Sərdar Cəlaloğlu Rəsul Quliyevə rədd cavabı verib
Radikal düşərgədə son zamanlar "birləşmə" adı altında baş verən proseslər ADP ilə "ACP"-dən də yan keçməyib. Belə ki, Amerikadan, İsveçrədən səsi gələn Rəsul Quliyev bu dəfə köhnə partiyadaşı Sərdar Cəlaoğluya ağız açıb.
Ağız açması arxasında isə onun yenidən "birləşmə" təklifi dayanmaqdadır. Məsələ ondadır ki, daha öncələr də, bu təklifdə bulunan R.Quliyev, mütəmadi olaraq, rədd cavabı almasına baxmayaraq, öz yalvarış xarakterli "xahişini", nəyin bahasına olursa-olsun, reallaşdırmağa cəhd edir. Hətta əldə etdiyimiz məlumatlara görə, ADP qərargahından R.Quliyevə telefon zəngi açılmış və dəfələrlə bu "xahişi" barədə bir də onları narahat etməməsi tələb olunmuşdur. Lakin necə deyərlər, Qərb həyat tərzinə alışmış "ACP" sədri həyasızlığından və qırmızılığından kənara çəkilməyi düşünmür.
Məlum olduğu kimi, istər bu, istərsə də digər məsələlərlə bağlı iki partiya arasında bir çox olaylara son qoyulub. Həmin olaylardan növbətisi isə, bəlli məsələdir ki, bu da S.Cəlaloğlunu əməlli-başlı bezdirib. Lakin ortada digər bir nüans da mövcuddur. Məsələ ondadır ki, yaxın vaxtlarda İngiltərəyə getmiş AMİP lideri Etibar Məmmədov da R.Quliyevdən "birləşmək" təklifi almışdı və bu təklif rədd edilmişdir. Yəni, E.Məmmədov R.Quliyevin S. Cəlaloğlu ilə əlaqə saxlayacağını artıq proqnozlaşdırmışdı. Məhz bu proqnoz AMİP liderini ehtiyatlı davranmağa məcbur etdi. Çünki o, ADP ilə AMİP-in iş birliyinə getməsini bəribaşdan istəmirdi. Buna görə də, İngiltərəyə gedib başını açmağı özünə çıxış yolu tutan E.Məmmədov R.Quliyevin təklifinə yox cavabı verdi. Daha dəqiq desək, əgər R.Quliyev-S.Cəlaloğlu "sevdası" baş tutsaydı E.Məmmədov da bu "sevdanın" real qurbanına çevrilə bilərdi. Qısası, "birləşmə" oyunları və buna bənzər siyasətbazlıq əməlləri alınmır ki, alınmır. Çünki radikalların birləşməsi, ümumiyyətlə, mümkün olan şeyə bənzəmir, onlar elə bunu etməsələr yaxşıdır. Necə deyərlər, "çoxluq yoxluqdur".