Əhməd Orucov radikallıqdan imtina etdi
Məlum olduğu kimi, "Azadlıq" partiyasının sədri Əhməd Orucov, bir müddət öncə, radikal düşərgəyə qarşı təkbaşına mübarizə aparacağını mətbuata açıqlamışdı. Verdiyi vədə sadiq qalmasını sərgiləmək üçün növbəti addımının nədən ibarət olacağını bildirən adıçəkilən partiyanın sədri daha bir "şok açıqlama" ilə gündəmə çıxıb. Belə ki, Ə.Orucov "İctimai Palata"dan sonra, "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan da imtina edəcəyini bildirərək, ümummüxalifətə qarşı "yeni müxalifət düşərgəsinin" yaradılması ilə məşğul olduğunu bildirib.
Digər tərəfdən, "Azadlıq" sədrinin təkbaşına olaraq düşərgədaşlarına qarşı aparacağı mübarizədə onun heç bir yandan dəstək almadığı elə onun özü tərəfindən də iddia edilməkdədir. Çünki Ə.Orucovun bu ifadəsini deməsindən öncə etdiyi daha bir açıqlaması maraqlı nüansların olmasından xəbər verməkdədir. Məsələ ondadır ki, heç bir xarici maliyyə donorları tərəfindən maliyyələşmədiyini bildirən partiya sədri yalnız bir etirafı etmişdir. Bildirmişdir ki, onun partiyası Qərb dövlətlərindən birinin elan etdiyi siyasi layihə çərçivəsində "proyekt" hazırlayıb və bunun müqabilində maliyyə dəstəyi alıb. Maraqlısı da odur ki, "Azadlıq" sədri layihənin hansı istiqamətdə elan edilməsini ictimaiyyətdən gizlədib. Bu halın mövcudluğu isə digər radikal və konstruktiv müxalifət partiyalarında olduğu kimi Ə.Orucovun da təşkilatının şəffaf fəaliyyətini sual altında qoyur.
Lakin mövzuya qayıdaraq, adıçıkilən partiya sədrinin radikallardan ayrı fəaliyyət göstərməsinə gələrkən, onu da qeyd etmək mümkündür ki, onun bu tip açıqlamaları heç bir səmimiyyəti özündə əks etdirmir. Yəni bu cür pafoslu çıxışlar yalnız onun özünün özü tərəfindən reklam olunmasına hesablanıb. Siyasi arenada belə halların az şahidi olmayan ictimaiyyət isə kimin kim olduğunu çox gözəl anlayır. Hər halda, populist çıxışların son nəticələri bunları deməyə əsas verir...