Müxalifətçi gəncləri kim "zəhərləyir"?
Bu gün siyasət meydanında olduqca müxtəlif tipli, müxtəlif maraqlı "qüvvələrin" tör-töküntülərindən ibarət şəxslər mövcuddur. Bu yazıq günə qalmışlar ancaq dirijor çubuğunun hərəkətlərinə, ya da ipli kuklalar kimi fəaliyyətlərini qurmağa çalışırlar. Kimisi bu işin öhdəsindən gəlir, kimisi isə boş-boş sərsəmləməklə işinin öhdəsindən gəldiyini zənn edir. Belə ki, istər daxildə, istərsə də xaricdə ölkəmizə qarşı çıxan düşmənlərimiz olmuşdur. Eləcə də Azərbaycanda sağlam düşüncəli ictimaiyyət bilir ki, düşmən dəyirmanına su tökənlər hansa partiya funksionerləridir və nə məzmunda sifarişlər, tapşırıqlar alırlar.
Ölkəmizdə göz qabağında olan inkişafı gözü götürməyən radikallar fürsət tapan kimi ən kiçik nöqsanları şişirdərək, ictimaiyyəti çaşdırmağa yönələn açıqlamalar atmağa cəhdlərdə bulunurlar. Amma, məram və məqsədlərini anlamayan bu nadürüst siyasətbazlar həqiqətdə anlamırlar ki, cəhdləri nəticəsiz qalacaqdır. Nə qədər ki, Azərbaycan xalqı var, bu xalqın tərəqqi və inkişaf davamlı olacaq. Məhz bu və digər mühüm, silinməz amillər nəticəsində, xalqımız güclüdür və həmişə də güclü qalacaq. Dövlətimizin yürütdüyü düşünülmüş məqsədyönlü siyasəti nəticəsində ölkəmiz daha da inkişaf edəcək və dünyadakı aparıcı yerini qoruyub, saxlayacaq. İstənilən anti-Azərbaycan maraqlı qüvvələrə isə boşboğazlıq və qeyri-ciddi açıqlamalar vermək təxəyyül xəstəliyi kimi qalacaq.
Üzdəniraq radikal müxalifət liderlərinin əsas fəaliyyət xətləri gənclərin beyinlərini qərəzli, heç bir siyasətə uyğun olmayan fikirlərlə, xəstəliklərlə yoluxdurub öz çirkin niyyətlərini həyata keçirməkdir. Məhz buna görə də, tora düşərək "zəhərlənən" gənclər müxtəlif cinayətlərin icraçılarına çevrilirlər. Buna misal kimi AXCP (i) sədri Əli Kərimovun toruna düşən Ruslan Bəşirlini göstərmək olar. Xatırladaq ki, o, Gürcüstanda Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq qurmağa razılıq vermiş və bununla da Azərbaycanın daxili məsələlərini Yerevana ötürməyə cəhdlər göstərmişdir. Bu gün də, radikal müxalifətin "gənclər siyasəti" davam etdirilir. Hər zaman radikallar beyinləri hələ tam formalaşmamış gəncləri müxtəlif qarşıdurmalara məcbur etmək istəyirlər. Müsavat, AXCP (i), ADP, "Ümid" və AMİP gənclər birliklərinin üzvüləri arada bir bosslarının sifarişlərinə uyğun olaraq, iğtişaşlar törətməyə cəhd göstərirlər.
Bəxtiyar Hacıyevin də məlum əsgərlikdən yayınma məsələsini deyilənlərə əlavə etmək mümkündür. Təbii ki, bu cür pozucu qüvvələrin əl-qol açmasına imkan vermək olmaz. Bu şəxslərin siyasi fəaliyyəti araşdırılmalı və bu fikirlərin arxasında duran qüvvələr üzə çıxarılaraq ifşa edilməlidir. Hətta Bəxtiyardan savayı onun kimilərinin cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq-mühafizə orqanları əməli, lazımi fəaliyyətə keçməlidirlər. Nəzərə almalıyıq ki, dəfələrlə qarşıdurmaların, iğtişaşların təkanvericiləri radikal müxalifət partiyalarının sədrləri olduqları yerdə, icraçılar olan "zəhərlənmiş" müxalifətçi gənclər dəfələrlə məhkəmə qərarları ilə azadlıqdan məhrum edilmişlər. Onların əksəriyyəti sonradan kimə və nəyə "xidmət" göstərdiklərini anlasalar da, çox gec olub. Xüsusilə, vurğulamaq olardı ki, humanistlik göstərən dövlətimiz onların əfv olunması istiqamətində dəfələrlə qərar vermişdir. Həmin məram və məqsədlərini anlamayan gənclər və onların bossları isə dövlətimizin humanistliyini başa düşüb, qiymətləndirmirlər. Görünür, cəzadan nəticə çıxarmayanların yenidən cəzalandırılmasına hər zaman zərurət var. Əgər həmin gənclərin "liderləri" isalar, əlilər, sərdarlar və digərləridir...