PDF Oxu

Müxalifət

  • 14

“İctimai Palata"da yeni gərginlik sindromu

“İctimai Palata"da yeni gərginlik sindromu
"İctimai Palata"da gərginlik və ziddiyyətlər davam etməkdədir. Belə ki, axır zamanlarda buradan gedən müxalifətçilərin sayında artımlar müşahidə edilməkdədir. Qondarma qurumdan son istefa addımını Şahvələd Çobanoğlu və Ənnağı Hacıbəyli atmışdır ki, bu da adıçəkilən qurumun daxilindəki prosesləri aşkar şəkildə üzə çıxarmaqdadır.
Məsələnin başqa tərəfi isə ondan ibarətdir ki, burada nəinki ağız deyəni qulaq eşitmir, eləcə də, irəli sürülən istənilən təkliflər və rəylər qəbuledilməzliyi ilə yadda qalır. Məsələn, AXCP (i) funksioneri Xaliq Bahadırın iddialarına cavab olaraq, onu "psixoz" adlandıranlar bu dəfə yuxarıda adları sadalanan Ş.Çobanoğlunu və Ə.Hacıbəylini sıradan çıxartmağa nail oldular. Eyni zamanda, burada növbəti bu cür halların baş verəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Xüsusilə, vurğulamaq mümkündür ki, qondarma qurumda "söz sahibi" imicini öz üzərinə götürməyi qət etmiş Müsavat partiyasının başqanı istədiyi funksiyaları həyata keçirməyi müxtəlif variantlarla reallaşdırmaqdadır. Demək olar ki, artıq orada kimin gələcəyinə və kimin gedəcəyinə müsavatçılar qərar verirlər. Bu isə oraya "cəmləşmiş" digər radikalların "çestinə" dəyir. Buna misal kimi parçalanmış "DUİ"-dən çıxaraq "İctimai Palata"nın yolunu tutmuş "KXCP" sədri Mirmahmud Fəttayevin oraya transferini göstərmək olar. Əgər nəzərə alsaq ki, M. Fəttayev AXCP (i) başda olmaqla həm "VİP"-in, həm AMİP-in, həm də digərlərinin qarşısında antipatik hisslər oyadıb, onda bu adamın kim tərəfindən oraya dəvət olunmasını asanlıqla anlamaq mümkündür. Yəni M.Fəttayevin qondarma quruma gəlişini İ.Qəmbərov reallaşdırıb, özü də AXCP (i) -nin əli ilə, daha dəqqiq desək, "DUİ"-ni parçalamaq yolu ilə. Kəsəsi, Müsavat başqanı "bir güllə ilə iki dovşan vurub" və istəyinə az-çox nail olub.
Bundan vəcdə gələn Müsavat başqanı növbəti "sükanı ələ alma" planını reallaşdırmağa başlayıb. Bu dəfə isə onun hədəfində Sərdar Cəlaloğlunun ADP-si və İqbal Ağazadənin "Ümid"idir. Lakin bu hədəflər ayrı-ayrılıqda müsbət və mənfi rolunu oynamaqdadır. Niyəsinə qaldıqda isə, belədir ki, AXCP (i) sədri Əli Kərimov adları hallanan iki siyasi təşkilat rəhbərini təmsil olunduğu quruma gətirməyə birtəhər razı salıb. Qurum daxilindən əldə etdiyimiz məlumatlara görə, bunun üçün bir az valyuta "tərləyən" "Yurd" şefi öz şirnikləndirici ifadələri ilə onları öz toruna salmağı bacarıb. Fəqət, bunu öyrənən Müsavat başqanı həmin planın üzərindən çalın-çarpaz xətt çəkib. Çünki İ.Qəmbərovun İ.Ağazadə ilə köhnə ədavəti mövcuddur və bu ədavətin səbəbi artıq siyasi məzarlığa gömülmüş "Azadlıq" blokunun adına bağlıdır. Xatırladaq ki, "Azadlıq" blokunun dağılmasında Müsavat başqanı birbaşa "Ümid" sədrini günahlandırıb. Bu faktı əlində "bayraq" edən başqan iddia edir ki, "İctimai Palata"nın da dağılma təhlükəsi məhz İ.Ağazadənin əli ilə gerçəkləşdirilə bilər. O cümlədən, Ə.Kərimovun bu işdə "Ümid" sədrinə dəstək verməsi fikri də başqan tərəfindən səsləndirilmiş ifadələr arasında yer alıb.
ADP sədri S.Cəlaloğluna qaldıqda isə, onun harada təmsil olunması o qədər də əhəmiyyət kəsb etmir. Çünki bu siyasi təşkilatın sədri müxalifət daxilində yalnız ittihamçı obrazı ilə məşhurdur. Bundan öz mənafeyi üçün istifadə etmək qərarına gələn Müsavat başqanı ADP sədrinin "palataya" daxil olmasına etiraz etməyib. Lakin S. Cəlaloğlu bunu öncədən anlayaraq, hələ bu istiqamətdə fikirləşəcəyini bildirib. Ona görə də, onun bu quruma qatılıb-qatılmaması hələ də sual altındadır. Lakin əsas məsələ odur ki, orada baş verən olayların daha şiddətli hal almasına, bu qurumun köklü vəziyyətdə yox olmasına o qədər də uzun müddət qalmayıb. Zaman "İctimai Palata"nın məhvinə işləyir.

Digər xəbərlər