Seçib-seçilmək və bunun müstəvisində qərar vermək insan düşüncəsinin geniş anlamda təxəyyülündən doğan məsələlərdəndir. Şüur inkişaf etdikcə, insanın vermiş olduğu qərarların da parametrlərində dəyişikliklərin olması labüd olur. Çünki istənilən formada ağıl müstəvisində verilən qərar sonradan nə dərəcədə real mənzərəni özündə cəmləşdirə bilər? Amma təəssüf və təəccüblə qeyd etməliyik ki, bu gün hələ də, müasir düşüncə tərzindən çox-çox uzaqda qalan müxalifət məfhumu Azərbaycan cəmiyyətinin bir qismi olmaq üçün cəhdlər göstərir. Onun bu cəhd və səylərinin isə nə dərəcədə özünü doğrutduğunu söyləmək bir o qədər də çətin deyil. Çünki müasir Azərbaycan gəncliyi öz bilik və bacarığı ilə ən mütərəqqi ideyalar ətrafında cəmləşib.
Əli Kərimov yenə də ətrafındakı gəncləri maraqlarına qurban verməkdədir
Sözün əsil mənasında, müxalifət düşərgəsində normal münasibətlər sistemində anlaşılmazlığın olması başa düşüldüyü qədər də anlaşılmazdır. Günün birində "holland" sindromuna düçar olanlar səhərisi gün "cəngəllik" psixologiyasını nümayiş etdirən müxalifətçilər üçün yeni metodoloji təfəkkürlərin müəyyənləşməsi hələ də davam edir. Hər dəfə olduğu kimi, bu dəfə də, AXCP (i) müxalifət sıralarındakı rəqiblərini öz "əməlləri" ilə qabaqlamağı planlaşdırır. Bir neçə gün öncə, AXCP (i) fəalının narkotik maddə ilə həbs edilməsi Əli Kərimovun "iş" taktikasının dəyişməsini özündə ehtiva etmiş oldu. Çünki bu günə qədər AXCP (i) sədri Ə.Kərimov müxtəlif "sferalarda" öz fəaliyyətinin çoxçeşidliliyini bir neçə dəfə sınaqdan keçirib. Amma təəssüfləndirici nəticələrlə qarşılanan Ə.Kərimov heç də bu "iş"də ruh düşkünlüyü yaşamadığını nümayiş etdirməyə çalışır. Elə ona görə də, insan zəkasının müəyyənləşdirə bilmədiyi sahələrdə özünü yoxlamaq qərarına gələn Ə.Kərimov artıq Ermənistandakı "dost"larının tövsiyələrinə əməl etməyin vaxtının yetişdiyi düşüncəsindədir.
Qeyd edək ki, məhz AXCP (i) sədrinin "sevimli" erməni "dost"ları başda Serj Sarkisyan olmaqla, Aram Manukunyan açıq şəkildə narkoticarətlə məşğuldur. Bunu bütün beynəlxalq təşkilatlar da təsdiqləyirlər. Artıq dünyanın aparıcı gücləri Ermənistanla mümkün qədər əlaqələrin kəsilməsində maraqlı olduqlarını da bəyan ediblər. Ötən həfət Böyük Britaniya hökuməti öz vətəndaşlarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına, yəni Dağlıq Qarabağa getməyi qadağan edən qərar çıxarıb. Bu qərarın məhz oradakı nəzarətsiz zonalarda ermənilərin narkoticarətlə məşğul olmaları ilə bağlı verildiyi də aşkarlanıb. Amma təəccüblü hal orasındadır ki, Ə.Kərimov bütün bu olub-keçənlərdən bixəbər kimi mövqe nümayiş etdirərək, hələ də əlaltılarını öz əməllərinin qurbanına çevirməkdə davam edir. Ruslan Bəşirli, Aqil Xəlil, Azər Əhmədov, Qabil Məmmədrzayevin ardınca Cabbar Savalanın "əməllərinin" ifşa olunması Ə.Kərimovun simasını yenidən ictimaiyyət daxilində faş etmiş oldu.
Bir məntiqi ardıcıllığı isə anlamaq olmur ki, hər dəfə AXCP (i)-də ilk çillənin elə ilk günlərində olaylar baş verir. Baharın ayaq səslərini özünəməxsus formada qeyd etməyə çalışan cəbhəçilər, yəqin ki, bu vaxtı özləri üçün simvolik olaraq seçiblər. Nə demək olar ki?!