Əli Kərimovun quldur müşavirinə və digər cinayətkar qruplaşma üzvlərinə hökm oxundu
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Bakı şəhər sakini Ruqiyyə Məmmədovanın evinə basqın edərək, quldurluq yolu ilə külli miqdarda pul və zinət əşyaları oğurlamaqda təqsirli bilinən Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirildi. Əvvəlcə təqsirləndirilən Hüseyn Qurbanov son söz ilə məhkəməyə müraciət etdi. Daha sonra hakimlər prosesdə fasilə elan edərək, müşavirə otağına yollandılar. Fasilədən sonra isə hakim T.Nəsrullayeva hökmü elan etdi.
Beləliklə, Mehrəliyev Racu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il, Məmmədrzayev Qabil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il, Ağayev Mirzə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il, Mürsəliyev Elnur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 228.1, 228.4 maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay, Qurbanov Hüseyn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 8 ay 8 gün azadlıqdan məhrum ediliblər. Zərərçəkmiş şəxsin mənzilindən 200 min ABŞ dolları oğurlanması barədə qeyd təsdiqini tapmadığı üçün ittihamdan xaric edilib. Eyni zamanda, evdən götürülən 5654 manat pulun və bir videokameranın zərərçəkmiş şəxsə qaytarılması və onların əmlakının müsadirə olunmaması barədə qərar qəbul olunub.
Qeyd edək ki, cinayətkar qrupun üzvlərindən biri Q.Məmmədrzayev həbs olunan vaxta qədər AXCP (i) sədri Əli Kərimovun müşaviri işləyib. Elə bu fakt bir daha bu düşərgə üzvlərinin hansı keyfiyyətlərə malik olduqlarını, onların hansı amala xidmət etdiklərini ortaya çıxarır. Bu hadisənin işıq üzünə çıxardığı başqa detallar da var ki, onların üzərində dayanmağa ehtiyac var. Belə ki, artıq qeyd olunduğu kimi, bu gün quldurluq etdiyi üçün bundan sonrakı həyatının 10 ilini dəmir barmaqlıqlar arxasında keçirməyə məhkum olunan Q.Məmmədrzayev siyasi arenada "boy göstərən" bir partiya sədrinin müşaviri işləyib. Həmin şəxsin belə əməllərə imza atması həm də, bilavasitə, AXCP (i)-nin sırf tərcümeyi-halıdır. Bu fakt, həmçinin, partiyaların maliyyələşməsi məsələsində, eyni zamanda, şəffaflığın təmin olunmasında, eləcə də, həmin partiyanını tərkibində hansı təxəyyüllü adamların fəaliyyət göstərmə zərurətini yenidən gündəmə gətirir. Çünki beynəlxalq təcrübədən də artıq bildiyimiz kimi, bəzi partiyaların maliyyələşməsində çirkli pulların və cinayət yolu ilə əldə olunmuş gəlirlərin rolu olur. Bu cinayət tərkibli halların partiyalar daxilində baş verməsi arxasında Məmmədrzayev kimi tamahkarlar, nəfsinə qalib gələ bilməyən siyasətbazlar törədir. Hətta nəzarətsizlik halında, bu maliyyə vəsaitləri dövlətin daxilində sabitliyi pozmağa yönəlmiş cəhdlərə də xərclənə bilər. Doğrudur, ölkəmizdə mövcud olan effektiv idarəçilik sistemi, demokratik şərait, qanunların işləməsi və dövlət-vətəndaş münasibətlərin yüksək səviyyədə qurulması Azərbaycanı bu tip mənfi ssenarilərdən sığortalasa da, buna baxmayaraq, istənilən halda siyasi təşkilatların, xüsusən, keçmişdə dövlətçiliyimizə qarşı müxtəlif təxribatlara imza atmış siyasi qüvvələrin maliyyələşməsində şəffaflığın təmin olunması mühüm bir şərtdir. Bu baxımdan əminliklə deyə bilərik ki, məlum məsələ ilə bağlı AXCP (i) sədrinin müşaviri Q.Məmmədrzayevin cinayət əməli mənsub olduğu partiyada işlərin hansı şəkildə idarə olunduğunu sərgiləyir. Hər halda, zamanı çatanda bu cür arzuolunmaz problemlərin bir daha yaşanmaması üçün qanunamüvafiq orqanları tərəfindən ciddi tədbirlər görüləcək.