Avropalılar müxalifət sədrləri ilə görüşəndə...
Ara-sıra ölkəmizə səfər edən beynəlxalq qurumların, təşkilatların və daha başqa hər hansısa xarici "ictimai birliklərin" nümayəndələri, məlum olduğu kimi, müxalifət nümayəndələri ilə də görüşlərə qatılırlar. Əlbəttə ki, burada heç bir qeyri-adilik və ya problem yoxdur. Çünki ölkəmizdə demokratiya baxımından ictimai-siyasi ab-havanın mütləq mövcudluğu heç bir siyasi ayrı-seçkiliyə şərait yaratmır. Daha dəqiq vurğulasaq, istənilən beynəlxalq təşkilatın istər iqtidar, istərsə də müxalifət nümayəndələri ilə görüşləri sırf demokratik vəziyyətdən xəbər verməkdədir və buna heç kimin qətiyyən şübhəsi olmasın. Lakin məsələ yalnız bu müstəvi üzərində qurulmayıb, çünki ictimaiyyət dəfələrlə şahidi olub ki, Avropada fəaliyyət göstərən qeyri-ciddi, təhriflərə yol verən təşkilatlar da mövcuddur ki, həmin təşkilatlar öz təbirlərincə, hesabat, yaxud münasibət açıqladıqları vaxt sırf tərəfsizlik yerinə birtərəfli mövqe nümayiş etdirərək, sifariş əsasında xidmət göstərdiklərini sərgiləyirlər. "Human Ritç Watch", "Freedom House", "West Mistr" kimi təşkilatları bu tip qurumlara aid etmək olar. Radikal müxalifət düşərgəsinin sədrləri də bu "imkandan" maksimum yararlanmağa cəhd edirlər. Yəni qarşılıqlı və sifarişli razılaşmalar əldə edən radikallar və sözügedən xarici təşkilatlar müəyyən vədlər verib iş birliklərinə gedirlər, həmin iş birliklərinin nəticələri də hər kəsə bəllidir.
Müxtəlif tədbirlərdə, toplantılarda azmüddətli ayaqüstü görüşən müxalifət mənsubları ilə səfirlik əməkdaşlarının söhbətləri onlara aid olan mətbuat səhifələrində az qala "möhtəşəm diplomatik görüş", "əvəzolunmaz qərarların qəbulu" kimi təqdim olunur. Əslində, ürəkbulandıran və aşırı istehza xarakterli məlumatların bu qədər şişirdilərək radikal müxalifət qəzetlərinin manşetlərinə çıxarılması, yaxud da "önəmli xəbər" kimi 1-ci, 2-ci səhifələrində işıqlandırılması səfirlik əməkdaşlarının da ürəyincə olmur. Yəni haradasa 1-2 dəqiqəlik salamlaşmanın "partiya sədri filankəsov filan səfirliyin filan işlər üzrə katibi ilə görüşüb, filan qərara gəlindi" kimi sərsəmləməsi həmin səfirliklərin nümayəndələri tərəfindən təəccüblə qarşılanır. Hətta əldə olunan xəbərlərə görə, adının açıqlanmasını istəməyən xarici səfirlik əməkdaşlarından biri "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə müraciət edib və fikirlərinin aşırı surətdə təhrif edilməsinin yolverilməz olduğunu bildirib. O, adıçəkilən qəzet rəhbərlərindən tələb edib ki, təkzib xarakterli məlumat yaysınlar, əks halda onları məhkəməyə verib öz haqqını tələb etmək məcburiyyətində qalacaq.