PDF Oxu

Müxalifət

  • 20

“İctimai Palata" yararsız qurumdur

“İctimai Palata" yararsız qurumdur
Radikal düşərgənin yaratdığı "İctimai Palata" adı altında "fəaliyyət" göstərən qondarma qurumdakı proseslərdən belə nəticəyə gəlmək mümkündür ki, sözügedən təşkilatın tərkibində cəmləşən partiya sədrləri və siyasiləşmiş QHT rəhbərlərinin, doğrudan da, ictimaiyyətə, ictimai işlərə heç bir dəxli yoxdur. Yəni özlərini "ictimaiyyətçi", "demokrat", hətta "millət vəkili" tərzində hesab edən siyasətbazlar, əslində, ictimaiyyətdən kənar olaraq, öz ambisiyalarına, xeyir güdmələrinə işləyən ayrı-ayrı fərdlərdir. Həmçinin, bunların parlament seçkilərində xalq tərəfindən seçilməmələri, qəbul edilməmələri arxasında əsas məsələ etibarsızlığın və etimadsızlığın mövcudluğudur. Əgər xalq, həqiqətən də, istəsəydi, seçkilər zamanı həmin adamları dövlət tərəfindən yaradılmış demokratik seçim şəraitində millət vəkili kimi qəbul edərdilər. Lakin etmədilər və bu inamsızlıq həmin şəxslərin hansısa səbəbdən xoşlarına getmədi. Sonrası isə artıq hər kəsə aşkar surətdə bəllidir.
Qondarma qurumun "sessiyalarında" qeyri-ciddiliyi, obyektivsizliyi, uydurmaçılığı, ikiüzlülük və riyakarlığı əks etdirən qərarların qəbul edilməsi, eyni zamanda, həmin qərarların ictimaiyyətə güclə, həyasızcasına sırınmasına cəhd edilməsi onların gülüş və istehza hədəfində olmalarının tam reallığını əks etdirir. Həm də, bu adamların anlama tərzləri, dünyagörüşləri elə də mütləq səviyyədə inkişaf etməyib ki, məhz xəyallarında gördüklərini "təklif" formasında səsləndirərək, özlərini "ağıllı", "intellektual siyasətçi" qismində nümayiş etdirirlər.
Bu barədə müxalifətdən olan partiya sədrləri də düşünürlər. Məsələn, "Azadlıq" partiyasının sədri Əhməd Orucov hesab edir ki, adıçəkilən qondarma qurum yalnız xalqın, ictimaiyyətin əleyhinə işləyən xəyanətkarlar yığncağıdır:"Burada toplaşan adamların heç biri dövlətçilik, xalq prinsipi ilə bağlı olmayanlardır. Onlardan hansı xəyanətkar addım desən, gözləmək olar. Ona görə də burada toplaşıb qrant güdən həmin şəxslər, məhz qrant hesabına özlərini də sata biləcək şəxslərdirlər"
Digər məsələ isə ondadır ki, özlərindən "qanun layihələri", "təklif paketləri", yaxud "ictimai rəy formaları" hazırlayan "İctimai Palata" nümayəndələri qondarma toplantılarında getdikcə öz "cızıqlarından" çıxırlar. Bildiyimiz kimi, ölkənin qanunverici orqanı olan demokratik parlamentimiz mövcuddur və burada təmsil olunan millət vəkillərimiz müxtəlif qanunverici qərarların müzakirələrində, onların, qəbulunda, həyata keçirilməsində yaxından iştirak edirlər. Həmçinin, bütün amillərdə konstitusiya faktoru nəzərə alınır, qərarların qanunamüvafiqliyində də məhz anayasamızın müddəalarına istinad edilir. Lakin "İctimai Palata"nın son oyunbazlıqları sağlam düşüncəli insanlarımızı, ictimaiyyəti, xalqı hiddətləndirməyə bilməz. Bunların "yeni anayasanın yaradılması" istiqamətindəki yararsız "təkliflər paketi"ni təlxəklik, isterika və sünilik şəklində "müzakirəyə" çıxarmaları "gizlənqaç" oyununa daha çox bənzəyir.
Bu barədə digər müxalifət partiyasının sədri Mais Səfərli də öz fikirlərini bölüşüb. "Yurddaş" partiyasının sədri bildirib ki, bu cür qeyri-ciddi qurumların daha öncələr də yaradılmasının şahidi olub. Lakin həmin qurumlar hazırda iflasa uğrayıb və səmərəsizlikləri ilə yadda qalıb. "İctimai Palata"ya gəldikdə isə, bu qondarma qurumun da həmin aqibəti yaşayacağı şübhəsizdir:" Düşünürəm ki, adıçəkilən qurumun özü də ölü doğulmiş ideya təsiri bağışlayır. Çünki "İctimai Palata" Azərbaycanın ictimai rəyinə heç nə verə bilməyəcək qondarma qurumdur. Eyni zamanda, ölkədə ictimai rəyi formalaşdıran bir qurum mövcuddur ki, bu da normal seçkilər yolu ilə seçilmiş xalq parlamenti-Mill Məclisdir"
Bütün bu faktlara əsaslanaraq, bir daha vurğulamaq mümkündür ki, ölkədə gedən inkişaf proseslərinə "kölgə" salmaq istəyən bu tipli radikal təxəyyüllü qurumların özlərindən başqa heç kimə lazım olmadıqları bəlli olur. Və bu faktı yalnız sadə ictimaiyyət nümayəndələri deyil, həmçinin, müxalifət mənsubları da etiraf edir.

Digər xəbərlər