"Kral öldü, yaşasın kral"
Müsavatda baş verən son olaylar nəticəsində baş qaldırmış istefalar dalğasına daha biri də əlavə oluna bilərdi. Belə ki, başqan İsa Qəmbərovla münasibətləri get-gedə korlaşan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, əslində, bu fikrini reallaşdırmağa planlaşdırmışdı. Lakin sonradan özünə uyğun şəkildə davranmağı, hansı hərəkəti ilə Qəmbərova qarşı mübarizə aparmağı düşünməyi qarşısına məqsəd qoyan Arifoğlu yenidən partiya sədrliyinə iddiasını ortaya qoydu.
Məlumatlara görə Müsavat başqanının istefaya getmək fikrində olmadığını dəqiqləşdirən baş yazar öz ətrafında cəmləşən insanlar vasitəsi ilə İsa Qəmbərova qarşı yeni hücum planları hazırlayıb. Eyni zamanda, Arifoğluya verilən dəstəklər sırasında digər müxalifət partiyalarından olan şəxslər də var. Başqa məlumatlara görə isə R.Arifoğlu yaxınlarda istefaya getmiş nüfuzlu partiya funksionerləri, eləcə də, rayon partiya təşkilatlarının səlahiyyətliləri ilə şəhər ətrafındakı bağ evindəki gizlin toplantıda danışıqlara gedərək, Müsavatda yeni müsavatçılıq prinsiplərini ortaya qoymaq və köhnəni dağıdıb yenisi ilə əvəzləmək iddiası ilə çıxış edib. Bu məsələdə müxtəlif təkliflər səsləndirilib və həmin təkliflərdən biri də Müsavat partiyasının adının "Yeni Müsavat" adı altında fəaliyyət göstərilməsidir. Lakin R.Arifoğlu bu fikrin köhnəldiyini bildirərək, partiyanın adında heç bir dəyişikliyin olmayacağını dilə gətirib. Belə ki, "Yeni Müsavat" partiyasının yaranmasını İsa Qəmbərovun hələ 2003-cü ilin prezident seçkilərindəki məğlubiyyətindən sonra zəruriliyinin olduğunu deyən baş yazar bunu o vaxtın tələbi olduğunu deyib. Eləcə də, R.Arifoğlu məhz Qəmbərovu devirərək, birbaşa onun masasına və kreslosuna sahib olacağını tərəfdarlarının yanında bəyan edib. Ona görə də partiyanın adında heç bir dəyişikliyin olmayacağını, sadəcə, indiki tərkibi buraxacağını, həmin tərkibi yeniləşdiriləcəyini qarşısına məqsəd qoyub.
Arifoğlu-Gill "dostluğu"
Məlum olduğu kimi, hələ 2003-cü ildəki məğlubiyyətdən sonra ölkədə dağıdıcılıq və özbaşınalıq yaratmaq istəyində olan, eləcə də, qeyri-qanuni yollarla və heç bir haqları olmadan prezident seçkilərini öz təbirlərincə "boykot" etməyə cəhd göstərən Müsavat partiyasının "ruporu" Rauf Arifoğlu və ətrafı nəticədə Norveçin Azərbaycanda fəaliyyət göstərən o zamankı səfiri Steynar Gilldən pənah ummağa başladı. Və adıçəkilən səfir də bütün beynəlxalq və diplomatik normaları kobudcasına pozaraq, ölkədə qarşıdurmalar yaratmaq istəyində olanları "müdafiə" etdi. Və bundan sonra Arifoğlu-Gill cütlüyü yarandı. Həmin cütlük indi də davam etməkdədir. Qeyd edək ki, "Yeni Müsavat"ın baş redaktoru sözügedən məsələ ilə bağlı Steynar Gillə telefon məsləhətləşməsi aparıb, ondan xüsusi tapşırıqlar alıb. Təbii ki, burada başqa nüanslar da mövcuddur ki, bu da maliyyələşmə ilə bağlıdır. Yəni R.Arifoğlu dostu Gilldən maliyyə yardımı da istəyib və onun bu istəyi müəyyən vədlər bahasına başa gəlib. Bir sözlə, Qəmbərova qarşı yürüdülən ilkin addımlara start verilib və Müsavatda dağılma prosesinin sonuncu-dağıdıcı dalğası elə də uzaqda deyil.
Eks-müsavatçıların planları dəyişilə
bilər
Xatırladaq ki, istefalara getmiş keçmiş müsavatçılar müxtəlif ictimai birliklər və partiyalar yaratmaq fikirlərində olduqlarını açıqlamışdılar. Lakin bu prosesin nə qədər davam edəcəyini nə onların özləri nə də ki, ətrafındakıları da bilmirlər. Bu səbəbdən də fürsətdən istifadə edən Rauf Arifoğlu onlar qarşısında böyük vədlər verib, həmin adamları əlinə olan maddi vəsaitlərlə şirnikləşdirib. Hələ ki, bu barədə geniş açıqlamalar verməmək şərtini önə çəkən baş yazar bunu özü tərəfindən edəcəyini deyib. Əgər ortada Sülhəddin Əkbərov, İbrahim İbrahimli, Adil Qeybulla, Qabil Hüseynli və digər bu kimilərinin olduqlarını nəzərə alsaq, Qəmbərova qarşı hücumları hansı dərəcədə təsirli olacağını indidən proqnozlaşdırmaq mümkündür. Çünki eks-müsavatçıların Rauf Arifoğlunun "bayrağı" altında Müsavata dönüşü arxasında daha nələrin baş verəcəklərini zaman göstərəcək. Beləliklə, yaxınlarda İsa Qəmbərovsuz Müsavatın Rauf Arifoğlu başqanlığında və Sülhəddin Əkbərov, eləcə də, digərləri tərəfindən istila ediləcəyini görsəniz, türklər demişkən, əsla şaşırmayın...