Radikal müxalifətdə qarşılıqlı ittihamlar...
Radikal müxalifətdə baş verən proseslər, cərəyan edən hadisələr get-gedə söz müharibəsindən açıq müstəviyə keçməkdədir. Bu barədə istər onlara məxsus mətbuatda, istər saytlarda, istərsə də kuluarlarda kifayət qədər məlumatlar yayılmaqdadır. Belə ki, heç bir söz sərhədi gözləməyən radikal siyasi təşkilat rəhbərləri son anlarda bir-birilərinin "kartlarını" açmaqla hədələyir, biabır edəcəkləri ilə şantajlar yağdırırlar. Buna misal kimi, AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovu, "Azadlıq" partiyasının sədri Əhməd Orucovla Pənah Hüseynovu, AMİP sədri Yusif Bağırzadə ilə "VİP" sədri Əli Əliyevi və digərlərini göstərmək mümkündür. Bütün bunlar isə, nəticə etibarı ilə düşərgənin dağılmasına 100 faizlik qarantiyadır. Daha dəqiq desək, yaxınlarda hər hansı savaşın baş verməsinin şahidi olsaq, dediklərimizin nə qədər həqiqətə uyğun olmasının şahidi olarıq.
Bu çərçivədə onu da vurğulamaq yerinə düşərdi ki, son vaxtlar istər "lider" olsun, istərsə də partiya sədri olsun, müxtəlif bəhanələrlə xaricdən qrant almağı yenidən yalançı vədləri ilə planlaşdıranlar növbəti addımlarında pulsuz-parasız qaldıqlarından yuxarıda bildirdiyimiz kimi, şantaj kimi vasitələrdən istifadə etməyi qarşılarına məqsəd qoyurlar.Bəs şantajlar nədən ibarətdir? Məsələn, şantajlara Əli Kərimovla İsa Qəmbərov arasında olanları misal göstərmək olar. Artıq hər kəsə məlumdur ki, adıçəkilən iki fərd həddindən artıq düşmənçilik mövqeyindədirlər və adamları vasitəsi ilə bir-birlərinə olmazın həqarətlər, söyüşlər göndərməklə, şübhəli keçmişlərini ictimaiyyətləşdirəcəkləri ilə hədələyirlər. İstənilən vəziyyətdə bu adamların iç üzləri ifşa edilərək, xalqa məlum olur.
Əhməd Orucovla Pənah Hüseynovu da bu sıraya qatmaq mümkündür. Çünki yaradılmağı ilə dağılması eyni zamanlara təsadüf edən birlik və blokların qrant üstündə didişmələri nəticədə söyüşlərlə sona yetir. Bir müddət öncə Orucovun Hüseynova "naxırçıbaşı" kimi ifadələr səsləndirməsini, buna cavab olaraq, ikincinin birinciyə "qaramal partiyasının rəhbəri" timsalında gördüyünü mətbuat səhifələrinə çıxarması da deyilən həqiqətlərdəndir.
Düşmənçilik mövqeləri şiddətli sayıla biləcək radikallardan növbətiləri isə Yusif Bağırzadə ilə Əli Əliyevdir. Daha öncələr Etibar Məmmədovun AMİP-ində birgə fəaliyyət göstərən bu iki şəxsin qarşılıqlı olaraq bir-birlərini görməyə gözləri yoxdur. Onların bu cür münasibətləri, əslində, daha öncələrə dayanır. Etibar Məmmədovun partiyadan getməsini istəyən o zamankı AMİP-çi Əli Əliyevə qarşı ən sərt mövqe nümayiş etdirən də Yusif Bağırzadə olub. Yəni onun həmin söz-söhbətlər nəticəsində Ə.Əliyevə əl qaldırması ciddi qarşıdurmalarla polis məntəqəsində yekunlaşmışdı. Bu gün radikal müxalifət düşərgəsində şəxsi maraqları naminə söyüş və həqarətləri üzlərinə və özlərinə götürərək, həzm edən siyasətbazların bundan artıq nə isə bacarmaları da böyük sual altında qalan reallıqlardandır. Bəs bu reallıq, ümumiyyətlə, hansı səmtə yönəlmiş yollardandır? Cavab birdir: bu yol iflas və acı sonluğun uçurum yolundan başqa heç nə deyil...