“Demokratiya Uğrunda İttifaq" dağıldı
Hər fəsil dəyişikliyində böyük deqredasiya dövrü yaşayan müxalifət bu dəfə də ənənəni poza bilmədi. Bu baxımdan da, yazın ilk çərşənbəsi, demək olar ki, müxalifət düşərgəsi üçün heç də düşərli olmadı. Böyük çaxnaşmalar, qalmaqallar yaşayan müxalifət yazın ilk çağında da təlatümün astanasında olduğunu sübut etdi.
Eyni zamanda, o da aydın oldu ki, proqnozlaşdırılan, yəni müxalifətin bu il üçün sonunun çatması artıq özünün bütün parametlrləri üzrə təsdiqləyir. Bir tərəfdən öz partiyasına yubiley keçirib, bir saat öncəyə qədər səmimi münasibətdə olduğu insanları qonaq çağırmaq ixtiyarında olmayan İsa Qəmbərov düşərgədə yeni düşmənlər qazanır. "KAXCP" sədri Mirmahmud Fəttayev onu cəsarətsizlikdə, həmişə olduğu kimi, qərar vermək ixtiyarında olmamaqda günahlandırır. Digər tərəfdən Müsavat icra aparatının rəhbəri Arif Hacıyev qurumu öz qanadı altına almaq iddiasına düşür. Sonradan isə bu əməllərdən xəbər tutan İ.Qəmbərov Türkiyədəki dostu Vurğun Əyyubovu öz postuna gətirmək istəyinə düşür. Başqa bir səmtdə isə Pənah Hüseynov müxalifətdə zəhərləyici funksiyasını əməlli-başlı yerinə yetirir. Bir qədər proseslərin sakit keçdiyi görünən, əslində isə, nə kimi olayların baş verməsi sonradan bəlli olan "Demokratiya Uğrunda İttifaq"da "Azadlıq" partiyasının sədri Əhməd Orucovun ipə-sapa yatmayan əməlləri sezilir.
Baharın ilk çağında çiçəyi burnunda solan müxalifət
Ötən həftə Müsavatın yubileyinə dəvət olunmadığına görə, böyük stress yaşayan M.Fəttayev müxalifət düşərgəsindəki bütün dostlarının üstündən xətt çəkməyi qərarlaşdırıb. Ona görə də, "DUİ"-nin sədrlər şurasındakı fəaliyyətinin dayandığını elan edərək, faktiki olaraq, "ittifaq"ın da öz ömrünü başa vurduğunu açıqlayıb. Onun iddiası başqa səmtlərə yönəlsə belə, əsil faktdan qaça bilməyib. Hətta M.Fəttayev "Böyük Azərbaycan Partiyası"nın "Demokratiya Uğrunda İttifaq"da fəaliyyətinə son vermək niyyətindən sonra birliyin buraxılması qərarına gəldiklərini bildirsə də, gizlin faktlar ortaya çıxıb. M. Fəttayev fevralın 22-də "DUİ" sədrlər şurasının növbədənkənar toplantısında qurumun fəaliyyətinə xitam verildiyini açıqlamaq məcburiyyətində qalıb. Eyni zamanda, "KAXCP" sədri "ittifaq"a daxil olan "Azadlıq" və Milli Qurtuluş partiyalarının "DUİ"-nin fəaliyyətinə xitam verilməsi qərarını dəstəkləmədiyini qeyd edib. "Fevralın 21-də bu məsələni müzakirə etdik və qərara gəldik ki, fevralın 22-də bir daha toplaşaq. "DUİ"-ni üç siyasi partiya təsis etmiş, sonradan "ittifaq"a daxil olan partiyaların sayı altı olmuşdu. Bir qədər sonra isə partiyaların sayı dördə endi. "BAP"-ın "ittifaq"da fəaliyyətinə son qoymaq niyyətinə görə "DUİ"-nin fəaliyyətinə xitam verilməsi daha məqbul hesab edildi. "KAXCP", "BAP"-ın qərarını hörmətlə qarşıladı, "Azadlıq" və "Milli Qurtuluş" partiyaları qərarı dəstəkləməsə də, "Demokratiya Uğrunda İttifaq" tarixə qovuşdu. Hesab edirəm ki, 4 il normal birgə fəaliyyət göstərdik, bir-birimizi tanıdıq, bəzi işlər görə bildik. Əbədi bir şey yoxdur, hörmət və izzətlə ayrılmağa qərar verdik" deyən M.Fəttayev baş verənlərdən böyük təəssüf hissi keçirdiyini də açıqlayıb.
Qeyd edək ki, "Demokratiya Uğrunda İttifaq" 2007-ci ilin aprelində yaradılmışdı. "İttifaq"a "Klassik Xalq Cəbhəsi, "Azadlıq", "Böyük Azərbaycan", "Milli Qurtuluş" partiyaları daxil idi.