyir. Onu da xatırladaq ki, Müsavat partiyasının bütün rayon təşkilatları A. Hacıyevin sərəncamına keçib. Lakin onların gözlədikləri "effekt" alınmadı. Müsavat ortaya aşağı-yuxarı, təxminən 15-20 nəfər çıxara bilmişdi. Kütləvi aksiyaların keçirilməsi üçün isə bu, çox az rəqəm, minimum həddir. Lakin informasiya və texnologiya zamanında yaşadığımızdan baş verən hadisələrin necə təqdim olunması, hər hansı bir informasiyanın böyüdülüb, kiçildilməsinə səbəb olur. Son günlər Müsavat partiyasının təbliğat ruporları "Müsavatın möhtəşəm küçə yürüşlərindən", "12 mart aksiyasının paytaxtı lərzəyə gətirməsindən"(?!) yazır. Radikalların içində siyasi təşkilatlardan ilkin olaraq, iğtişaş yaratmağa səy göstərən Müsavat partiyası olsa da, qondarma "aksiyanın" uğurlu alınmasını iddia etmələri qətiyyən həqiqətəuyğunluğu özündə əks etdirmir. Yəni bu "aksiya" onların belə gözləntilərini reallaşdırmadı.
Dəstəksiz qalan
müsavatçılar
12 martda nəzərə çarpan digər nüanslardan biri isə, radikal müxalifət düşərgəsindəki daxili ziddiyyətlərin bir daha üzə çıxması, düşərgə təmsilçilərinin qarşılıqlı olaraq bir-birlərinin işlərini həzm etmək istəməmələridir. Daha dəqiq desək, "İctimai Palata"nın Müsavata dəstək verməməsi də bu sıradandır. "Palata"ya daxil olan siyasi qurumların, eyni zamanda, siyasiləşmiş QHT-lərin, eləcə də, ayrı-ayrı fərdlərin əksər çoxluğu Müsavatın "tədbirinə" çıxmadı. Ən maraqlı məqam isə AXCP (i)-nin sözügedən "aksiyaya" dəstək verməməsi oldu. AXCP (i) bu addımı ilə növbəti dəfə Müsavat partiyası ilə, bilavasitə, bu təşkilatın rəhbərlik strukturları ilə ciddi problemlərə, ziddiyyətlərə malik olduğunu, düşmənçilik mövqeyində dayandığını aşkar şəkildə sərgilədi. "Aksiyaya" cəhdin ertəsi günü-martın 13-də AXCP (i) əvvəlcədən planlaşdırılmamış, yəni növbədənkənar şəkildə tədbir keçirdi. ADP-nin qərargahına toplaşmış AXCP (i) üzvləri aprel ayının ilk günlərində keçirməyə cəhd göstərəcəkləri mitinqi müzakirə ediblər və qərara alıblar ki, "aksiya" "İctimai Palata" ilə birgə keçirilsin. Bu addım, təbii ki, Müsavata və partiyanın başında dayanmış iki adama-İsa Qəmbərovla A.Hacıyevə ünvanlanıb və AXCP (i)-nin Müsavatdan fərqlənərək, "çayda axına qarşı üzmədiyini", "İctimai Palata"nı Müsavat kimi heçə saymadığını göstərmək məqsədi daşımaqdadır. Sözügedən konfransın ardından "cəbhəçi gənclərin" sosial şəbəkədə Əli Kərimovu "ana müxalifətin lideri" kimi reklam etmələri də AXCP (i)-nin Müsavatın "aksiyasından" həzz almadığını özündə nümayiş etdirir. Yəni AXCP (i) və onun sədri Əli Kərimov 12 martda keçirilməyə cəhd edilmiş "aksiyasını" həzm etmək iqtidarında, arzusunda deyil. Cərəyan edən hadisələrin proqnozları da bunu deməyə əsas verir. Hər halda, AXCP (i) Müsavata cavab hazırlamağı düşünür və yaxın günlərdə "aksiya" keçirməyə cəhd edəcək. Bəlkə bu minvalla AXCP (i) rəhbərliyi düşərgə daxilində üzləşdiyi biabırçılığını, pərtliyini aradan qaldıracağını ümid edir. AXCP (i)-nin "İctima Palata"nın adından danışması isə bu quruma olan "hörmətindən" irəli gəlmir. Ə.Kərimov çox gözəl anlayır ki, "İctimai Palata" adlandlrılan bu qondarma qurum AXCP (i) və Müsavatın "fəallarından", sədrlərin yaxın adamlarından, qohumlarından başqa heç nə deyil və burada yalnız kağız üzərində yazılmış qeyri-standart formallıq dayanır. Qısası, Ə.Kərimov bu addımı ilə İ.Qəmbərovu ictimai rəydə "Başqan separatçılığa, avtoritarizmə meyil edir" deyə nüfuzdan salmaq istəyir. Lakin AXCP (i)-nin 12 mart "aksiyasında" Müsavata dəstək verməməsi, öz yaxasını kənara çəkməsi, hələ də "AXCP (i) müxalifətin lider təşkilatı kimdir" formatlı mənasız və gərəksiz mübarizə aparması işin xeyirini, ya da ziyanını həll etmir. Belə ki, "aksiyada" AXCP (i) üzvlərinin (məsələn, "Azadlıq" qəzetinin yazarı Mirzə Sakitin, digər "cəbhəçi" funksionerlərin) iştirakı onu deməyə əsas verir ki, "cəbhənin" də yönəltdiyi "kurs" digərlərininki kimi yanlışdır və hətta "cəbhəçilər" buna etiraz edərək, müsavatçıların böyür-başlarında hərlənib-fırlanırlar. Və əgər özlərinin müxalifətçi hesab edən radikal ünsürlər, həqiqətən də, "bir" olduqlarını nümayiş etdirmək qüdrətində olsaydılar, sözügedən "aksiyalarda" birgə iştirak etmək "bacarıqlarını" sərgiləyərdilər. Yəni ən azından ayrı-ayrı "aksiya" keçirib rəzalətə düçar olumaqdansa, biabırçılıqlarını müxtəlif vasitələrlə ört-basdır etməkdənsə, birgə mitinq keçirmək (əslində, bu, onlarda heç vaxt alınmayıb, alınmayacaq da. Çünki müxalifətin birliyi əzəldən mövcud olmayıb) daha abırlı-sanalı olardı. Heç olmasa xarici təşkilatların qarşısına çıxmağa sifətləri olardı...