Müxalifət düşərgəsində görünməmiş ilginc olaylar, hələ də, səbəbi açıqlanmayan proseslər müstəvisində davam edir. Bu mənada müxalifət cəbhəsində, demək olar ki, sabitlik tamamilə pozulub. Xüsusi ilə də Müsavat daxilindən başlanan istefa qığılcımları, hələ də səngiməyib. Prosesi bir qədər gizli yola salmağı çalışan Müsavat funksionerləri diqqəti özlərindən uzaqlaşdırmaq üçün digər müxalifət partiyalar daxilində də problemlər yaradırlar.
Amma birmənalı şəkildə bu qurum daxilində olan proseslər baş verən istefalar, bütövlükdə, müxalifəti öz ağuşuna alıb. Son günlər "Azadlıq" partiyasının sədri Əhməd Orucla Azərbaycan Xalq Partiyasının keçmiş sədri Pənah Hüseynov arasındakı qarşıdurmaların daha da alovlanması digər tərəfdən onların hər ikisinin də təmsil olunduğu "Demokratiya Uğrunda İttifaq"ın fəaliyyətinin, faktiki olaraq, dayandırması müxalifət düşərgəsində narazılıqları artırmaqla yanaşı, daxili münaqişələr menyüsünə yenilərini də əlavə etmiş olub. Artıq "Azadlıq" partiyasının sədri Ə.Oruc baş verən məsələlərlə bağlı öz kəskin açıqlamalarını verib. Ə.Oruc açıq şəkildə bəyanatlarının sırf müttəfiqlərini ona qarşı yönəlmiş təxribatlarını alt-üst etməyə hesablandığını deyib.
Qeyd edək ki, Ə.Orucun bu cür sərt açıqlamaları fonunda müttəfiqlərini belə hədəfə alması birlikdə olduğu partiyalarda da özünə qarşı hiddət yaradıb. Məhz bunun nəticəsi olaraq yaxın vaxtlara qədər birlikdə olduğu "KXCP" üzvlərinin, eyni zamanda, "Böyük Azərbaycan Partiyası"nın sədri Elşad Musayevin də Ə.Oruca münasibəti dəyişib. Bəzi partiya funksionerləri belə Ə.Orucun bu ərköyünlüyünə sona qədər dözüm nümayiş etdirmək niyyətində olmadıqlarını və ona qarşı konkret qərarların qəbul edilməsinin vaxtının yetişdiyi qənaətindədirlər.
Müxalifətin "İctimai Palata"sının "palatkası" başına uçdu
Ötən gün "İctimai Palata"nın koordinasiya şurası adı altında keçirilən gizli toplantının bütün detalları məlum olub. Məhz müxalifət düşərgəsindəki özbaşınalıqdan və yaranmış xaosdan istifadə edən rəqib partiyalar müəyyən dərəcədə fəallıq göstərmək üçün dəridən-qabıqdan çıxdıqlarını açıq şəkildə göstəriblər. Eyni zamanda, həmin toplantıda özlərinə qarşı heç bir qüvvənin problem yaratmaması üçün də konkret təkliflər irəli sürülüb. Açıq şəkildə özlərini az qala "ana müxalifət" adlandıranlar Ə.Oruc məsələni qaydasına qoymaq üçün təkliflərlə çıxış edib. Təşkilatda özünü hamıdan, həmişə olduğu kimi, ağıllı göstərmək iddiasında olan P.Hüseynov Ə.Orucu onun öhdəsinə buraxmalarını öz "dost"larından xahiş edib.
Müxalifət niyə Əhməd Orucla hesablaşır ki...?
Maraqlı məqamlardan biri də, ondan ibarətdir ki, AXP-nin keçmiş sədri P.Hüseynov "Azadlıq" partiyasının sədri Ə.Orucun ittihamlarına cavab verərkən, səsləndirdiyi arqumentlər üzrə də qarşı tərəfə öz mesajlarını göndərib. O bildirir ki, Ə.Orucla daha sonra haqq-hesab çəkəcəyək.
Müxalifətin "İctimai Palata"sının əleyhinə çıxışlar edən Ə.Orucun yanaşmaları Müsavat partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin də ona cavab verməsi ilə nəticələnib. A.Səmədbəyli bildirib ki, Ə.Oruc "İctimai Palata"ya üzv olmaq üçün xahiş-minnət edib: "İctimai Palata"nın koordinasiya şurasına üzv olmaq istəyi baş tutmayandan sonra qurumun əleyhinə çıxışlar edir. Buradan da görünür ki, o, qərəzlidir".
"Azadlıq" sədri isə "İctimai Palata"nın koordinasiya şurasına üzv olmağa çalışdığı haqda deyilənlərin doğru olmadığını yenidən təkrar edib. Bildirib ki, "İctimai Palata"ya üzv olmaq üçün kiməsə xahiş-minnət edənin atasına lənət: "A.Səmədbəyli ilə P.Hüseynov mənə qarşı kampaniya aparır və burada da iki məqsəd güdülür. Birinci məqsəd odur ki, bu adamlar AXCP (i) ilə Müsavatın birləşə bilməməsi ilə bağlı məsələni gündəmdən çıxarmaq istəyirlər. Yəni öz günahlarını ört-basdır etmək istəyirlər. İkinci məqsəd isə odur ki, bu adamların hər ikisi deputat olub və hakimiyyətə yarınıb. İndi də demokratik fikirli insanlara hücum etməklə hakimiyyətə göstərirlər ki, yenə də onların işinə yarına bilərlər".