Müsavatda baş verən son olayların daha gərgin hal alması nəticəsində partiyada təmsil olunan irili-xırdalı bütün müsavatçılar, demək olar ki, özbaşına qərarlar qəbul etməyə başlayıblar. Daha dəqiq desək, Müsavat partiyasının qapısı, ruslar demişkən, "Kukarakina kontora"ya dönüb.
Eyni zamanda, partiyada qarşıdan gələn günlərdə mütəmadi və ardıcıl istefaların növbəti dalğası gözlənilir və bu dalğanın nəticəsi adıçəkilən siyasi təşkilat üçün sarsıdıcı olacaq. Belə ki, başqan İsa Qəmbərovun "sözünün ağası" olmaması, başqanlıq postundan ikiəlli yapışması, AXCP (i) ilə aranı daha da soyutması, ümumiyyətlə, özünü həqiqətdə ağa hesab edib partiya daxilində rejim yaratması sarsıdıcı və ölümcül zərbənin tezliklə reallaşmasına təkan verir.
Lakin baş verən hadisələrin istənilən fonda müşahidəsi bu proqnozların reallığa nə qədər yaxın olduğunu yetərincə sübut etməkdədir.
Məsələyə başqa tərəfdən də şərh vermək mümkündür. Əgər diqqət yetirsək, şahidi olarıq ki, Müsavat partiyasının AXCP (i) ilə soyuq münasibətləri nəticəsində İ.Qəmbərov üçün böyük "sürprizlər" hazırlanıb. Məsələ ondadır ki, "islahatçılar"ın Müsavata göndərilmiş gizli emissarları hazırda həmin siyasi təşkilat içində çaxnaşmalar yaratmaqla "diversiya" planını həyata keçirirlər. Əldə etdiyimiz məlumatlara görə, bu, bilavasitə, Müsavat başqanının yerindən tərpədilməsinə yönəlmiş xüsusi addımdır. Belə ki, müsavatçı adı ilə Müsavat partiyası kuluarlarında iş görən AXCP (i) "verbovşikləri" yaxın zamanlarda İbrahim İbrahimlinin və Sülhəddin Əkbərovun Əli Kərimovun partiyasına transfer olacaqları ilə bağlı hazırlıq planlarını həyata keçirirlər. Eləcə də, adıçəkilən hər iki şəxsin yaradacaqları Müsavatyönümlü ictimai birlik də məhz AXCP (i)-nin idarəçiliyi altında fəaliyyət göstərəcək. Təbii ki, bu və ya digər vəziyyətdə İsa Qəmbərov bu addımı bəyənməməklə yanaşı, onlara qarşı sərt cavab tədbirləri hazırlamaq niyyətindədir. Bununla belə, o, artıq yan-yörəsində heç kimi tapa bilmir. Yəni İ.Qəmbərovun yanında vur-tut Arif Hacıyevdən başqa uzağı bir-iki nəfər adam qalıb. Onların isə hər hansı bir müdaxilə etmək gücündə olduqları inandırıcı görünmür.
Beləliklə, iki partiya arasında baş verən münaqişə ən çox Müsavata sirayət etmiş olur. Çünki partiyanın bir çox üzvləri Müsavatda qala-qala Ə.Kərimova işləyirlər. Həmçinin, məlum olduğu kimi partiya elə bir böhran səviyyəsinə düşüb ki, orada əmək haqlarının ödənilməsi məsələsi də yox dərəcəsindədir. Bunun əvəzində, AXCP (i) sədri Ə.Kərimov əlinə düşən hər fürsətdə ona işləyən müsavatçılara gördükləri xəyanət işlərinin müqabilində müxtəlif nominallarda maaş kəsib. Onlar da ki, canla-başla Ə.Kərimovun satılmış qullarına çevriliblər. Bu isə, Müsavat partiyası daxilində özbaşınalığın, hərc-mərcliyin yeni fazaya qədəm qoymasına bir işarədir. Hər halda cərəyan edən bu proseslər bunu deməyə əsas verir.
P.S. Bunları yazanda yadıma öncəki illər keçirilmiş prezident və parlament seçkiləri düşür. Sadəcə, burada azca fərq mövcuddur ki, bu da partiyaların yerdəyişməsi ilə bağlıdır. Yəni öncələr Müsavat AXCP (i)-yə qarşı idisə, bu gün AXCP (i) Müsavatı sürüyür. Məzmun və hadisələr isə dəyişilməz olaraq qalmaqdadır...