AXCP (i)-də anti-Müsavat planı hazırlanır
Əli Kərimova yaxın adamlardan əldə etdiyimiz məlumatlara əsasən, AXCP (i)-də Müsavata zərbə endirməyin, konkret olaraq, İsa Qəmbərovun sıradan çıxarılmasının, maliyyələşməsinin qarşısının alınmasının yolları axtarılır. Məlumatda o da deyilir ki, artıq Müsavatı vurmağın yolları müəyyənləşdirilib. Hal-hazırda da AXCP (i) rəhbərliyi və şəxsən Ə.Kərimov üçün ən önəmli məsələ budur. Ə.Kərimov bu "plan"ını təkcə AXCP (i) çərçivəsində məhdudlaşdırmayacaq, həmçinin, bu "plan"ın həyata keçirilməsində, Müsavatın və İ.Qəmbərovun vurulmasında o, digər bir neçə partiya ilə də gizli sövdələşmə əldə edib.
Ə.Kərimovun bu "planı"na Sülhəddin Əkbər də daxildir. Konkret desək, o, İ.Qəmbərovu vurmağın ən əsas detallarını S.Əkbərlə müzakirə edib və buna qərar verilib. AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı əvvəllər bu "plan"ın əleyhinə çıxsa da, sonradan o da razılaşıb.
Məlumatlara əsasən, Ə.Kərimov mart ayından etibarən Müsavata ilk zərbəsini vuracaq. Lakin Müsavatda nə olur-olsun İ.Qəmbərovu elə də incitməz, bircə maliyyə məsələlərindən başqa. Əvvəla, ona görə ki, onun hər iki oğlu xarici qüvvələr tərəfindən himayə olunur, onlara biznes şəraiti yaradılıb. Yəni onların İ.Qəmbərova maddi yardımları təkcə partiya səviyyəsində məhdudlaşmır. Yəqin ki, Ə.Kərimov bu məsələdə istədiyinə nail ola biləcək. Çünki Ə.Kərimov erməni kapitalistlərinin rəhbərlik etdiyi bu qurumların ən çox inandığı, etibar etdiyi adamdır. Onun sözü eşidiləcək, amma qismən. Ona görə ki, heç kəs agentura sistemini tam halda narazı salmaq istəməz.
Bütün bunlarla yanaşı, bu addım AXCP (i)-nin özünə də böyük ziyan vuracaq. Hər şeydən əvvəl, ona görə ki, AXCP (i)-də konkret adamlar var ki, orda baş verənləri, Ə.Kərimov planlarını hər gün ən incə detallarına qədər İ.Qəmbərova çatdırır.
Ümumiləşdirib bir sıra məsələləri analiz edəndə, görürük ki, İ.Qəmbərov onun bu planından xəbərsiz deyil. Yəni İ.Qəmbərov da ona adekvat cavab verəcək. Bütün bunlar nəticədə onlar arasında açıq müstəviyə keçəcək, hətta onlar arasında üzbəüz söyüşlər, dava-dalaşlar da ola bilər. Görünən reallıq o olacaq ki, hər iki partiya AXCP (i) və Müsavat parçalanmalara, istefalara məruz qalacaq. Sosial bazanın olmaması isə hər ikisinin də şəxsi maraqlarına qurban gedəcəyini şərəfləndirir.