AXCP (i) cinayətkar yuvasına çevrilir
Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.
Onlar özlərini təqsirli bildiklərini və hakimdən ədalətli hökm çıxarılmasını xahiş ediblər. H.Qurbanov isə son sözünü axıra qədər tamamlamayıb. O, ətraflı çıxış etmək üçün vaxt istəyib. Məhkəmə fevralın 14-dək təxirə salınıb.
Yeri gəlmişkən, qeyd edək ki, ittihama görə Mehralıyev Racu, Qurbanov Hüseyn, Mirzəliyev Elnur, Ağayev Mirzə və Məmmədrzayev Qabilə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək, quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. İbtidai istintaq zamanı məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən M.Ağayev verib. M.Ağayev isə bu məlumatı dostu Q.Məmmədrzayevə ötürüb. Ötən proseslərdə dövlət ittihamçısı H.Qurbanovun 13 il 6 ay, E.Mirzəliyev, Q.Məmmədrzayev, M.Ağayevin 13 il, R.Mehralıyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan əlavə, zərərçəkmiş şəxsin mənzilindən götürülən pulların geri qaytarılması tələb olunub. Yeri gəlmişkən, onu da əlavə edək ki, Q.Məmmədrzayev həbs olunan günə qədər AXCP (i) sədri Əli Kərimovun müşaviri işləyib.