Bəxtiyar Hacıyev, nəhayət ki, durumunu etiraf etdi
Ötən parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyev seçkidə cəmiyyətdən dəstək almadıqdan sonra öz məğlubiyyətini sığortalamaq üçün müəyyən hərəkətlərə yol verir.
O, bir müddət öncə səsləndirmiş olduğu fikirlərindən imtina edərək, başbilənlərinin göstərişi ilə yeni iddialara düşüb. İlk növbədə, qarşısına qoyulmuş tapşırığı yerinə yetirmək üçün ordu sıralarında xidmət etməkdən boyun qaçırmaqla, müəyyən vaxt udmağa çalışan B.Hacıyev elə bu məqsədlə ölkədən qaçmağı planlaşdırmışdı. Lakin onun Azərbaycan-Gürcüstan sərhədində fərarilik edərək, başqa ölkənin ərazisinə keçməsinin qarşısı qətiyyətlə alınıb. Elə bu məqamdan sonra B.Hacıyev müxalifətçi başbilənlərinin diqtəsi ilə ordundan yayınmasının naməlum səbəblərini müxtəlif mənalara yozmağa çalışdı. Amma nə fayda ki, Azərbaycan reallığında ordu sıralarında xidmətdən möhlət hüququ olmayan şəxslərin bundan yayınması, nəinki qanunlarla, hətta ictimai qınaq qədər ciddi təpkiyə səbəb olur.
Biz ötən yazılarımızda B.Hacıyevin ordu sıralarında xidmətdən "özünəməxsus" formada yayınmasının milli dəyərlərə, milli kimliyə xas olmayan xüsusiyyət olduğunu qeyd etmişdik. Amma nə edəsən ki, B.Hacıyev Harvard Universitetini bitirdiyini iddia etsə də, bir qədər anlamamazlıqdan gəldi. Onun iddiasına görə, guya onun "kişi"liyinə toxunan hər hansı bir yazı yazılıb. Biz yenə təkrar edirik, insanın hansı cinsə mənsub olmasının heç bir əhəmiyyəti yoxdur. Təki içində bir mənlik, vətən duyğusu olsun. Əgər bunu B.Hacıyev kimi düşünənlər başqa mənada anlayırsa, bu, onların problemidir. Aslanın erkəyi, dişisi olmaz deyib atalar. Yəqin ki, B.Hacıyevin böyütdüyü mühitdə bu məsəli işlətmirlər. Amma gec də olsa biz onun yadına salırıq ki, sən öz cinsi fərqinə görə öyünürsənsə, bu, bizlik deyil. Hətta B.Hacıyevin təhsil aldığı ABŞ-da da belə düşüncə tərzi yoxdur. Elə buradan da, bir məntiq ortaya çıxır ki, sən B.Hacıyev ordu sıralarına getməməyini "dini mənsubiyyətinə", təmsil olunduğun "qardaşlıqların prinsipləri" ilə sığortalamaq istəyirsənsə, burada başqa mətləb axtarmaq nəyə lazımdır? Sən din qardaşlarına qarşı, yəni torpaqlarımızı işğal etmiş, 1 milyondan artıq vətəndaşımızı qaçqına çevirmiş, ana-bacılarımızı əsir etmiş erməniyə qarşı dayanmağı özünə "günah" bilirsənsə, buna nə ad qoymaq olar? Yenə də, deyirik ki, vətənə xidmətdən boyun qaçırmağın başqa adını B.Hacıyev müəyyənləşdirə bilməz. Çünki bunun bir adı var ki, o da fərarilikdir. Baxmayaraq ki, B.Hacıyevin dırnaqarası dostları "feysbok" sosial şəbəkəsində onun bu hərəkətinə "haqq" qazandırmağa çalışır. Onlara isə yeganə sualımız odur ki, vətən namus-qeyrət mücəssəməsidir. Onu qorumaq kişili-qadınlı hər kəsin borcudur. Bunun üçün nə B.Hacıyev nə də ki, onun dostları olmaq lazım deyil. Əgər B.Hacıyev qədər düşünənlər belə iddiadadırlarsa, Azərbaycan mərd, cəsur oğulları isə hər zaman düşməni əzib, şəhidlərimizin qanını alacaq, ərazi bütövlüyümüzü təmin edəcəklər.
P.S: B.Hacıyev ermənilərlə döyüşə getməmək üçün dini mənsubiyyətini əsas gətirir. Amma o hələ də, dini baxışlarını açıqlamır. Doğrudan da, o, özünü düzgün adam kimi görürsə, bunu açıqlasın