Müxalifətin mitinq şousu baş tutmadı
Düşmüş olduğu ağır və çıxılmaz durumdan qurtula bilməyən radikal müxalifət partiyaları artıq qışın iki çiləsini geridə qoyduqdan sonra qış yuxusundan oyanmağa qərar veriblər. Elə bu məqsədlə də, günün işıqlı vaxtı çıraqla belə axtarılsa, tapılmayan müxalifətin bəzi qurumlarının üzlərini görüb səslərini eşitmək mümkün olur. Amma bu, o demək deyil ki, artıq müxalifət düşərgəsində münasibətlər normal müstəviyə keçib və proseslər öz axarında gedir. Sadəcə olaraq, uzun müddətdir ki, müxalifət meydanındakı boşluqdan istifadə edən bəzi şəxslərin özbaşınalıqlarına dözümlülük nümayiş etdirə bilməyən ALP və "VİP" hərəkətə keçməyin vaxtı çatdığı qənaətindədir. Ona görə də, düşərgədəki süstlüyü bu dəfə öz güclərinə pozmaq istəyində olan müxalifətin "cırtdan" partiyaları görüntü naminə addımlar atmağa başlayıblar.
Düşərgə daxilində hələ də bir-birinə qənim kəsilmiş qüvvələr
mövcuddur
Bundan əlavə, H.Kərimov "VİP" sədri Ə.Əliyevin onlara və ümumiyyətlə, müxalifətə birlik təklifində olduğunu iddia etməsinin gülüş doğurduğunu bildirib. "Çünki Ə.Əliyev bir vaxtlar müəyyən donor təşkilatlardan sifariş alıb bizləri topa tutdu. Sonra isə məlum oldu ki, ona heç vəd olunan pulun 70 faizi də çatmayıb. Amma o, yenə də, bu əməlindən peşman olmadı və bizlərə qarşı hiddətini gizlətmədi. Belə olan təqdirdə isə, onun hazırkı mərhələdə əməkdaşlıq təklifi ilə çıxış etməsi, sadəcə olaraq, ikrah hissi ilə qarşılana bilər" deyən H.Kərimov müxalifətin əməkdaşlığı prinsiplərini reallaşdırmaq üçün nə Ə.Əliyevdə, nə də ki, Ə.Temirxanda lazımi keyfiyyətlərin olmadığını da vurğuladı.
Müxalifətin "kiçik"ləri ilə "böyük"ləri yola getmir
Digər bir tərəfdən isə ALP sədri Ə.Temirxanın müxalifətə birlik təklifi ilə müraciətlərin ediləcəyini bildirdikdən sonra düşərgədəki gərginlik bir qədər də artıb. Hər bir məqamda öz rəqiblərinə qarşı düşərgə daxilində ən sərt cəza tədbirlərinə əl atmaqdan belə çəkinməyən Müsavat partiyasında, bu məsələyə loyal münasibət yoxdur. Partiya funksionerləri, xüsusilə də, Arif Hacıyev Ə.Temirxanın təklifini böyük hiddətlə qarşılayıb. O, hətta öz hirsini gizlətməyərək, "gör nə günə qalmışıq ki, Ə.Temirxan da bizə əməkdaşlıq təklifi göndərir" deyə sərt ifadələr işlədib. Hirsini bununla da məhdudlaşdırmayan A.Hacıyev Ə.Temirxanla Ə.Əliyevə onların özlərinə uyğun iş tapdığını da qeyd edib. Bildirib ki, onsuz da, hər iki şəxs siyasətlə məşğul ola-ola fermerçilikdən nə dərəcədə uzaq qaldıqlarını isbatladılar. Ona görə də, onlara məsləhətim budur ki, adıçəkilən şəxslər aidiyyatı strukturlara müraciətlər edib təsərrüfatlarını böyütmək üçün köməkliklər istəsinlər deyən A.Hacıyev müxalifətin Ə.Temirxanla Ə.Əliyevdən gələn əməkdaşlığa ehtiyacının olmadığını da dilə gətirib. Bütün bunların müqabilində isə ALP və "VİP" sədri heç də ruhdan düşmədiklərini müxalifətin bəzi ünsürlərdən təmizlənməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər. Qeyd ediblər ki, cəmiyyət artıq müxalifətin ənənəvi adlarından və iyrənc simalarından bezib. Ona görə də, vəziyyətdən yeganə çıxış yolunun məhz ənənəvi müxalifətçilikdən imtina etməkdən keçdiyini bildirən Ə.Əliyev A.Hacıyevi ayrı-seçkilik salmaqda ittiham edib. Ə.Əliyev müxalifətdə A.Hacıyev faktor olmadığını ancaq onun zorla özünü belə bir fiqur kimi gündəmə gətirdiyini bildirib.
Müasir Azərbaycan gəncliyi gerilikçi
müxalifətlə heç bir əməkdaşlığa
girə bilməz
Bütün bunlar isə, artıq bir daha onu göstərir ki, radikal müxalifət düşərgəsində özlərini "aparıcı", "ana müxalifət" kimi təqdim edənlər nisbətən kiçik partiyalara, daha doğrusu, "cırtdan" müxalifət qurumlarına qarşı əməlli-başlı sərt iradə nümayiş etdirirlər. Yeni yaranmış və yaxud müəyyən bir dövr yol keçmiş nisbətən zəif durumda olan müxalifət partiyalarının bu cür hücumlara məruz qalması onların tezliklə sıradan çıxmasını da labüd etmiş olur. Ona görə də, hazırda müxalifət düşərgəsində "hegemonluq" iddiasında olan Müsavat və AXCP (i) digər partiyaları, tədricən də olsa, sıradan çıxarmaq üçün konsepsiya işləyib hazırlayıblar. Məhz bu bədnam niyyətlərinin nəticəsində daha böyük imtiyazlar əldə etməyi və ümumilikdə, müxalifət düşərgəsinə daxil olan vəsaitləri vahid mərkəzdən qəbul etməyi planlaşdıran özlərini "iri" müxalifət partiyaları kimi qələmə verənlər əsil niyyətlərini açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Nəticə isə göz qabağındadır ki, müxalifət düşərgəsində indi, sözün əsil mənasında, təzələrlə köhnələrin davası gedir. Maraqlı məqam isə ondan ibarətdir ki, müxalifətin martın 12-də mitinq keçirəcəyini və daha çox gənclərin bu işdə fəal olacağını iddia edənlər növbəti dəfə yanlışlığa yol vermiş olurlar. Birincisi ona görə ki, bu gün istənilən müxalifət partiyasının ətrafında gənclərin çoxluğu ilə bağlı səslənən fikirlərin heç bir reallığı əks etdirmir. İkinci bir arqument isə odur ki, müasir düşüncəli, elmli və bacarıqlı Azərbaycan gəncliyi niyə də cəngəllik təfəkkürü ilə yaşayan ünsürlərin ətrafında olsun. Sonuncu bir faktor ondan ibarətdir ki, illərdir bir yerdə olduğu "dost"larını belə yanlarında sona qədər qoruyub saxlaya bilməyənlər, müasir, nisbətən də çılğın gəncliyi hansı əsaslarla öz tərəflərinə çəkə bilərlər? Ona görə də, tam əminliklə demək olar ki, bu gün müxalifət düşərgəsindəki istənilən fiqurun Azərbaycan gəncliyi adından danışmağa nə ixtiyarı, nə də ki, mənəvi haqqı çatmır.