PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərov Vurğun Əyyubova minnətçi düşüb

İsa Qəmbərov Vurğun Əyyubova minnətçi düşüb
Müsavat partiyasının may ayında keçiriləcək qurultqayı yaxınlaşdıqca partiyanın başqanı İsa Qəmbərov daha çox sıxıntı və təşviş hissləri keçirməkdədir. Başqanlıq postundan atılacağını yüz faiz "qarantiləyən" təşkilat rəhbərinin bundan sonrakı taleyi onu əməlli-başlı vəlvələyə salıb. Belə ki, heç bir halda törətdiyi əməllərini ört-basdır edə bilməyəcəyini yəqinləşdirən İ.Qəmbərov vaxtilə onunla əlbir olan və hazırda Türkiyədə yaşayan Vurğun Əyyubova minnətçi düşüb. Xatırladaq ki, bu iki səlahiyyətlinin arasında çox ciddi intriqalar yaşanmış, nəticədə V.Əyyubov etiraz əlaməti olaraq Ankaraya, oradan da İstambula getmişdir. Ziddiyyətlərə əsas səbəb isə Müsavat başqanının V.Əyyubova qarşı təkcə şəxsi münasibətinin soyuması deyil, eyni zamanda, siyasi təşkilata xarici maliyyə donor təşkilatlarından daxil olan çirkli gəlirlərin bölünməməsi səbəb olub. Həmçinin, sözügedən problemin bir tərəfi də 2003-cü ilin məlum olaylarına gedib çıxır ki, bu da "vəzifə bölgüsü" üzərində cərəyan edən məsələlərdəndir. Daha dəqiq desək, həmin ilə təsadüf edən prezident seçkiləri öncəsi Müsavat partiyasının apardığı lüzumsuz, istehza xarakterli "hakimiyyət bölgüsü"ndə V. Əyyubovun payına "təhsil naziri" olmaq düşmüşdü və o, bundan qəti şəkildə etiraz etmişdi. Yəni daha böyük vəzifə iddiasında bulunmuşdu. Lakin bütün bu etirazlarına baxmayaraq, Müsavat başqanının onunla razılaşmaması, V.Əyyubovun İ.Qəmbərovdan üz döndərməsinə gətirib çıxardı. Vəziyyətdən çıxış yolu axtaran İ.Qəmbərovun V.Əyyubova minnətçi düşməsinə isə "Demkonqres"in Türkiyədəki təmsilçisi Xanım Xəlilova "kömək" edəcək. Çünki yuxarıda qeyd etdiyimiz kimi, qarşıdan gələn qurultayda başqanlıq postundan uzaqlaşdırılacağına əmin olan Müsavat rəhbəri heç olmasa, ən azından "siyasi təşkilatın fəxri lideri" kimi gündəmdə qalmağa cəhd edir. Müəyyən vasitə və üslublarla Xanım Xəlilova qarşısında vədlər verib, öhdəliklər götürən İ.Qəmbərov V.Əyyubovla arasını düzəltməyə çalışır. O, hətta Əyyubovun başqan olması üçün əlindən gələni edəcəyinə belə boyun olub. Lakin əldə edilən məlumatlara görə, Türkiyədəki işindən xeyli məmnun olan müsavatçı funksioner bu işini yarımçıq qoymaq fikrində olmadığını bildirib. Hər halda Müsavat partiyasında maddi çətinlik çəkməyindənsə, hazırkı yerində qalıb pul qazanmağı daha üstün variant hesab edir. Və əslində, çox gözəl bilir ki, təmsil olunduğu partiyada "köhnə qurdlar" onun işləməsinə yetərincə maneələr törədəcəklər. Eləcə də, A.Hacıyev kimi "sadiq" adamın öz rəhbərinə qarşı çıxmasına şahid olan V.Əyyubovun gözü qorxub. Belə bir atmosferdə işləməkdən xoflanan partiya funksioneri X.Xəlilovaya qəti olaraq etiraz edib. Bu isə, həqiqətən, Müsavat başqanının sonunu yaşaması anlamından başqa heç nəyə bənzəməyən reallıqdır.

Digər xəbərlər