PDF Oxu

Müxalifət

  • 11

Müxalifətdaxili savaşlar gərginləşir

Müxalifətdaxili savaşlar gərginləşir
Müxalifət düşərgəsində "İctimai Palata" ideyasının tərəfdarları ilə ona qoşulmaq istəməyənlərin arasında yaranmış ziddiyyətlər gündən-günə dərinləşir və bu dərinləşən gərginlik təkcə sözlə deyil, artıq əlbəyaxa savaşa çevrilmək astanasındadır. Bu məsələlərə münasibət bildirən "Azadlıq" partiyasının sədri Əhməd Oruc suallarımızı belə cavablandırdı.
- Son zamanlar müxalifət düşərgəsində söz davasının əlbəyaxa döyüşə çevrilmə təhlükəsi var. Məsələn, Pənah Hüseynovun sizə yönələn hədələri belə deməyə əsas verir. Sizin buna münasibətiniz?
- Adətən, müzakirələrdə hər kəs öz mədəniyyətinə və xarakterinə uyğun çıxış edir. Mən isə daha çox normal üsulun tərəfdarıyam. Bəzi insanlar öz fikirlərini dili ilə deməklə yanaşı, həmçinin, emossional tərzdə də bildirməyə çalışır.
- Pənah Hüseynov sizi telefonu götürməməkdə və qorxaqlıqda ittiham edir. Bu, nə dərəcədə reallığı əks etdirən ittihamdır?
- Bu fikirlər uşaq fikirlərinə bənzəyir. Bu səviyyədə ittihamlar, əlbəttə, doğru deyil. Onun bu fikirlərinə münasibət bildirməyi də düzgün hesab etmirəm. Təbii ki, bu cür çıxışlar məndə xoş təəssürat yaratmır.
- İddialara görə, Mirmahmud Fəttayevin bütün bu hadisələr baş verən ərəfədə sizinlə şəxsi söhbətləri bir nəticə verməyib. Doğurdanmı aranızda belə bir söhbət olub və bu söhbət nəticəsiz qalıb?
- "DUİ" mənə qarşı olan hücumlarla bağlı rəsmi bəyanat yayıb. Mənə qarşı hücum edən müxalifət düşərgəsinin nümayəndələrinə bildirilib ki, hərə öz işi ilə məşğul olsun. Mənə qarşı olan proseslərdən kənara çəkilsinlər. Mirmahmud bəyin fikirləri və istəyi bu olub. Onlar məsələlərin daha çox dinc yolla həll olunmasının tərəfdarı olduqlarını bildiriblər. Bilirsiniz, bu məsələlərdə gərginlik mənbəyi mən deyiləm. Lakin buna baxmayaraq, mənə qarşı hücumlar oldu və cavablarını aldılar, sakitləşdilər.
- Əhməd bəy, düşünmək olarmı ki, "İctimai Palata"ya qoşulmadığınıza görə, sizə bu cür hücumlar olur?
- Bizim "İctimai Palata"ya qoşulmamağımızın səbəbləri, təbii ki, bizim öz fikirlərimizlə bağlıdır. Ona görə də, bu sualı cavablandırarkən, qeyd etmək istəyirəm ki, mənə hücum edənlərin hücumlarının səbəbi bu və ya başqa məsələlərlə bağlı ola bilər.
- "DUİ"-nin "İctimai Palata"ya qoşulmamasının konkret səbəbləri nədən ibarətdir?
- "İctimai Palata"nı yaratmaq fikri seçkidən sonra narazı olanların fikridir və bununla bağlı da bir neçə partiya birgə bəyanatlar səsləndirdilər. Bizsə "İctimai Palata"ya qoşulmamağa qərar verdik. Bu mənada, müxalifət düşərgəsində "İctimai Palata" məsələsində iki düşərgə yaranmağa başladı. Bu palataya qoşulmaq istəyənlər və qoşulmaq istəməyənlər. Həmçinin, gördüyünüz kimi, son dönəmlər mənə qarşı 20-yə yaxın hücum oldu. Bu hücumlarda müxtəlif partiya nümayəndələri, QHT nümayəndələri iştirak etdi. Hətta mənim müttəfiq olduğum "KAXCP"-dən də bir neçə nəfər mənə qarşı olan hücumlarda iştirak etdi. Bütün bu baş verənlərdən də "İctimai Palata"ya daxil olan partiya rəhbərləri mənə qarşı istifadə etdi. Təəssüf ki, məni heç bir nəfər belə müdafiə etmədi. Onlar haqqın və haqqı müdafiə edənin yanında olmağı bacarmırlar.
- Sizin zaman-zaman istər Müsavatla, istərsə də digər müxalifət partiyalarının və onların rəhbərlərinin fikirləri ilə üst-üstə düşməyən mövqelərinizin şahidi oluruq. Bunun səbəbi kimdə və ya nədədir? Sizmi onların fikirlərinə qarşı daha sərt mövqedən çıxış edirsiniz, yoxsa ki, onlar sizin fikirlərinizlə qətiyyən razılaşmaq istəmirlər?
- Bilirsiniz, müxtəlif zaman kəsiklərində mənim bəzi müxalifətçi siyasətçilərlə bağlı müəyyən fikirlərim olub. Müxalifətçi bəzi insanlar tez-tez yalandan tezliklə hakimiyyətə gələcəyik kimi uydurma fikirlər səsləndirirlər. Onlar, təbii ki, öz şəxsi maraqları naminə dəfələrlə yalan danışmaqdan və həmçinin, bu gün də yalanlarından əl çəkmək istəmirlər. Tez-tez aramızda münaqişələrin yaranmasının səbəblərindən biri də mənim onların doğru olmayan fikirlərinə qarşı ciddi münasibət bildirməyimdir. Həmçinin, onlar da heç vaxt mənim düşüncələrimlə razılaşmaq fikrində olmayıblar.
- Əhməd bəy, bəlkə konkretləşdirək ki, yalançı müxalifət və beynəlxalq təşkilatlardan asılı olan partiyalar hansılardır və onların başında duran liderlər kimlərdir?
- Bildiyiniz kimi, mən dəfələrlə yalançı müxalifət və beynəlxalq təşkilatlardan asılı olan partiyaların adlarını çəkmişəm. Onların liderlərinin də adlarını söyləmişəm. Onların adlarını çəkməklə yanaşı, mən də yetərincə öz mövqeyimi qorumağa çalışmışam.

Digər xəbərlər