Əli Kərimovun növbəti "şikayətnaməsi"
AXCP (i) sədri Əli Kərimov növbəti dəfə əlinə düşdüyü fürsətdən istifadə edərək, Avropaya "şikayətdə" bulunub. Əslində, heç vaxt və heç zaman Azərbaycanı, burada gedən inkişaf proseslərini gözü götürməyən bir partiya sədrinin, mütəmadi olaraq, bu kimi rəzalətlərə yer verməsi ictimaiyyət tərəfindən ikrah hissi ilə qəbul edilməkdədir.
Onsuz da bütün bunları - xəyanəti, satqınçılığı, yalan və böhtanı öz həyat tərzləri hesab edən bu kimi radikal partiya sədrləri nə düzələndirlər, nə də ki, onlardan, ümumiyyətlə, adam-filan çıxmayacaq. Ona görə ki, radikallar faktları, sübutları göz görə-görə korluğa qoyub, xaricilərə "şikayət" edən, o cümlədən, Əli Kərimovun həqiqətdə insan cildində olan şarlatanlardan heç bir fərqi yoxdur...
Belə ki, az qala Avropadan Azərbaycana gələn hər bir diplomata, hətta turistlərə belə, ağız açıb yalvaran bu adamın əlinə yeni fürsət düşüb. Almaniya səfirliyinin nümayəndəsi və Avropanın Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Li Patrissiya Florla görüşündə ağzına çullu dovşan yerləşməyən AXCP (i) sədrinin danışmaqdan ağzına çullu dovşan sığışmırdı. Onun xarici siyasətçilər qarşısında az qala diz çöküb yalançı göz yaşı axıtması, xarakterinə uyğun əzilib-büzülməsi kənardan baxanlara xəcalət verirdi. Avropalı siyasilər AXCP (i) sədrinə etiraz edərək, bildiriblər ki, Azərbaycanda heç bir dəyişikliyə səbəb olacaq durum yoxdur və hazırda ölkədə gedən demokratik inkişaf prosesləri göz qabağındadır. Eləcə də, iqtidar-müxalifət arasında normal mühit formalaşıb. Yəni diplomatlar parlamentdə təmsil olunan müxalifət təmsilçiləri ilə görüşdüklərini və ortada heç bir problemin olmadığını vurğulayıblar. O cümlədən, parlament seçkilərində məğlub olmuş radikal müxalifət təmsilçilərinin "şikayətnamələrindən" də bezdiklərini dolayısı ilə bildirən xarici qonaqlar, bunun məhz radikalların problemi olduğunun deyiblər. Daha dəqiq desək, xalqın, demokratik cəmiyyətin bunları qəbul etmədiyini aşkar şəkildə qeyd ediblər.