Son günlər Müsavat və AXCP (i) funksionerləri arasında yeni və bu dəfə daha ciddi qarşıdurmaya start verilib. "AXCP" (i)-nin aqressiv funksionerləri müsavatçı Rauf Arifoğlunun, Şahvələd Çobanoğlunun və Pənah Hüseynovun "İctimai Palata"nın koordinasiya şurasına seçilməsinə qarşı çıxıb və bunun yolverilməz olduğunu bildiriblər. Belə ki, AXCP (i) rəyasət heyətinin üzvü Xaliq Bahadır bu məsələ ilə bağlı iddiasında məsələni daha kəskin şəkildə qoyub. Bir az da irəli gedən "Yurd"çu funksioner P.Hüseynovu "gizli qüvvələrə" işləməkdə suçlandırıb.
O deyib ki, hələ 3-4 il əvvəl adını açıqlamaq istəmədiyi bir nəfər şəxs bildiribmiş ki, Pənah Hüseynov "gizli qüvvələrə" bağlıdır və onun məxfi kodu "Mamedov"dur. Hesab olunur ki, adıçəkilən funksioner burada yalnız P.Hüseynovu nəzərdə tutmur. Onun əsas hədəfi isə dolayısı ilə "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğludur. Xatırladaq ki, AXCP (i)-yə yaxın mətbuat orqanları bir neçə dəfə R.Arifoğlunun "xəyanətdə" suçlayıblar. Eyni zamanda, onu da bildirək ki, "Yeni Müsavat"ın baş redaktoru rəhbərlik etdiyi qəzetin hansısa əməkdaşının işi ilə bağlı bir neçə görüşlər keçirmişdi. O zaman AXCP (i)-yə yaxın qəzetlər bunu tamamilə başqa səmtə yönəltdilər və bundan yararlandılar. P.Hüseynovun da ortaya atılması isə sadəcə izi itirmək anlamına gəlir.
Güman etmək mümkündür ki, P.Hüseynov və R.Arifoğlu onlara ünvanlanan ittihamları cavabsız buraxmayacaq. Yəni cavab hücumları olaraq, R.Arifoğlu başlasa radikal müxalifət bir-birinə dəyəcək. Bu isə radikal düşərgədə növbəti narazılıq və parçalanmanın əsasını qoyacaq.
Müsavatın düşərgədaxili separatçılıq meyilləri artıb
Müsavatın martın 12-sinə təkbaşına yürüş-mitinq təyin etməsi parçalanmanın əlamətlərindən sayıla bilər. Öz "düşərgədaşları" ilə razılaşmadan Müsavatın mitinqə qərar verməsi aşkar separatçılıqdır. Amma iş burasındadır ki, Müsavatı buna vadar ediblər. AXCP (i)-nin əsas məqsədi "müxalifətin güclənməsi", "demokratik situasiyanın yaranması" filan deyil. AXCP (i)-nin əsas məqsədi Müsavatı daha da zəiflətmək, partiyanın Arif Hacıyev qanadının əlinə keçməsinə mane olmaqdır. Müsavat rəhbərliyi bunu bilir və "İctimai Palata"dan kənarda mitinq keçirmək istəyir. Müsavatın başqa bir niyyəti aksiyanı keçirməklə burada əsas söz sahibi olduğunu göstərməkdir. Arif Hacıyev qanadı onu göstərməyə çalışır ki, Müsavat olmadan heç bir düşərgədaxili qurum güclənə, müstəqil aksiya keçirə bilməz. Lakin Müsavatın təkbaşına aksiya keçirmək qərarı AXCP (i)-nin sərt təpkisi və etirazları ilə yadda qalıb. Onlar bu qərarı xəyanət, satqınçılıq kimi qiymətləndirirlər. Belə ki, digər AXCP (i) sədrinin müavini Razi Nurullayev Müsavatı sərt ittiham edib və partiyanı pozuculuqda suçlandırıb. R.Nurullayev deyib ki, yürüş-mitinq qərarı çıxarılmalı idisə, bunu təmsil olunduqları "İctimai Palata" etməli idi. Hər hansı partiya "İctimai Palata"nın qərarını gözləmədən bu addımı atmamalı idi. Müsavat rəhbərliyi isə bu ittihamlara qarşı tutarlı arqumentlərlə cavab verməyib. Və belə məlum olub ki, AXCP (i) düşərgə daxilində Müsavatı, onun funksionerlərini aşağılamaq, təhqir etmək xəttini tutacaq. Hətta azlıq "elektorata" ismarıc ünvanlanacaq ki, Müsavat patiyası bu "birliyi" istəmir. Bu isə istər-istəməz həm "İctimai Palata"nın, həm də ümumilikdə, radikal düşərgənin zəifləməsinə, dağılmasına gətirib çıxaracaq.