Bir müddət öncə Müsavat partiyasının Divan üzvlüyündən və ümumilikdə isə partiyadan imtina edərək, buranı tərk etmiş Adil Qeybulla ötən gün yenidən geri dönmək haqqında qərar verib. Onun bir neçə gün öncə Müsavata qayıtmaq üçün müraciət etməsi ilə bağlı səslənən iddialarının nə dərəcədə gerçək olması artıq öz əksini tapmış olub. Müasavatdan Qabil Hüseynli ilə birlikdə imtina etmiş və sonradan bu addımlarını müəyyən səbəblərlə izah etmiş A.Qeybulla nədənsə, öz niyyətindən çox keçmədi ki, geri dönməli oldu. Burada maraqlı cəhətlərdən biri də odur ki, Müsavatdan imtina edərkən, bir daha bu quruma qayıtmaq barəsində düşüncədə olmadıqlarını belə iddia edənlərdən birinin dönüklüyünü cəmiyyətimiz açıq şəkildə görmüş oldu. Elə bu səbəbdən də, A.Qeybullanın əslində Müsavatdan istefa verib sonradan isə tökdüklərini yığa-yığa geri dönməsinin əsil mahiyyəti heç də təəccüblü görünmədi. Çünki Azərbaycan cəmiyyəti müxalifət düşərgəsində olanların gündə bir dona, cildə girməsini, demək olar ki, mütəmadi olaraq müşahidə edib. Ona görə də, müxalifətçidən belə bir addımın atılmasını gözləmək və gözləməmək arasında heç bir fərq yoxdur.
A.Qeybullanın timsalında cəmiyyətimiz müxalifətin dönüklüyünü, onun hər an cildini, bürünmüş olduğu maskanı necə və hansı formada dəyişdiyini açıq şəkildə görmüş oldu. Bu, heç də sirr və yaxud Marsda baş vermiş bir olay deyil ki, buna da İsa Qəmbərov başda olmaqla onun əlaltıları başqa ad qoysunlar. Bu fakt bir neçə ay ərzində insan simasında baş verən dəyişikliyin, iradə və xislətin yaz hərarətindən əriməsinin növbəti təzahürü idi. A.Qeybulla məhz Müsavatdan necə istefa verib bərəkallah qazanmışdısa, o geriyə addım ataraq, bir o qədər də, nifrətlə yüklənmiş oldu. Digər bir reallıq isə qərarsızlıq və verilmiş qərara baş qurban verməklə izah oluna bilər ki, bunu da müxalifət cəbhəsindən gözləmək tamamilə xülyadan ibarət olduğu təsdiqləndi.
Səbəbi və nəticəsi izah olunmadan belə bu bir kişinin iki ay ərzində atacağı və atmış olduğu addımla da eyni çərçivəyə sığışmır. "Eyni zamanda, buna siyasi manevr etmək kimi qondarma bir ad qoyulsa belə, nəyə getmişdin, niyə qayıtdın?" məsələsi narahatlıq doğurur. Bunun bircə adı var ki, o da dönüklüyün aldatılmışlar üzərində qələbə çalmasıdır ki, yəqin, burada da uduzan tərəf Q.Hüseynli oldu. Çünki Q.Hüseyniliyə İ.Qəmbərov salam verməyib onu saya salmayanda, məhz A.Qeybulla "qardaş, narahat olma buradan çıxıb getməyimizə az qalıb" demişdi. İndi nə baş verdi, yoxsa İ.Qəmbərovun həsrətinə dözmək A.Qeybullanı diz çökdürdü? Hər halda, bunu onun özündən başqa heç kəs yaxşı bilmir.