PDF Oxu

Müxalifət

  • 20

"İctimai Palata" yenə də sərsəmlədi...

"İctimai Palata" yenə də sərsəmlədi...
Bu günlərdə "İctimai Palata"nın növbəti toplantısı keçirilib. Əvvəlki toplantıda olduğu kimi, bu yığıncaqlarında da yenə aləm bir-birinə dəyib. Belə ki, bu toplantı zamanı danışılan sözlər və ifadələrin hər birisi Azərbaycanla bağlı deyil, birbaşa Tunis və Misirdə baş verən hadisələrlə əlaqələndirilib. Maraqlıdır ki, "fəaliyyətlərini" ölkə ilə bağlı olaylarla "uzlaşdırdıqlarını" bəyan edən palata təmsilçiləri nədənsə bir müddətdir ki, Tunislə Misirin ətəyindən yapışıblar.
Daha deyən yoxdur ki, axı sizin öz problemləriniz tükənib ki, gedib Afrika qitəsində baş verən siyasi olaylara "burun soxursunuz?" Elə bu yerdə oxucularımızın diqqətini digər bir məqama çəkmək istərdik. Belə ki, AXCP (i) və Müsavat partiyasının "qanlı-bıçaq" sədrləri hardasa nə isə baş verən kimi həmin an "bir yerdə" bəyanatla çıxışlar edirlər. Daha dəqiq desək, guya "həmrəy" olduqlarını ictimaiyyətə sırımaq istəyirlər. Amma hər kəs çox gözəl anlayır ki, əslində, bu, belə deyil... Həqiqət budur ki, Afrika deyil, lap Avstraliyada hansısa siyasi hadisə baş versə, mütləq radikal müxalifətin dividend güdən sədrləri həyasızcasına həmin hadisələri Azərbaycanla "əlaqələndirəcəklər".
Bu dəfə də belə oldu. İki gün öncə keçirilən toplantıda Əli Kərimovun "Tunisdə baş verənlər bütün ölkələrdə təkrarlana bilər" kimi sərsəm bəyanatları və ya İsa Qəmbərovun "Misir iqtidarı 100 faiz devriləcəkdir" tipli çıxışı ətrafında toplaşan "İctimai Palata" xəstələrinin əl çalmaları, fit vermələri arxasında, həqiqətən də, sağlam təfəkkürün, sağlam düşüncənin olmadığının şahidi oluruq. Eyni zamanda, xarici ölkələrdə baş verənləri öz ölkəsində də arzulayanların burada xəyanət etdiklərini, xarici qüvvələrə satıldıqlarını heç kim inkar edə də bilməz. Belə olmasa idi bu siyasi əxlaqsızlar xaricdə baş verən siyasi hadisələri dərhal ölkənin siyasi ab-havasına qatıb, öz çirkin təxəyyülləri ilə zəhərləməzdilər...
Xatırlatmaq yerinə düşərdi ki, hələ bir müddət bundan öncə, Qırğızıstan hadisələrində də, ondan öncəki Ukrayna və ya Gürcüstan olaylarında da pafoslu çıxışları ilə ağızlarına çullu dovşan sığışmayan radikal müxalifətin quru bəyləri inqilabdan, üsyandan, daha nə bilim nədən bağırırdılar. Nəticədə isə baş verən olaylar öz axarına düşür, hər şey sakitləşir, stabilləşir, radikalların isə dedikləri sözlər buxarlanaraq havaya dönür. Rənglərdən-rənglərə düşən əli kərimovlar və isa qəmbərovlar da həm xalqın həm də vədlər götürdükləri xarici qüvvələrin yanlarında biabır olub, sözün əsil mənasında, yerə girirlər. Bütün bunlardan ibrət götürə bilməyənlərin Azərbaycanın siyasi arenasında var-gəl etmələrinə isə artıq lüzum-filan qalmayıb. Onlar da, Afrika qitəsində olduğu kimi, xalqın hiddətinə rast gəlməmiş şələ- külələrini yığışdırıb Azərbaycan siyasətindən, ümumiyyətlə, müxalifətçilikdən rədd olub getməlidirlər. Bunu radikalların özləri öz hərəkət və təsvirləri ilə çoxdan sübuta yetiriblər, hələ 2003-cü ildə...Bu gün görmək istədikləri isə yalnız və yalnız Afrika yuxusundan başqa heç nə deyil.

Digər xəbərlər