PDF Oxu

Müxalifət

  • 17

Müxalifət Razi Nurullayevin ümidinə qalıb

Müxalifət Razi Nurullayevin ümidinə qalıb
Siyasi düşərgədən zamanın diqtə etdiyi məqamlardan biri də iddialı siyasilərin cəmiyyətin və çevrələrində olan insanların diqqət mərkəzinə çevrilmək istəyidir. Demək olar ki, bu arzu və istəyə siyasi yetkililərin hamısı heç də nail ola bilmir. Səbəb isə siyasi yetkililərin səhv siyasət yürütmələri və siyasətə bir növ gəlir mənbəyi kimi baxmalarıdır.
Elə Azərbaycan siyasi reallığında radikal müxalifət düşərgəsində cərəyan edən xoşagəlməz proseslərə nəzər yetirsək, qeyd olunanların nə dərəcədə əsaslı olduğunu görmək olar. Bəlli olar ki, müxalifət partiyalarının dağılmasının və ya sıravi üzvlərin başqa partiyalara transfer etmələrinin başlıca səbəbi funksionerlərin müasir dövrün siyasi reallığına uyğun fəaliyyət göstərə bilməmələridir. Düzdür, elə iddialı partiya sədrləri var ki, onlar öz uğursuzluqlarını başqalarının səhvində axtarır və partiyaların dağılmasında günahkar olmadıqlarını bildirirlər. Bunun yenə də əsas səbəbi partiya sədrlərinin siyasətə gəlir mənbəyi kimi baxmalarıdır. O mənada ki, oturduqları sədrlik kreslosu onların maddi problemlərinin həllində xüsusi önəm daşıyır. Yəni Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsinə qısqanclıqla yanaşan müəyyən xarici qüvvələr əlaltıları vasitəsilə prosesləri ləngitmək ümidindədirlər. Bu halda AXCP (i), Müsavat, AMİP kimi partiyaların funksionerləri maliyyə yardımı müqabilində xaricdən verilən istənilən tapşırığı yerinə yetirməyə canla-başla hazır olurlar. Baxmayaraq ki, göstərilən cəhdlər bütün hallarda uğursuzluğu düçar olur. Amma bunun hədəflər uğrunda aparılan fəaliyyətə o qədər də təsiri yoxdur. Çünki "Biz istənilən təxribatı, pozuculuq aktını həyata keçirdik. Bu istənilən effekti verməyibsə, günahkar deyilik" prinsipindən çıxış edərək uğursuz fəaliyyətlərini davam etdirirlər. Fikir verin, 2003-cü il 15-16 oktyabr iğtişaşlarını, 26 noyabr 2005-ci il qarşıdurmasını, 2008-ci ilin fevralında həyata keçirilən separatçı meyillər və digər bu kimi qanunlara zidd fəaliyyət radikal müxalifətə yalnız rüsvayçılıq gətirdi. Bu proseslərin gedişində AXCP (i) bir neçə yerə parçalandı, Müsavatdan kütləvi qopmalar baş verdi, ADP, "Ümid" və ALP siyasi arenanı tərk etmək təhlükəsi ilə üzləşdi. 2010-cu ilin parlament seçkilərindən sonra isə Müsavat partiyasının qurucuları olmuş Sülhəddin Əkbər, Qabil Hüseynli, İbrahim İbrahimli, Adil Qeybulla və bu kimi şəxslər İsa Qəmbərovun seçki siyasətinə etiraz əlaməti olaraq partiyadan istefa verdilər.
Hazırkı proseslərin inkişafına və araşdırmalarına əsasən, demək olar ki, radikal düşərgə qaraçıların köçündən sonra boş qalan yurda bənzəyir. İ.Qəmbərov, Ə.Kərimov sözlərini deyə biləcək adamlardan tamamilə məhrum olublar. Vəziyyət o həddə çatıb ki, müxalifətin adından anormal şəxs kimi təqdim olunan AXCP (i) sədrinin müavini Razi Nurullayev çıxış edir. Onun bu günlər mətbuata verdiyi açıqlamasına görə, Tunis və Misirdə baş verən iğtişaşlar müxalifəti ruhlandırıb: "İctimai Palata"da təmsil olunan şəxslərə tövsiyə etmişəm ki, küçələrə çıxmağa hazır olsunlar. Razılaşma əldə olunan zaman mitinqlərə başlayacağıq".
R.Nurullayevin axırı və əvvəli bilinməyən gülüş doğuran fikirlərinin məntiqi belə qənaət yaradır ki, müxalifətin bosları hesab olunan İ.Qəmbərov, Ə.Kərimov və digərləri öz siyasi ömürlərini başa vurublar. Yəni, dövr dəyişdiyindən müxalifətin əsas simaları R.Nurullayev, Fuad Qəhrəmanlı, Tural Abbasov və bu kimi cılız düşüncə daşıyıcısı hesab olunan şəxslərdir. Amma bir məqamı yaddan çıxarmaq lazım deyil ki, siyasətdə uğur qazanmaq üçün ağılsız fikirlər səsləndirmək öküzün buz üstündə "Tanqo" oynamasına bənzəyər.
"İctimai Palata" ilə bağlı pafoslu iddialara gəldikdə isə, bu qurumun yaxın günlərdə tarixin arxivinə atılacağı şübhəsizdir. Ən azı ona görə ki, bu qurumda təmsil olunanlar bekar və siyasi bilgilərdən tamamilə uzaq olan insanlardır. Onlar ancaq Ə.Kərimovun və İ.Qəmbərovun xahişlərinə, yalvarışlarına əsasən, qondarma quruma qoşulmağa məcbur olublar. Əgər belə olmasa idi dünən Fariz Əsədov, Elçin Xəlilov, Mirvari Qəhrəmanlı, Əlinağı Hacıbəyli "İctimai Palata"dan çıxdıqlarını bəyan etməzdilər. Görünür, bu amili nəzərə aldığındandır ki, ADP sədri Sərdar Cəlaloğlu AXCP (i) sədri Ə.Kərimovla görüşərək prespektivi olmayan qurumu buraxaraq, "Azadlıq" siyasi bloku bərpa etməyi təklif edib. S.Cəlaloğlunun "Səs" qəzetinə verdiyi açıqlamasına görə, ilkin söhbətdə Ə.Kərimov "Azadlıq" blokunun bərpası üçün düşünəcəklərini və bu istiqamətdə İ.Qəmbərovla da söhbətlər aparacağını söyləyib.
Bütün bunlara əsaslanaraq, demək olar ki, radikal müxalifətin "İctimai Palata" yaratmaqla şou düzəldəcəklərinə bəslədikləri ümid uğursuzluğa düçar olub. Bunun real olduğunu qondarma qurumun təsisçiləri də başa düşüblər. Ona görə də, S.Cəlaloğlunun tövsiyəsini qəbul edərək, artıq dördüncü dəfə bərpası nəzərdə tutulan "Azadlıq" blokunun yaradılmasına razılıq veriblər.

Digər xəbərlər