“ANİF" "Ümid"-i sərt ittiham etdi
Son vaxtlar "ANİF" sədri Eldar Namazov "Ümid" partiyasının sədri İqbal Ağazadənin "başından böyük" danışmasına dözə bilməyərək, münasibət bildirib. Elə bundan sonra "ANİF"-lə "Ümid" arasında kəskin ziddiyyətlər yaranıb. Qəribə görünən isə odur ki, ağızdolusu birlikdən danışan müxalifət liderləri bütün seçkilərdən sonra aralarında olan haqq-hesabı tapdalamaqla yanaşı, ört-basdır etdikləri sirlərini də açıb tökürlər. Görünür, elə bu səbəbdəndir ki, 18 ildən artıq müddət ərzində vahid bir nöqtəyə yaxınlaşa bilməyən müxalifət seçkilərdə biabırçı uğursuzluğa düçar olur.
Bu gün müxalifət düşərgəsində qanlı düşmənçilik və nifrət prinsipləri ilə də fəaliyyət göstərən partiyalar ötən parlament seçkilərindən sonra yeni qalmaqal yaratmaqdadır. Misal olaraq AXC-nin köynəyindən çıxmış AXCP (i), "KAXCP", BAXCP və Böyük Quruluş Partiyası arasında heç bir normal münasibətdən söhbət belə gedə bilməz.
Doğrudur, BAXCP və Böyük Quruluş Partiyası arasında sonradan bir qədər mülayim münasibətlər yaransa da, bunu daimi qiymətləndirmək sadəlövhlük olardı. İkinci bir səbəb isə, müxalifət düşərgəsində artıq köhnə və çürük təfəkkürlü münaqişələrin aparılmasıdır. Əgər müxalifət öz mübarizəsini birbaşa efirdən elan edirsə, bunun nəyini köhnə adlandırmaq olar? Amma bir qədər geriyə nəzər saldıqda, o dövr hakimiyyəti illərində belə davalar adi hal kimi qəbul olunurdu. Hətta insanların da gözü onların bu hərəkətlərinə bir növ adət etmişdi. Çünki həmin vaxtlarda müxalifətçilərin bir-birilərini vəhşicəsinə döyməklə hədələdikləri və yaxud da, əxlaqsız fikirlər söylədiklərini Azərbaycan cəmiyyəti yaxşı bilir və bu halları çox görüb. Həmçinin, müxalifət düşərgəsində olan partiyalar da yaxşı bilirlər ki, belə vəziyyətin yaranmasının səbəbkarı kimlərdir. Bu günlərdə mətbuata açıqlama verən "ANİF" sədri Eldar Namazov bildirib ki, müxalifətin birliyinə ən böyük zərbəni "Ümid" partiyasının sədri İqbal Ağazadə və digərləri vurur. Ona görə də, ilk öncə, belələrinin müxalifətin adından parlamentdə təmsil olunması müxalifət adına ləkədir. E.Namazov İ.Ağazadə kimi danışığını, sözünü bilməyənlərin parlamentdə təmsil olunması həmin adamın seçildiyi ərazinin seçicilərinin bu günə kimi hansı problemlərini həll edib? "İ.Ağazadə hər zaman oyun oynamağı, istənilən birliyi pozmağı bacarandır. Bundan isə, qürur duymaq lazım deyil. Qürur o şeydən duyular ki, xeyirli bir iş görəsən. Ancaq bu xüsusiyyətləri İ.Ağazadəyə aid etmək mümkünsüzdür. Ona görə də, onun fəaliyyət göstərdiyi müxalifət düşərgəsi ilə vidalaşması ən yaxşı çıxış yoludur. Bir də düşərgədə təmsil olunan digər liderlər də müxalifətdə olmaları ilə heç də qürur duymasınlar. Çünki hər seçkidə biabırçı uğursuzluqlarını ört-basdır etməklə böhtan atmaq, hay-küy salmaq heç də güclülüyü təsdiqləmir. Ona görə də, siyasət onlarlıq deyil.