PDF Oxu

Müxalifət

  • 20

Müsavatın qurultayı yaxınlaşdıqca...

Müsavatın qurultayı yaxınlaşdıqca...

AXCP (i) və Müsavatın bir siyasi təşkilatda "birləşmək" ideyalarına daha bir iflas zərbəsi dəyməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, hələ bir müddət öncə başqan İsa Qəmbərovun vədinə xilaf çıxaraq "bir addım irəli, iki addım geri" prinsipini reallaşdırması, eləcə də, Müsavatda az-çox nüfuzu olan müavin və fuksionerlərin, eyni zamanda, rayon partiya təşkilatlarının kütləvi istefaları istər "birləşmə" məsələsinə, istərsə də, ümumi iflasa hesablamış addım kimi dəyərləndirilir.

Hər zaman vədinə xilaf başqan

Və əslində, bu cür qənaətə gəlmək üçün kifayət qədər digər amillər də mövcuddur. İlk öncə, İ.Qəmbərov dolayısıyla, sonradan isə birmənalı şəkildə AXCP (i) ilə birləşməkdən imtina etdi. Həqiqət isə ondan irəli gəlir ki, əgər hər iki siyasi təşkilat razılaşma əldə edirsə, sonradan tərəflərdə bir razılaşmanı pozursa, bu, həmin razılaşmanın 100 faiz arzulanması reallıqdır. Başqa tərəfdən nəzər yetirdiyimiz zaman, birləşmədən imtina edən fərddən birləşmə tərəfdarları ayırmırsa, demək bununla bağlı hər hansı müsbət qərarın verilməsinə ümid kökündən tükənmişdir. Ancaq başqan öz vədinə xilaf çıxdıqdan sonra da bu iki partiya arasında "birləşmə" dedi-qoduları bitmək bilmir. Çünki siyasi baxımdan bunu özünə "ölümqabağı bir qurtum su" kimi qəbul edən AXCP (i) sədri Ə.Kərimov sözügedən məsələdən maksimum yararlanmağı qət edib. Yəni bir tərəfdən İsa deyir ki, "mən artıq bu ideyanı dəstəkləmirəm". Əli isə cavab olaraq bildirir ki, "bu məsələ tam olaraq qapadılmayıb". Ə.Kərimovun müavini Fuad Qəhrəmanlı isə mətbuata açıqlayır ki, birləşmə məsələsi yalnız İsa Qəmbərovun iradəsindən asılı deyil. F.Qəhrəmanlı İ.Qəmbərovun başqanlıqdan istefa verməsinin tərəfdarı kimi çıxış edərək, deyib ki, istənilən partiyanın nizamnaməsində ən ali orqan həmin təşkilatın qurultayıdır. Bu isə, o anlama gəlir ki, Müsavat yüzə-yüz faiz AXCP (i)-nin idarəçiliyindədir və İ.Qəmbərov öz təşkilatında müqəvva sədr kimi oturub, əlbəttə ki, qurultaya qədər... Eyni zamanda, F.Qəhrəmanlı digər bir fikri də ortaya atıb ki, Müsavat funksionerləri, başqan yaradıcıları birləşmə ilə bağlı partiya daxilində müzakirələr aparırlar. Necə ola bilər ki, başqan dura-dura yaradıcıları və funksionerləri müzakirələr aparsın? Bax məsələnin də, yuxarıda qeyd olunanların da məğzi məhz bu trayektoriyada cərəyan edir. Nəticədə hər şey bəlli olur. Belə ki, "birləşmək" ideyasını Müsavat başqanı ortaya atmışdı ki, parlament seçkilərində "qələbə" əldə etsin. "Qələbə" əldə olunmadıqdan sonra bundan imtia edildi. Ona görə ki, Qəmbərovun qənaətincə, onun seçkilərdən sonrakı məğlubiyyəti bütün "rıçaqları" Ə.Kərimova ötürdü. Əgər sözügedən "birlik" baş tutsa idi, Müsavat başqanı öz kreslosunu daha tez itirmiş olacaqdı. Bu itkini minimum həddə salmaq üçün həmin ideyadan imtina etdi, nəticədə AXCP (i) ard-arda Qəmbərovun üzünə minnət qoydu. Eyni zamanda, başqanın da hesablamaları onun üçün xeyirli olmadı. Yəni istefalar dalğası deyilənlərin tam sübutudur. Nəticədə...

"Qisas günü"

Nəticədə çoxdan gözlənilən "qisas günü" tandemi sözügedən hadisələri ağuşuna aldı. Başqanın "KQB" agentliyi çərçivəsində yeni-yeni söhbətlər siyasi gündəmə çıxarıldı və bunu Qəmbərovun eks-partiyadaşları, xüsusilə, Sülhəddin Əkbərov daha həvəslə sərgilədi.
Sözsüz ki, Ə.Kərimovun göstərişi əsasında. Lakin vurğulamaq lazımdır ki, Qəmbərovun istefası məsələsinin onun özü tərəfindən uzadılması "cəbhəçilərə" də müəyyən qədər sərf edir. Çünki bu proses uzandıqca, onlar Müsavat rəhbərliyinin daha çox gözdən salınması istiqamətində işlər görürlər və bununla da narazı elektoratı öz ətraflarına cəmləşdirməyə cəhd edirlər.

Nəticə bəllidir

Baş verənlərdən belə qənaətə gəlmək mümkündür ki, İ.Qəmbərov özü-özünü tələyə salaraq, futbol termini ilə desək, "ofsayd"a, yəni oyundankənar vəziyyətə salıb. Başqa nüansı da xatırladaq ki, Müsavat başqanına etiraz edərək istefaya gedən hazırkı eks-müsavatçıları məhz Ə.Kərimov müdafiə etmişdi. Hətta o "məsləhət" görmüşdü ki, onlar istefaya getməkdənsə, partiyanın qurultayında öz mövqelərini bildirməklə daha çox iş görə bilərdilər. Yəni Müsavatı istefa verərək deyil, daxildən parçalanmağı onlara "tövsiyə" etmişdi. Eyni zamanda, əgər AXCP (i) funksioneri öz sədri adından bu tipli bəyanatlar səsləndirirsə, deməli, həmin bəyanatların arxasında daha başqa məqamlar da mövcuddur. Yəni "cəbhə" rəhbərliyi onlar tərəfdə olan müsavatçıların qurultayda öz sözlərini deyəcəklərinə, hətta başqanı kənarlaşdıracaqlarına inanır. Ancaq İ.Qəmbərov da qurultaya az bir müddət qalmış toplantıda birləşmə məsələsinin müzakirə olunmayacağını deməsi onu göstərir ki, onun özü də tələdə olmasına rəğmən hazırlanan ikinci tələdən xəbərdardır. Bütün hallarda Müsavatın qurultayı Qəmbərov üçün çox ağır "stadiya" olacaq. İstər AXCP (i) rəhbərliyinin anti-Müsavat planları, istər partiyada davamlı olaraq baş qaldıran istefalar, istərsə də, başqanlıqdan getməyə hazırlaşması onun partiyadakı mövqelərini tamamilə zəiflədib. Bu gün onun partiyadakı mövqeyi, öncəki illərdə olduğu kimi, deyil və o, həlledici məqamda öz postundan devriləcək.
Son vaxtlar İ.Qəmbərova dəstəyin yalnız Arif Hacıyev tərəfindən verildiyi məsələsi də gündəmə çıxarılmaqdadır. Amma bu qədər reallığa uyğun "həqiqətdir"? Məsələ ondadır ki, A.Hacıyevin başqana "dəstək" verməsi arxasında onun "maddi rifah" halı dayanıb. Daha dəqiq desək, Hacıyevə yaxın mənbələrdən sızan məlumatlara istinadən deyə bilərik ki, Qəmbərovun öz postunu itirməsi üçün bir sıra xarici maliyyə təşkilatlarına müraciətləri olmuşdur. Bunlar arasında Fransa və Hollandiyada fəaliyyət göstərən Erməni Konqresinin biznesmenləri də var. Qəmbərovun Almaniyada Manukunyanla "saziş" imzalaması arxasında da sözügedən amilin olması təkzibolunmazdır. Və əgər bu maddi donorlar Qəmbərova dəstəkdən imtina etsələr A.Hacıyevin də "sadiqliyindən" əsər-əlamət qalmayacaq. Bizdən isə gözləmək və baş verəcək reallıqları izləmək qalır...

Digər xəbərlər