PDF Oxu

Müxalifət

  • 15

"ABŞ ermənilərin irəli sürdüyü Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə məsələsində var-gəl edir"

"ABŞ ermənilərin irəli sürdüyü Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə məsələsində var-gəl edir"
"İmzalanan bəyannamə onu göstərir ki, danışıqlar prosesinin gedişi ilə bağlı müzakirələr məhdud dairədə aparılıb". SİA-ya açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünə münasibət bildirərkən deyib. Danışıqların növbəti dəfə nəticəsiz qaldığını deyən ekspert bildirib ki, görüşdə sülh əldə etməyə imkan verən çərçivə sazişini müəyyənləşdirə biləcək prinsiplər ətrafında razılığın əldə edilməməsi görüşün nəticəsiz qaldığını deməyə əsas verir. Q.Hüseynli Rusiyanın da belə bir bəyanatla öz missiyasını bitmiş hesab etdiyindən təəssüfləndiyini qeyd edib: "Rusiyanın mövqeyi budur ki, məsələnin həllinə görə məsuliyyət tərəflərin üzərinə düşür. Yəni, tərəflər hansı şəkildə razılıq əldə etsələr Rusiya da bunu dəstəkləyəcək. Obyektivlik, kimin günahkar, kimin təcavüzə məruz qalması, problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi məsələləri arxa plana keçirilir. Bəyannamədə problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin, tərəflərin bu məsələlər konteksində status-kvonu saxlamağın vacibliyi əksini tapmalıydı". Xəbər verildiyi ki, martın 9-da ABŞ-ın vitse-prezidenti Cozef Bayden Moskvaya səfər edəcək. Ekspertlər isə hesab edir ki, Rusiya Soçi görüşünün nəticələri ilə bağlı ABŞ-ı məlumatlandıracaq və üçtərəfli görüşdə nəticənin əldə edilib-edilmədiyi yaxın vaxtlarda bəlli olacaq. Azərbaycan ictimaiyyətinin diqqətdə saxladığı digər bir səfər isə Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğanın yaxın günlərdə Moskvaya edəcəyi səfərdir. Ekspertlər bu səfərdə də Dağlıq Qarabağ probleminin müzakirə ediləcəyini söyləyirlər. Q.Hüseynli isə hesab edir ki, ABŞ-ın problemə münasibətində ciddi bir irəliləyiş hiss olunmur: "Ermənilərin irəli sürdüyü Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə məsələsində ABŞ var-gəl edir. Bəzən prinsipləri birləşdirmək kimi arzusunu ifadə edir. ABŞ problemin həlli ilə bağlı yetkin və beynəlxalq hüquq normalarına uyğun mövqe sərgiləyə bilmir. Türkiyəyə gəlincə, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Türkiyə baş nazirinin Rusiyaya səfəri nəticə verməsə də müəyyən faydaları ola bilər".

Digər xəbərlər