Xaliq Bahadır AXCP (i)-dən istefa verməyə hazırlaşır
"Mən AXCP (i) rəyasət heyətinin iclaslarına qatılmıram. Səbəb isə bu il yanvarın 24-də aramızda olan toqquşmadır". Bunu mətbuata verdiyi açıqlamasında AXCP (i) rəyasət heyətinin üzvü Xaliq Bahadır deyib. O, AXCP (i) rəyasət heyətinin iclaslarını bundan sonra boykot edəcəyini qətiləşdirib: "Boykotu ona görə deyirəm ki, Nurəddin Məmmədli keçən dəfəki kimi çıxıb mətbuata deməsin ki, X.Bahadır küsüb, getmir yığıncaqlara. Mən heç bir yığıncaqdan küsmürəm. Ümumiyyətlə, siyasətdə küsmək anlayışı yoxdur, protest, boykot anlayışı var".
O, yanvarın 24-də AXCP (i)-də kiminlə və niyə toqquşması barədə isə danışmaq istəməsə də, əldə edilən məlumatlara görə, söhbət məhz N. Məmmədlidən və Fuad Qəhrəmanlıdan gedir. Belə ki, həmin ərəfədəki toplantıların birində adıçəkilən iki şəxs X.Bahadırı Müsavata işləməkdə ittiham ediblər və onun dərhal istefaya getməsi tələbini irəli sürüblər. Bundan sonra ona qarşı yönəlmiş ittihamları rədd edən funksioner əsəblərini cilovlaya bilməyərək, F.Qəhrəmanliya və N.Məmmədliyə hücum edib. Bu hücumun qarşısını almağa cəhd edənləri isə küçə söyüşləri ilə söyüb. Partiyadaxili insidentdən dərhal sonra, X.Bahadır cibində gəzdirdiyi "partbileti" sonuncu iki şəxsin sifətinə tolazlayaraq, oranı tərk edib. AXCP (i) sədrinin müavini F.Qəhrəmanlı isə özünü bilməzliyə vuraraq, mətbuata yayındırıcı cavablar verib, həqiqəti hər vəchlə gizlətməyə cəhd edib. Yəni X. Bahadırın hansı toqquşmadan danışdığını bilmədiyini söyləyib: "AXCP (i)-də hansısa toqquşma olmayıb. Onun "toqquşma" deyərkən nəyi nəzərdə tutduğunu da bilmirəm. Təkcə onu deyə bilərəm ki, Xaliq "bəy" rəyasət heyətinin iclaslarına gah qatılır, gah qatılmır". Lakin bu məsələ böyüdükdən sonra, AXCP (i) səlahiyyətliləri adıçəkilən funksionerdən qisas almaq üçün tədbirlərə əl atıblar. Belə ki, patiyanın sədri ona "xəbərdarlıq" edərək, özünü yığışdırması tələbini qoyub.
Müsavat pariyası da X.Bahadırın onlara işləməyi məsələsini qəti olaraq inkar edib.Əgər bu həqiqətən də belə olsaydı belə, Müsavat bunu rədd edəcəkdi. Necə ki, bunu edib.
AXCP (i) Ali Məclisinin sədri Həsən Kərimov da X.Bahadırın qeyri-ciddi fikirlər söylədiyini və AXCP (i) rəhbərliyinin həmin fikirləri bölüşmədiyini bildirib: "Təəssüf edirik ki, AXCP (i)-nin rəhbər strukturunda təmsil olunan bir adam o cür qeyri-ciddi fikirlər söyləyib. X.Bahadırın bu hərəkətinə heç cür haqq qazandırmırıq. Yersiz fikirlər səsləndirir. Bu məsələyə başqa münasibət bildirməyə ehtiyac duymuram. X.Bahadırın kim olduğu, hansı yazılar yazdığı məlumdur, ona görə şərh verməyi belə layiq görmürəm. Mənə elə gəlir ki, onun psixoloji problemləri var. Məhz buna görə məsələyə münasibət bildirmirəm".