PDF Oxu

Müxalifət

  • 10

Birlik və bloklar

Birlik və bloklar
Düşərgə daxilində ard-arda yaranan blok və birliklərin, ittifaq və hərəkatların yaranması, əslində, radikalların fəaliyyətsizliklərini, bacarıqsızlıqlarını daha geniş şəkildə sərgiləməkdədir. Onlara məxsus mətbuat orqanlarında, portal və saytlarda müxtəlif-müxtəlif toplantıların, konfransların keçirilməsi barədə verilən palaz-palaz materiallar, yazılar və çıxışlar belə müxalifət mənsublarının nəyə isə nail olacaqlarına dəlalət etmir. Çünki bu qədər danışıqların, yaxud da "razılaşmaların" nəticədə nə ilə sonuclanması artıq indidən ictimaiyyətə məlumdur. "İctimai Palata", "Demokratiya Uğrunda Hərəkat", "Qarabağ bloku" kimi təşkilatları da bu sıradan hesab etmək mümkündür.
"İctimai Palata" adı altında gündəmə gələn və gələn kimi də boşboğazlığı ilə yadda qalan bu qurumun təmsilçiləri artıq sözləri tükəndiklərindən hansı işin qulpundan yapışacaqlarını bilmirlər. Daha dəqiq desək, yarananda pafoslu çıxışları ilə "gur-gur guruldayan" qurum təmsilçiləri qarşılarına qoyduqları planların öhdəsindən gələ bilməməklə yanaşı, başladılar bir-birlərini günahlandırmağa. Yəni yürütdükləri "siyasət"in səhvlərini özlərində deyil, başqalarında axtardılar. Bu isə, təbii ki, onların aralarında yaranan yeni dava və qırğınlara gətirib çıxarır. Məsələn, Pənah Hüseynovun "Yeni Müsavat" qəzeti vasitəsi ilə "biz xalqın parlamenti kimi onların problemlərini həll edəcəyik" kimi sərsəm açıqlamalarından sonra ictimaiyyətdən gələn təpgilər sonradan onun susmasına səbəb oldu. Məhz bu təpgilərdən sonra, təmsil olunduğu qurumda hücumlara məruz qalan Pənah Hüseynov çıxış yolunu yenə də öz artistlik məharətində gördü. Yəni Pənahın onu günahlandıran siyasiləşmiş QHT rəhbərlərinə "sizin mənim açıqlamalarıma şərh vermək üçün dəvət etməmişik" kimi ifadələri qurumun "qarğa bazarı"ndan başqa heç nəyə yaramadığının bir daha şahidi oluruq. Başqa bir tərəfdən, qeyd etməliyik ki, Orada təmsil olunan AMİP, AXCP (i) və Müsavat kimi siyasi qurumların rəhbərlərinin "İctimai Palata"nı öz ambisiyalarına xidmət etmələri üçün seçmələri arxasında 2013-cü ilin prezident seçkiləri dayanır. Hər zaman olduğu kimi, başlarından böyük iddialarda bulunan bu tiplər əllərinə düşən hər bir kiçicik imkandan maksimum yararlanıb "vahid namizəd" tendensiyasını öz xeyirlərinə dəyişməyi düşünürlər. Belə ki, keçən günlərdə AMİP sədri Yusif Bağırzadənin özünü "prezidentliyə namizəd" qismində görməsi də sözügedən "palata"nı bir-birinə qatıb. Bu açıqlamadan sonra, Müsavat strukturlarında ciddi çaxnaşmalar yaranıb. Belə ki, əldə olunan məlumatlara görə partiyanın "ruporu" Arif Hacıyev Yusif Bağırzadəni heç nəyə yaramayan siyasət kuklası adlandırıb. Digər tərəfdən isə AXCP (i) timsalında da AMİP sədrinə qarşı hücumlara start verilib. Partiyanın səlahiyyətlisi Həsən Kərimov Yusif Bağırzadəni sərt ittiham edərək, onu araqızışdırıcılıqda suçlayıb. Göründüyü kimi, "İctimai Palata" heç də ictimaiyyətə deyil, öz ambisiyalarına xidmət edən, iddiaları ilə ortaya çıxan siyasi təşkilatlar yığıncağına çevrilib.
"Qarabağ" bloku kimi özünü ictimaiyyətə sırıyan qurum da "İctimai Palata"dan heç nəyi ilə fərqlənmir. Məsələn, Bu təşkilatda "birləşən" əsas iki partiya - "Ümid" və ADP arasında soyuq fırtınalar yaranmaqdadır. Hələ parlament seçkilərindən öncə Sərdar Cəlaloğlunu öz tərəfinə çəkməyə nail olmuş İqbal Ağazadə artıq birincini yanında saxlamaq gücündən məhrum olub. Məsələ ondadır ki, vaxtilə müəyyən şirnikləndirici vədlər bahasına ADP-nin azsaylı elektoratını özünə yaxınlaşdırmış İqbal Ağazadə şəxsi biznesində maliyyə böhranı yaşadığı üçün ADP faktorundan istifadə etmək imkanlarını itirmək üzrədir. Məhz bu amil onun geniş şəkildə əl-qol açmasına mane olur. ADP-dən sızan məlumatlara görə, artıq Sərdar Cəlaloğlu rəhbərlik etdiyi partiyasının təklikdə fəaliyyət göstərəcəyini, eləcə də, heç bir bloklara, birliklərə qoşulmayacağını elan edib. İqbal Ağazadə isə müxalifət daxilində az-çox nüfuzu olan Sərdar Cəlaloğlunu əldən buraxmaq istəmir.Çünki onun da iddiaları getdikcə artmaqdadır. Məsəlçün, o yaxın ətrafına bildirib ki, əgər deputat seçilibsə, deməli, 2013-cü ilin prezident seçkilərinə də hazırlaşmaq olar (?!) Lakin bu başından böyük iddialarda bulunan şəxs tamamilə unudur ki, onun nəinki sözügedən seçkilərə, eləcə də, növbəti parlament seçkilərinə heç bir şansı-filanı yoxdur. Çünki İqbal Ağazadə ən yaxşı halda, Montində yerləşən bap-balaca qərargahda bapbalaca partiyasının bapbalaca sədri ola bilər və ondan da o tərəfə getməyə nə gücü, nə də ki, qüdrəti çata bilər...
Bir sözlə, deyə bilərik ki, yuxarıda adları çəkilən və çəkilməyən istər radikal, istərsə də başqa yönümlü müxalifət partiyalarının birlik qurumları boşboğazlıq üzərində qurulmuş "siyasət"dən başqa heç nə deyil. Onların sərsəm iddialarına gəldikdə isə, 2013-cü ilə indidən hoppanmağın heç bir mənası yoxdur. Çünki bu günə qədər hoppanıb nə ediblər ki, bundan sonra hoppanıb nə edələr?

Digər xəbərlər