PDF Oxu

Müxalifət

  • 19

Hərbi xidmətdən boyun qaçırmaq qanunvericiliklə məsuliyyətə səbəb olur

Hərbi xidmətdən boyun qaçırmaq qanunvericiliklə məsuliyyətə səbəb olur
Qanında-canında milli ruhu olan Azərbaycan, vətən, torpaq, bayraq anlayışlarını hər şeydən uca tutanlar ən ali hisslərə malikdir. Məmləkətimizin bir xoşbxətliyi də ondadır ki, onun üçün hər zaman canını belə qurban verməyə hazır olan igid oğulları var. O igid oğulları ki, ata-babalarımızın bizlər üçün döyüşə-döyüşə qoruyub saxlayaraq, miras qoyduğu müqəddəs torpaq uğrunda ölməyi bacarıb.
Daima özünün qəhrəmanları, at çapan, qılınc oynadan oğulları ilə öyünən Azərbaycan bu gün də, özünün qəhrəmanlıq nümunələri ilə tanınır. Çünki zaman-zaman yadelli işğallara məruz qalan məmləkətimizin dilbər guşələri məhz igidlərimizin qanı və canı bahasına müdafiə olunub. Bu gün müasir Azərbaycan gəncliyinin ən parlaq nümunəsi olan milli qəhrəman Mübariz İbrahimovun göstərdiyi igidlik, rəşadət düşmənə qarşı barışmazlıq və mübariz olmaq istəyi, təbii ki, yeni nəslin milli ruhuna bir güc də qatmış oldu. Elə bu zərurətdən də, düşmənlə üz-üzə dayanan ərənlərimiz, igidlərimiz hər an vətən uğrunda milli mübarizəyə qalxmağa daima hazırdır.
Bəlkə də, utancverici, təəssüfedici, çiyinbükücü halları da, milli-mənəvi xüsusiyyətlərini itirmişlərin simasında müəyyən dərəcədə görmək içimizdə bir sızıltı yaradır. Düşünürsən ki, Azərbaycanın suyunu içib, havasını udan, çörəyini yeyib milli ruhumuza sahib çıxa bilməyənlər də ola bilərmi ki? Doğrudan da, bu, bizim bu günümüz və sabahımız üçün düşündürücü bir mənzərə yaradır. Sanki, bir yuxudaymışıq kimi mənzərə göz önünə gəlir ki, bir Azərbaycan gənci öz vətəninə dönük çıxır. Bu hal nə dərəcədə ağrılı və insanın içini sızıldadan bir hal olsa da, müəyyən dərəcədə düşüncə də tələb edir. Ona görə ki, inanmağın gəlmir ki, torpaqlarının 20 faizindən artığı yağı tapdağında olan, 1 milyondan çox qaçqın və məcburi köçkünü öz yurduna qayıdacağı günü gözləyən bir məmləkətin oğlu, necə ola bilər ki, əsgəri xidmətdən boyun qaçırsın? Görəsən, Koroğlunun, Babəkin, Qaçaq Kərəmin, Şah Xətainin, Qazan Xanın yatarkən belə ağlına gələrdimi ki, vaxt keçəcək, zaman gələcək bir Bəxtiyar Hacıyev onların düşmən basıb, qollar büküb müqəddəs bildiyi bu torpağı qorumaqdan imtina edəcək? Ərənlərimiz nə vaxtsa belə bir "var"lığın olduğunu bilsəydilər, ona qoyacaqları "adı" da deməmiş olmazdılar. Çünki fərariliyin, xəyanətin, ikinci bir adı yoxdur. Bəlkə də, Bəxtiyar Hacıyevin zəhərlənmiş düşüncəsində, yanlış istiqamət verilmiş yöndə buna başqa cür yanaşırlar. Amma hər bir halda, bu, onun mənfi problemidir. Sözün başqa adı olmadığı halda milli kimliyin də fərqli ismi yoxdur. B.Hacıyev gündə on kərə iradəsində dəyişiklik etsə belə, onun "qazancı" ancaq fərarilik, xəyanət oldu. Bu günlərdə isə növbəti dəfə məsuliyyət, cəlb olunan B.Hacıyev vətəndaşlıq məsuliyyətini hələ də anlamazlıqdan gəlir.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyası vətəni müdafiə etməyi, qanunla müəyyən olunmuş qaydada hərbi xidmət keçməyi hər bir vətəndaşın borcu və əsas vəzifələrindən biri kimi təsbit etmişdir. Lakin bəzi hallarda vətəndaşlar tərəfindən həmin konstitusion vəzifələrin yerinə yetirilməsindən qəsdən imtina olunması hallarına yol verilir. Belə ki, 1982-ci ildə anadan olmuş, Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğlu 2 yanvar 2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında həkim komissiyasından keçərək, hərbi xidmətə yararlı hesab edilib. Həqiqi hərbi xidmətə çağırışla bağlı B.Hacıyevə ilk dəfə Ağdaş özəl türk liseyində təhsil alması, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində, 2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilib. O, 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq, həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gəlməyib. Bundan sonra B.Hacıyev 10 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək, hərbi xidmətə yararlı hesab edilmiş və onun adı 8 sentyabr 2010-cu il tarixdə 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq, həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilib. Lakin o, çağırışın aparıldığı vaxtda növbəti dəfə komissarlığa gəlməyib. B.Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq, 19 noyabr 2010-cu il tarixdə Nizami rayon hərbi komissarlığına gətirilmiş və həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunub. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza etməkdən imtina edib. 27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığı tərəfindən B.Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar Gəncə şəhər prokurorluğuna göndərilib. Araşdırmalarla əlaqədar B.Hacıyev 28, 30 dekabr 2010-cu il, 1 yanvar 2011-ci il tarixlərdə məktublar yazılmaqla poçt, 6 yanvar 2011-ci ildə isə telefon vasitəsilə çağırılmasına baxmayaraq, prokurorluğa gəlməkdən imtina edib. 24 yanvar 2011-ci il tarixdə B.Hacıyev yenidən Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq, Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gətirilmiş, lakin hərbi xidmətə getməkdən yenidən imtina edib. Elə həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə, B.Hacıyevin barəsində Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanılıb istintaq aparılır. Məhz təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qətimkan tədbiri seçilərkən B.Hacıyevə müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməməsi, müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməməsi, həmçinin, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gələrək, bu barədə müvafiq qeydiyyat aparılması izah edilib. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon polis şöbəsinə göndərilmiş və B.Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq, ona imza etdirilmişdir. Lakin müəyyən edilmişdir ki, o, 2 - 4 mart 2011-ci il tarixlərdə polis şöbəsinə gələrək, cədvələ imza etdikdən sonra Gəncə şəhərinin ərazisini tərk edib. Bununla bağlı rayon polis şöbəsinin əməkdaşları bir neçə dəfə onun yaşadığı ünvana gedərək, atası İlyas Hacıyevə oğlunun Nizami rayon polis şöbəsinə gəlməli olması bildirilməklə bu barədə müvafiq sənədləşmə aparılmış, lakin B.Hacıyev polis şöbəsinə gəlməyib.
Polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə, 4 mart 2011-ci il tarixdə təqsirləndirilən şəxs B.Hacıyevin tutulması barədə qərar qəbul edilmiş və o, həmin tarixdə tutularaq, istintaqa təhvil verilib. Qeyd edilən səbəbə görə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilməklə, B.Hacıyevin barəsində bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər