Arif Hacıyev “qolunu çırmayıb"...
Müsavat partiyasının "yubileyi" başa çatmamış orada yaşanan olaylar bu partiyanın təməl strukturunu əməlli-başlı silkələyib. Partiyanın bütün instansiyalarında-divanında, ali məclisində, MNTK-sında baş verən hadisələrdən də aşkar şəkildə bəlli olur ki, burada necə "məzhəb itib, aləm qarışıb". Məsələ ondadır ki, uzun müddət barələrində müxtəlif proqnozlar verilən eks-müsavatçılar Sülhəddin Əkbərov, İbrahim İbrahimov və digər istefa vermişlər qalıb bir tərəfdə, ortaya başqan müavini Arif Hacıyev peyda olub.
Yəni daha dəqiq desək, başqanlığa iddialı olanların başına başqanın müavini keçib. Eyni zamanda, adları çəkilənlərə onun tərəfindən "xəbərdarlıq atəşi" açılıb və qarşılarında sərt şəkildə tələb qoyulub ki, qəti şəkildə ona mane olmasınlar. Əslində, bu cür halın baş verməsi mövcudluğu gözlənilən idi. Çünki bu məsələ ətrafında gedən söz-söhbətlər fonunda A.Hacıyevin uzun müddət susqun qalması, hətta başqan İsa Qəmbərovun onun barəsində "yüksək, inamlı, sədaqətli" tərzdə fikir "formalaşdırması" sakitlikdən sonrakı fırtınanın baş verəcəyini öncədən xəbər verirdi. Sadəcə, başqan müavininin bu cür fırtına yaratması isə anidən baş verdi. Bu səbəbdən də Müsavat partiyasında kütləvi çaşqınlıq halları yaşandı. Özü də harada-harada Müsavat partiyasının qondarma "yubileyində"...
Sual oluna bilər ki, bəs öncələr A.Hacıyev niyə və nəyə görə öz iddiasını ortaya qoymayıb? Axı qabaqlar da Müsavat partiyasında çaxnaşmalar, kütləvi istefalar dalğası yaşanıb. Burada vurğulamaq mümkündür ki, İ.Qəmbərovun budəfəki qədər daha dərin dərəyə yuvarlanması, saya alınmaması halları onun özü tərəfindən yaşanmayıb. Eyni zamanda, öncələr başqanın gəlir mənbələri hesab olunan xarici təşkilatların ödədiyi valyutaların ardı-arası kəsilmirdi. Onun müavini isə şəxsi mənafelərinin xatirinə, maddi qazancını artırması üçün məcburi şəkildə susqunluq nümayiş etdirib. Artıq buna da son qoyulub. Belə ki, başqanın bütün "rıçaqlardan" məhrum olduğu anı gözləyən müavini vaxtın yetişdiyi, zamanın gəldiyi qənaətindədir. Müsavat partiyasının may ayında keçirəcəyi qurultayı yaxınlaşdıqca, burada daha nələrin baş verəcəyini düşünmək artıq indidən mümkündür...