Rəsul Quliyev "əqidə dostlarına" qarşı...
Parlament seçkilərindən sonra tamamilə mövqelərini, nüfuzlarını və mənafelərini puça çıxarmış radikal müxalifət partiyalarının qarşılıqlı ittihamları, sərt münasibətləri davam edir. Gah düşərgədə təmsil olunan müxtəlif partiyaları, gah da həmin partiyaların sədrlərini, funksionerlərini ayrı-ayrılıqda ittiham edən radikal fikirlilər nəticədə söz savaşından söyüş və küfür savaşına keçməkdən belə çəkinmirlər. Belə savaşlardan daha birisinə start verilib...
Belə ki, səsi gah Birləşmiş Ştatlardan, gah Hollandiyadan, gah İsveçrə sərhədlərindən, gah Latın Amerikası ölkələrindən, gah da ki, Ərəb Əmirliklərindən gələn "ACP" sədri Rəsul Quliyev, birmənalı olaraq, bütün radikal müxalifəti heçə sayıb və onları kəskin "ittiham atəşinə" tutub. O bildirib ki, artıq heç vaxt həmin partiyaların hər hansı inkişafına və uğur qazanacağına qətiyyən inanmır. Bu barədə təhqirsayağı və istehzalı münasibət bildirən R.Quliyev daha sonra deyib ki, ümumiyyətlə, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının (yəni radikalların) mövqeyi seçkilərdən sonra daha da ölgünləşib: "Ancaq zəiflik seçkiqabağı elə bir vəziyyətdə idi ki, seçkilərdən sonra onun bir qədər də zəifləməsi hiss olundu". Onun dediyi sözlərdən, həmçinin, belə çıxır ki, radikallar hələ seçkilərdən öncə öz zəifliklərini etiraf edərək, seçkilərdə iştirak etməkdən ehtiyat etməliydilər. Yəni, gələcəkdəki biabırçı və acı durumlarını öncədən sığortalamalıydılar. R.Quliyev onu da bildirib ki, sosial bazası olmayan bugünkü müxalifətin bozarmış sifəti parlamentdə olmasa yaxşıdır: "Belə bozarmış sifətli müxalifət nümayəndəsinin parlamentdə təmsil olunmasına nə ehtiyac? Çünki bu adamlar 5 il öncə parlamentdə təmsil olunarkən seçicilərinə nə etdilər ki, indi nə etsinlər?! Bir də, istər resurs baxımından, istərsə də elektorat baxımından bunların heç bir siyasi gücləri də yoxdur".
"ACP" sədri məlum seçkilərdən sonra radikalların müxtəlif adlar altında qondarma qurumlar yaradaraq özlərindən görüntü yaratmalarına da münasibətini bildirərək deyib ki, sözügedən qondarma qurumlar onların cəmiyyətdəki "nüfuzlarına" yetərincə zərbə vurdu: "Düşünürəm ki, həmin dediyim müxalifət parlamentdən sonra qondarma "İctimai Palata" yaratmaqla cəmiyyətdəki zəif mövqeylərinə bir daha zərbə vurdular. Mən təəssüf edirəm ki, bəzi "liderlər" də bu işə qoşuldular".
Bəzi liderlər dedikdə "ACP" sədri, əslində, keçmiş partiyadaşları olan ADP-çiləri nəzərdə tutur və onları ittiham edərək, mesaj verir ki, vaxtilə onun sözlərinə qulaq assaydılar, başlarına bu cür müsibətlər gəlməzdi. Yəni özünü bunlardan fərqli görən və əslində, fərqlənməyən R.Quliyev, görünür, minnət qoymaqla, necə deyərlər, öz çəkisini qaldırmağa çalışır. Bu addımını bir az da qabardaraq, "irəli" gedən "emmiqrant" partiya sədri özünü ağıllı sərgiləmək üçün, guya parlamentin legitim olmadığı iddiasında bulunur. Bu sərsəm iddiası ilə digər radikallardan fərqlənməyən R.Quliyev bu tipli açıqlamaları ilə, təbii ki, şəxsi maraqlarını, dividendlərini, xeyirini güdməyə cəhd edib atdığı addımlarında öz "düzgünlüyünü" düşünür. Ancaq bu adam, həqiqətən də, düzgünlük tərəfdarı olsaydı, hər halda vaxtilə törətdiyi cinayət tərkibli əməllərini etiraf edib, cəzasını çəkmək üçün öz ayağı ilə Bakıya dönərdi, daha özü kimilərinə "ağıl öyrədib", məqsədlərini güdməzdi.