Milli kimlikdən və vətənpərvərlik hisslərindən uzaq olanlar
Əsrlər boyu məmləkətimiz yadelli işğalçıların təcavüzlərinə məruz qalarkən, məhz vətənimizin ərənləri, igidləri əsil kişi qeyrətlilər torpaqları qoruya-qoruya, uğrunda qurbanlar verə-verə bizlərə miras qoyublar. Biz nəsil isə ata-babalarımızdan bizlərə miras qalmış tarixi torpaqlarımızı, milli keyfiyyətlərimizi göz bəbəyimiz kimi qorumalıyıq.
Amma çox təəssüf və təəccüblə qeyd etməliyik bəzi hallarda milli keyfiyyətlərini itirənlər, vətənə dönük çıxanlar, satqınlar bu vəzifəni yerinə yetirə bilmirlər. Burada, sadəcə olaraq, bir məntiqi anlamaq lazımdır ki, içində bir vətənpərvərlik ruhu, torpaq, bayraq sevgisi olanlar həmişə bu şərəfli vəzifəni böyük həvəslə icra edirlər. Tariximizə nəzər salsaq, vətənin bütövlüyü, torpağının tapdalanmaması uğrunda canını fəda etmiş yüz minlərlə oğul və qızlarımızın qəhrəmanlıqlarından heç olmasa bir örnək götürmək olar. Müasir Azərbaycan tarixində də, torpaq vətən uğrunda yüzlərlə şəhidimizin adlarına rast gəlmək mümkündür. Eyni zamanda, bədnam qonşularımız olan ermənilər tərəfindən bu günə qədər 20 faizdən artıq torpaqlarımızın işğal altında qalması da, milli mübarizə savaşımızın hələ bitməməmsindən xəbər verir. Bu gün hər bir Azərbaycan gənci, içində torpaq və vətən sevgisi olan hər bir vətəndaşımız tarixi ədalətin bərpa olunması üçün məqam gözləyir. Nə qədər ki, ərazilərimiz erməni qəsbkarlarının tapdağından azad olunmayıb, o zaman demək olar ki, tarixi mübarizəmiz hələ qabaqdadır. Böyük şairimiz Məmməd Arazın dediyi kimi, vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı prinsipinə sadiq qalan vətəndaşlarımız hər an içində böyük mübarizə əzmilə yaşayır. Yuxarıda qeyd etdiyimiz kimi, bəzən bu hissllərdən məhrum olmuş, milli hissllərini müəyyən imtiyazlara satmışlara da rast gəlmək çox təəssüf ki, mümkündür. Elə son parlament seçkilərində iştirak edən, ancaq uğursuzluğa düçar olan Bəxtiyar Hacıyevin timsalında da, insanın öz kimliyini necə danmasının və hansı hisslərə bunu satmasının nümunəsini görmək heç də müşkül məsələ deyil. Çünki B.Hacıyevi milli keyfiyyətlərini itirməklə yanaşı, vətən qarşısında müqəddəs borc kimi qiymətləndirilən hərbi xidmət keçməkdən də boyun qaçırır. O, hətta özünün mənəvi müəllimi kimi dəyərləndirdiyi İsa Qəmbərov və Əli Kərimovdan da bir qədər önə "getməklə" Milli Məclisin "Alternativ hərbi xidmət" haqqında qanunu qəbul etməsini gözləyir. Görünür, B.Hacıyevə Harvard Universitetində "öncə düşünmək" qabiliyyətini də aşılayıblar. Bu məqama bir qədər aydınlıq gətirmək üçün onun ötən parlament seçkilərində Milli Məclisə üzvü seçilmək üçün seçki prosesində iştirak edərək, başqa üzlə çıxış etdiyini hər kəs görmüşdü. Amma sonradan nə baş verdi ki, o, aşınmaya məruz qaldı? Lap sonradan isə fərarilik etmək qərarına gəldi?
Bir faktı da qeyd edək ki, özünə Müsavat başqanı İsa Qəmbərovu, AXCP (i) sədri Əli Kərimovu "mənəvi müəllim" kimi seçənlər sonradan analoji şəkildə fərarilik edirlər. Vaxt var idi ki, milli mənəviyyatdan bəhs edənlər ordu sıralarına getməmək üçün üzlərini maskalayıb, müxtəlif hallara düşürdülər. Doğrudur, onlar "Alternativ xidmət haqqında" qanunun qəbul edilməsini gözləmək niyyətində deyildilər. Amma bu şərəfli missiyanı yerinə yetirməmək üçün sonda fərarilik edərək, Avropa ölkələrinə belə qaçmağı özlərinə rəva bildilər. B.Hacıyev sanki bir "önəmli adammış" ki, onu müxalifət mətbuatında eninə-uzununa təbliğ edənlərin hansı "amal"ın qulluqçuları olduqları növbəti dəfə faş oldu. Müxalifət mətbuatı öz səhifələrində B.Hıcıyevi necə "işıq"landırırdısa, analoji missiyanı "Azadlıq" radiosunun efirindən də eşitməmək qeyri-mümkün idi. Hər zaman olduğu kimi, bu dəfə də, "Azadlıq" radiosu özünün alt qatlarında saxlamış olduğu sifətini nümayiş etdirdi. Bütün bunların müqabilində isə B.Hacıyevin bir təbliğatla düzəlməsi və ondan vətənpərvər olmamasını niyə müxalifətçi dostları başa düşmürlər. Onlar özləri də bilirlər ki, vətənə xəyanət fərarilikdən başlayır. Bunu etmiş "adam"dan isə nə gözləmək olduğunu İ.Qəmbərovla onun dostları bilməmiş deyildir. Amma fərarilik edənlərə bir el adətini xatırlatmaq yerinə düşərdi. "Əsgərlik etməmişlərə qız verməzlər". Yəqin ki, bu deyimdən B.Hacıyevlər öz paylarını götürməyiblər.