Bəşəri dəyərlər sistemində bəzən iradəcə zəif olan insanların deqradasiya prosesini izləmək heç də müşkül olmur. Çünki bütün yaradılmışların ən alisi olan insan vicdanı və əqidəsi qarşısında zaman-zaman imtahan verməli olur. Reallıqlar və prinsiplər müstəvisində cəmiyyət daxilində baş verən istənilən tendensiyanı isə hər kəs görür. Bu baxımdan da, kimlər istəsə də, istəməsə də, reallığı gizlədə, hər şeyi görmədilər kimi görüntü yarada bilməzlər.
Ona görə də, istənilən halda münasibətlər sistemindəki dəyərlər axınını izləyərkən, müəyyən qarışıq sifətlərə də rast gəlmək mümkündür. Bu işin bəlalı cəhəti isə odur ki, sadalanan prinsipləri özlərində gəzdirənlər siyasi sferada var-gəl edirlər. Əgər bu işin adı da müxalifətçilik qoyulursa, maraq və məqsəd isə başqa ünvana istiqamətlənibsə, elə əsil faciə məhz bundan sonra başlayır. Çünki prinsiplər və mahiyyətlər başqa məzhəbdən xəbər verdiyi zaman müxalifət dilindəki ifadələri isə tamam fərqli ünvanlara yönəlir. 20 ilə yaxındır ki, bu sferada var olduqlarını isbatlamağa çalışan müxalifət üçün əslində hər günün və saatı öz qərarları mövcuddur. Ə.Kərimovun ətrafında oğru, quldur, fırıldaqçı, üzdəniraq insanların cəm olduğunu da, kiminsə nəzərindən kənarda saxlamaq qeyri-mümkündür. Gec və ya tez 40 günə Ə.Kərimovun sifarişi ilə onun əlaltılarının nə işlə məşğul olmaları üzə çıxır. Elə bu səbəbdən də, AXCP (i)-nin mətbu orqanı olan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin özünəməxsus əməlləri ilə Ə.Kərimovu necə təbliğ etməsini, misal göstərmək heç də ayıb sayılmaz. Amma AXCP (i)-də olanlar və olacaqlar heç də bununla bitmir. Çünki A.Xəlil biabırçılığının ardınca Ə.Kərimov yaxın adamı ona partiya işində köməkçilik edən Qabil Məmmədrzayevin oğurluq yolu ilə öz havadarını necə təmin etməsi faktı üzə çıxdı. Məlum oldu ki, Q.Məmmədrzayev A.Xəlilin "etdiyi" dilə gəlməsi belə utancverici bir hərəkətindən sonra onu kölgədə qoymağı düşünürmüş. Elə bu məqsədlə də, Ə.Kərimovun xeyir-duası ilə azyaşlı uşaqlara zor tətbiq edib, onları böyükləri evdə olmadığı hallarda yaşadıqları evlərinin qapısını açmağa təhrik edən Q.Məmmədrzayev ayrı-ayrılıqda bir neçə dəfə bu iyrənc əmələni təkrar edib. Məhz bu cür yollarla əldə edilən qənimətlərin müqabilində "qazandığı" pullarla havadarı Ə.Kərimovun imtiyazlarını təmin etməyə çalışan Q.Məmmədrzayev az keçmədi ki, ifşa olundu.
Müxalifət düşərgəsində insanları üz-üzə qoymaq prinsipi aşılanır
Nəzərə almaq lazımdır ki, AXCP (i)-dəki proseslər A.Xəlilin, Q.Məmmədrzayevin "hərəkətləri" ilə bitmədi. Aradan bir müddət keçməmiş Ə.Kərimovun qəzetinin baş direktoru Azər Əhmədovun "əxlaqi keyfiyyətləri" ortaya çıxdı və məlum oldu ki, AXCP (i)-də hələ nələr baş verib. Bundan sonrasını isə gözləməmək, sadəcə, obyektivlik olmazdı. Elə bu zərurətdən də, AXCP (i)-də yaranmış bir neçə aylıq sükutu yenidən qurumun mətbu orqanı funksiyasını yerinə yetirən "Azadlıq" qəzeti pozmuş oldu. AXCP (i) rəhbərliyi səviyyəsində münasibət bildirilən "Azadlıq" qəzeti daxilində baş verən çəkişmələr, eyni zamanda, adıçəkilən mətbu orqanının səhifələrində də özünü büruzə verir. Amma bu utancverici olaya hələ ki, nə AXCP (i) rəhbərliyi, nə də ki, "Azadlıq" qəzetinin baş redaktorluğu səviyyəsində dur deyən tapılmasa, müəyyən bir dövrə üçün bu söhbəti yatırtmışdılar. Amma qığılcımın yenidən alovlanması həmin prosesin bütün çılpaqlıqlarını üzə çıxarmış oldu. Elə buradan da, bir məntiqli sual çıxır ki, necə ola bilər ki, cəmiyyət informasiya ötürmək, onun maarifləndirmək, əyləndirmək funksiyasını yerinə yetirən bir qəzetin səhifəsində onun iki əməkdaşının münaqişələri əks olunsun? Axı bu hal heç bir məntiqlə və açıqlama ilə izah oluna bilməz. Eyni zamanda, bu, bizim mental dəyərlərimizə də zidd gedən bir tendensiyadır. Hər bir kollektivdə, idarə, və müəssisədə müəyyən insanlar arasında narazılıqlar, hətta mübahisələr ola bilər. Bu, təbii bir haldır. Çünki insanların hamısı eyni düşüncəni paylaşmır. Sadəcə olaraq, bu cür məsələləri bir otaq çərçivəsindən kənara çıxarmaq ayıbdan başqa şey sayıla bilməz. Görünür ki, nə AXCP (i) rəhbərliyi, nə də ki, "Azadlıq" qəzetinin baş redaktorluğu ayıb məsələsində bir qədər gözləmə mövqeyindədir. Onlar gözləyib qərar verənə qədər isə Qan Turalı və Elnur Astanbəyli öz köşə yazılarında bir-birini yenidən tənqid edirlər, fəaliyyətlərindəki çatışmazlıqları və təzadları analiz edib buna müxtəlif mənalar yükləməkdə, ictimailəşdirməkdə davam edəcəklər. Bu hal isə istər-istəməz diqqət çəkməklə yanaşı, insanlarda ikrah hissi ilə qarşılanır. Amma çox maraqlıdır ki, qəzet rəhbərliyi bu atışma barədə nə düşünür? Bəlkə onlar bu cür hoqqabazlıqlarla süni qalmaqallarla, qəzetlərinin tirajını artırmaq üçün bir plan hazırlayıblar?