Rəsul Quliyev əqidə yoldaşlarını ittiham edir
Parlament seçkilərindən sonra tamamilə mövqe və mənafelərini itirmiş radikal müxalifət partiyalarının qarşılıqlı ittihamları səngimək bilmir. Gah düşərgədə təmsil olunan digər partiyaları, bütövlükdə, gah da həmin partiyaların sədrlərini ayrı-ayrılıqda ittiham edən radikal təxəyyüllülər nəticədə söz savaşından söyüş savaşına keçməkdən belə çəkinmirlər. Belə savaşlardan biri də baş qaldırmaqdadır...
Belə ki, səsi gah Birləşmiş Ştatlardan, gah Hollandiyadan, gah da İsveçrə sərhədlərindən gələn "ACP" sədri Rəsul Quliyev, birmənalı olaraq, bütün radikal müxalifəti heçə sayıb, tənqid edib. (mən deyərdim təhqir edib). Eləcə də, bildirib ki, artıq heç vaxt həmin partiyaların hər hansı inkişafına və tərəqqisinə qətiyyən inanmır. Bu barədə "Qafqazinfo"ya danışan Rəsul Quliyev daha sonra deyib ki, ümumiyyətlə, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının mövqeyi seçkilərdən sonra daha da zəifləyib:"Ancaq zəiflik seçkiqabağı elə bir vəziyyətdə idi ki, seçkilərdən sonra onun bir qədər də zəifləməsi hiss olundu".
Onun sözlərindən belə çıxır ki, radikallar hələ seçkilərdən öncə öz zəifliklərini etiraf edərək, seçkilərdə iştirak etməkdən ehtiyyat etməliydilər. Daha dəqiq desək, gələcəkdəki biabırçı durumlarını öncədən sığortalamalıydılar. Çünki istər resurs baxımından, istərsə də elektorat baxımından bunların heç bir siyasi gücləri olmayıb."ACP" sədri məlum seçkilərdən sonra radikalların müxtəlif adlar altında qondarma qurumlar yaradaraq özlərindən görüntü yaratmalarına da münasibətini açıqlayaraq bildirib ki, sözügedən qondarma qurumlar onların cəmiyyətdəki "nüfuzlarına" köklü zərbə vurdu: "Düşünürəm ki, həmin dediyim müxalifət parlamentdən sonra qondarma "İctimai Palata" yaratmaqla cəmiyyətdəki zəif mövqeyinə bir daha zərbə vurdu. Mən təəssüf edirəm ki, bəzi "liderlər" də bu işə qoşuldu".
Bəzi liderlər dedikdə R.Quliyev, əslində, keçmiş partiyadaşları olan ADP-çiləri nəzərdə tutur və onları ittiham edərək, ismarıc yollayır ki, vaxtilə onun sözlərinə qulaq assaydılar başlarına bu cür müsibətlər gəlməzdi. Yəni özünü bunlardan fərqli görən və əslində, fərqlənməyən Rəsul Quliyev artıq gəlib, minnət qoymaqla necə deyərlər, öz "ves"ini qaldırmağa cəhd edir. Bu təbirini bir az da qabardaraq "qabağa" gedən "qaçqın" partiya sədri özünü ağıllı sərgiləmək üçün guya parlamentin legitim olmadığı iddiasında bulunur. Bu sərsəm iddiası ilə digər radikallardan fərqlənməyən R.Quliyev bu tipli açıqlamaları ilə, təbii ki, şəxsi maraqlarını, dividendlərini və daha nələrini güdməyə cəhd edib atdığı addımlarında "düzgünlüyünü" düşünür. Fəqət, bu adam "düzgün" olsaydı, hər halda vaxtilə törətdiyi cinayətlərini etiraf edib, cəzasını çəkmək üçün öz ayağı ilə ölkəyə dönərdi, daha özü kimilərinə "ağıl" yürütməzdi...