Rəsul Quliyev yenə Bakıya gətirilir
Dəfələrlə "Rəsul Quliyevin Bakıya möhtəşəm dönüşü" ətrafında gəzən söz-söhbətlərə biri də əlavə olunub. Lakin bu "dönüş" ssenarisini nə əvvəlkitək onun keçmiş partiyadaşları olan ADP-çilər, nə də ki, indi sədri olduğu "ACP"-çilər "təşkil" edib. Bu dəfə qabağa məhz Rəsul Quliyevin özü düşüb. Gah "siyasətçi", gah "biznesmen", gah da ki, "şair" olan partiya sədrinin, əslində, nə etdiyinin fərqinə belə varmadan bu tip "bəyanatlar" səsləndirməsi arxasındakı planlarına gəldikdə isə...
Bu planların biri və ilk öncəsi onun ADP-dən intiqam alması məqsədini daşıyır. Yəni öz təbirincə, R.Quliyevin "ACP"-yə güvənərək belə bir addım atması keçmiş partiyadaşlarının gözlərini qorxutmaqdan ibarətdir. Bu baxımdan da onun "Bakıya gəlirəm" kimi xox gəlməsi bilavasitə ADP sədri Sərdar Cəlaloğluya ünvanlanan mesajdır. R. Quliyevə məxsus informasiya portalında isə bu sözlər yazılıb: "Vaxtilə mənimlə olub, sonradan mənə kələk gələnlərə qarşı mübarizə aparacağam. Öncə fəaliyyət göstərdiyim siyasi təşkilatın da burada olması istisna deyil".
Qeyd edək ki, "ACP" sədri bir müddət öncə ardıcıl olaraq müxtəlif xarici dövlətlərə səfərlər etmiş, özünə "siyasi dəstək" qazanması üçün ərəb şeyxlərinə qədər gedib çıxmışdı. Burada "siyasi dəstək" dedikdə onun maddi dəstək istəməsi anlamı daha qabarıq hiss olunur. Bu və digər baxımdan özünə arxayın olan R.Quliyev bir az da öz gəlirlərini hesablayıb və məlum "bəyanatını" mənsub olduğu portalda yayıb.
Sərdar Cəlaloğluya qaldıqıqda isə, o bildirib ki, əslində, ən böyük kələkbaz elə R.Quliyevin özüdür ki, var. 2003-cü il olaylarını xatırladan ADP sədri vurğulayıb ki, adıçəkilən partiya sədrinin belə "bəyanatlar" səsləndirməsi heç bir məntiqə və mənaya sığışmır: "Rəsul "bəy"in birdən-birə belə bir bəyanatla çıxış etməsi məndə onun psixikasında problemlər yaranması fikrini oyadır. Çünki onun idarəçilik edə bilməmə funksiyası kimi zəifliyi göz qabağındadır. Eləcə də, düşünürəm ki, 2003-cü il və ondan öncələr də Bakıya gələcəyini vəd verib, öz vədinin sahibi olmayanın necə "kişi" olduğuna da ictimaiyyətin özü qiymət versin. Hər şey xalqın gözü qarşısında baş verdi və o, yalançı, kələkbaz olduğunu sübut etmiş oldu".