Son günlər, radikal müxalifət mənsubları, eyni zamanda, anarxiya və dağıdıcılıq üzərində "fəaliyyət" göstərən düşərgə Yaxın Şərq ölkələrində gedən ictimai-siyasi proseslərdən "ruhlanaraq", "vəcdə gələrək" korporativ maraqları naminə Azərbaycanda ictimai rəyi çaşdırmağa çalışırlar. Və əslində bu cür halların mövcudluğu bu ünsürlərdə hər zaman müşahidə edilmişdir.
Təkcə son illər ərzində postsovet ölkələrində (Gürcüstan, Ukrayna, Qırğızıstan və s.-R.R.) baş verən məlum olaylardan da "faydalanmaları"nı xatırlasaq, sözügedən radikalların "kim" və "nə" olduqları yetərincə özünü təsdiqləmiş olur. Yəni, həmin anlardaca "demokratiya aşiqlərinin" sırf qaragüruhçuluqları, hətta deyərdim, siyasi həyasızlıqları maksimum həddə, zərərverici mikrob kimi inkişaf edir. Onlar əllərinə düşən "fürsətdən" istifadə edib, "demokrat" cildinə girərək, ölkəmizdəki sosial-iqtisadi və ictimai-siyasi vəziyyətlə bağlı vətəndaşlarda yanlış təsəvvürlər formalaşdırmağa cəhdlər göstərirlər, tabeçiliklərində olan mətbuat səhifələrində pafoslu çıxışlara "bol-bol" yer verib, necə deyərlər, boğazlarına güc verirlər. Həmin çıxışlardan aşkar olur ki, radikal müxalifət 20 illik "stajına" baxmayaraq, hələ də əsil demokratiya mahiyyətini, anlayışını, onun özündə daşıdığı dəyər və prinsiplərin gerçəkliyini qətiyyən dərk etməmişdir. Daha dərindən vurğulasaq, sözügedən radikal ünsürlər həqiqi demokratiyanın xalq idarəçiliyi, fikir və söz azadlığı, siyasi partiyaların və kütləvi-informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, xalqın maraq və mənafelərinin nəzər alınması və həyata keçirilməsi fonunda inkişaf etməsini öz görməzliyə vururlar.
XƏYANƏT SİMVOLLARI
Artıq bütün Azərbaycan xalqı, bu xalqı tərənnüm edən sağlam düşüncəli ictimaiyyət bir həqiqəti heç bir zaman unutmayacaqdır. Bu həqiqət radikal qaragüruhçuların hakimiyyətə yiyələnməkdən ötrü istənilən tipli xəyanət üsullarına rəvac vermələridir. Təki "iqtidar" olsun, təki "kreslo" və "masalar" olsun, qalan hər şey fani və lazımsızdır bunlar üçün... Çünki nəyin bahasına olursa-olsun, hakimiyyəti zəbt etmək radikal müxalifət fərdlərinin (şəxs demək qeyri-mümkündür, çünki bunların şəxsiyyətə sığışmayan yüzlərlə xəyanətləri mövcuddur-RR.) keçmiş şakəridir. Məhz bu müxalifət 20 Yanvar faciəsindən xəyanətkarcasına yararlandı və məhz bu müxalifət Xocalı soyqırımı kimi qanlı-qadalı hadisələrdən, faciədən istifadə edərək hakimiyyəti silah gücünə zəbt etməyə, xalqı yalançılıq üzərində qurulmuş vədləri ilə aldatmağa nail oldu. Bir illik səriştəsiz hakimiyyətləri dövründə isə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə, müstəqilliyinin əldən verilməsi təhlükəsi ilə, eləcə də, 20 faiz torpaqlarımızın erməni əlinə keçməsi kimi hadisələrlə üzləşdirdi. Bir sözlə, radikallar demokratiyanı anarxist və diktatorluq rejiminə çevirdilər. Maraqlıdır, satılmış xəyanətkarlar 20 Yanvar və Xocalı soyqırımı kimi hadisələrdən necə və nə cür yararlandılar? Məsələ ondadır ki, hələ o zamanlar-öz müstəqilliyi və haqq səsi uğrunda ayağa qalxmış Azərbaycan xalqı xalq hərəkatı halında birləşdi. Məhz sözügedən hərəkat sayəsində özlərinə yavaş-yavaş yer edən bu ünsürlərin sonradan müxtəlif agenturalara, xəfiyyə orqanlarına işləmələri kimi faktlar ifşa olundu. Hazırda Müsavat partiyasının başqanı İsa Qəmbərovun o dövrlər "KQB" agenturasına işləməsi heç kimə sirr deyildir. Qeyd edək ki, bu adamın 20 Yanvar faciəsindəki gizli rolu xalq qarşısında inam-etibar qazanmaq, sonra isə bilavasitə bu xalqı tank tırtıllarının altına göndərmək olub. Hər halda o zamanlar ali təhsil üçün vacib olan aspiranturanı yarımçıq qoyub agenturaya işləməyə razı olması İsa Qəmbərovun hansı "vicdana, qeyrətə, şərəfə" sahib olmasının sırf göstəricisidir. SSRİ-nin yüksək hərbi dairələri tərəfindən, eyni zamanda, Kremldən verilən telefonoqramlarda "ne tronte yeqo, on naş malçik" (tərcüməsi: ona toxunmayın, o, bizim uşaqdır) kimi ifadələrin yer alması məgər bunların hansı dərənin tülküsü olduğundan xəbər vermirmi?!
Digər tərəfdən, 92-ci ilin fevralında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımda -Xocalı faciəsində hakimiyyətə yiyələnmək hərisliyini gizlədə bilməyən İsa Qəmbərov bu sözləri demişdi:"XOCALI HADİSƏLƏRİNİN BAŞ VERMƏSİ BİZİM HAKİMİYYƏTƏ GƏLMƏK ŞANSIMIZI ARTIRDI, İQTİDARA GEDƏN YOLUMUZU AÇDI"(?!)
Bəli, bu, hazırda özünü "demokrat", "insan hüquqlarının bariz müdafiəçisi" kimi təqdim edən Müsavat partiyasının hakimiyyətə gəlmək hərisliyi ilə yanan başqanı İsa Qəmbərovun şəxsi ifadələridir!
Eləcə də, AXCP (i)-nin rəngli sədri Əli Kərimov və onun ətrafında olan, onun tərəfindən zəhərlənən digər radikal müxalifətçilər barəsində də bu tipli sözləri, fikirləri söyləmək mümkündür.
Bu müxalifət 1995-ci ilin martında - Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş dövlət çevrilişi cəhdində də açıq-aşkar şəkildə "qiyamçılara" dəstək verdi. Həmçinin, bundan sonrakı dövrdə də ölkəmizə qarşı yönəlmiş daxili və xarici təxribatları dəstəkləməkdə davam etdi. 1998-2000-ci illərdəki hadisələr, yəqin ki, siyasətlə maraqlanan ictimaiyyət tərəfindən hələ də unudulmayıb. Keçirdikləri mitinqlərində aşkar şəkildə xaricdən dəstək aldıqlarını və bu yolla hakimiyyətə gələcəklərini deyən bu tiplər dolayısı ilə XƏYANƏTKAR VƏ SATQIN olduqlarını etiraf edirdilər.
XALQ UNUTMUR!
2003-cü il prezident seçkilərində də bu hal yetərincə özünü büruzə verdi. Uduzduğunu, xalq tərəfindən rədd edildiyini tülkü hissiyyatı ilə sezən İ.Qəmbərov başda olmaqla radikal müxalifət dairələri öz "tərəfdarlarını" xaricdən göndərilmiş murdar valyutalar sayəsində kütləvi itaətsizliyə sürükləməyə cəhd etdi. İ.Qəmbərov qanunsuz aksiyalarda qadın və uşaqlardan sipər kimi istifadə etməkdən belə çəkinməyərək, insan ölümünə bais oldu. Onların törətdikləri qarşıdurmada xeyli insan xəsarət aldı, dinc insanların rahatlığı pozuldu. Sosial, iaşə və digər obyektlər talan edildi, sındırıldı, dağıdıldı. Hər halda çiyinlərində Azərbaycanın ay-ulduz kokardını daşıyan, Qarabağ bölgəsində, gecə-gündüz demədən vətən torpaqlarının keşiyini çəkən, işğalçı düşmənlə üz-üzə dayanan azərbaycanlı əsgərin üzərinə yük maşınını sürdürməyə əmr etməyin arxasında vətəni və milləti sevmək deyil, bu müqəddəs məfhuma qarşı çıxıb rəzilliyi qəbul etmək anlamı dayanıb. Bu rəzillik isə yalnız bu simasızların-İsa Qəmbərovun, Əli Kərimovun, Rəsul Quliyevin, Rauf Arifoğlunun, Pənah Hüseynovun, Arif Hacıyevin və digərlərinin adına, şərəfsiz ömür yollarına yazılıb. Hər halda 2003-cü ilin 15-16 oktyabr hadisələrində Norveç səfirliyində siçan deşiyi axtararaq Steynar Gillə yalvaran erməni müxalifəti deyil, bu rəzillər olub.
Bu gün hər kəsə gün kimi bəllidir ki, İsa Qəmbərov və Əli Kərimov kimi avantürist müxalifət "başbilənlərinin" heç bir mənəvi haqqı yoxdur ki, özlərini cəmiyyətə "demokrat" kimi sırıyıb, "arzularını" çin etsinlər. Çünki bu şəxslərin müxalifət partiyalarını monopoliyaya almaq cəhdləri və hətta bu məsələ ətrafında bir-birləri ilə amansız mübarizə aparmaları, rəhbərlik etdikləri partiyaları antidemokratik metodlarla idarə etmələri, cəmiyyəti xaosa sürükləmək kimi mənfur niyyətlərindən əl çəkə bilməməkləri və s. onların əsil simasını açıb göstərir. Onların diktəsinə tabe olmaq istəməyən partiya üzvləri (S.Əkbər, A.Qeybulla, İ.İbrahimli. Q.Hüseynli və b.) daim sıxışdırıldıqlarından, partiyadan uzaqlaşmağa məcbur oldular.
Artıq bu gün Xaliq Bahadıra qarşı kampaniyaya start verilməsinin də arxasında bu kimi faktorların dayanması gerçəklikdən başqa bir şey deyil...