Ölkəmizdə keçirilmiş son parlament seçkilərində heç bir uğur əldə etməyən və əksinə, acı və biabırçı məğlubiyyətlə üzləşən müxalifət üçün çıxış yolunun və seçimin bütün imkanları tükənib. Elə bu səbəbdən də, adi bir hala çevrilmiş müxalifətdaxili dedi-qodular yenidən alovlanıb. İndi hər kəs bilir ki, müxalifət daxilində baş verənlərdə başlıca səbəb nədir. Ona görə də, istər-istəməz müxalifətin normal prinsipləri heç vaxt qəbul etməyən liderləri hansı maraq axtarışında olduqlarını hələ özləri də bilmir. Elə bu səbəbdən də müxalifət düşərgəsində baş verənlərdən heç nə anlamaq olmur. Amma bir məsələ tam çılpaqlığı ilə aydın olur ki, buraya toplaşmış şəxslər hansı məqsəd üçün var-gəl edirlər. İstənilən formada milli maraqları tapdalayaraq, öz ideyalarını təmin etməyə hazır olan bu tiplər, Azərbaycan cəmiyyətinin çoxdan vaxtı keçmişləridir. Bir həqiqət isə hələ də məlum deyil ki, əgər bunların vaxtı keçibsə, hansı səbəb görə hələ də mövcudluqlarını saxlayırlar. Məsələnin əsil köklərini də burada axtarmaq lazımdır. Bir prinsipi də unutmaq olmaz ki, müxalifətçilik adı altında gündə min oyundan çıxan şəxslər heç utanmadan da cəmiyyətin gözünə kül üfürməyə çalışırlar. Ona görə də, inkişafda olan Azərbaycan cəmiyyətinə müxalifətin avantürist ideyaları gərəksizdir. İndiki bir məqamda isə müxalifətin istənilən formada irəli sürmək istədiyi bütün iyrənc təkliflər cəmiyyətin sərt təpkisi ilə qarşılanır. Uzun müddət ümumi müxalifətin bütün təkliflərindən kənarda qalmış AXCP (i) ancaq şəxsi maraqlara xidmət etdiyi üçün onun mövcudluğu bir o qədər də nəzərə çarpmırdı. Amma bütün bu uyğunsuzluqları özündə ehtiva edən AXCP (i) və onun sədri Əli Kərimov indiki situasiyada daha çox gündəmdə qalmaq üçün var-gəl edir. Partiyasının fəaliyyəti ilə bir o qədər də maraqlanmayan Ə.Kərimov heç olmasa bu Dovşan ilində daha çox şəxsi prinsiplərini gerçəkləşdirmək üçün istənilən bir oyun başlamaq üçün düşərgədə yeni bir qalmaqal yaratmağa çalışır. Çünki müxalifətdə olduğu bu 16-17 il ərzində riyakarlıqdan və partiyadaşlarına qarşı saxtakarlıqdan başqa bir iş görmədiyini yaxşı bildiyi üçün parlament seçkilərindəki biabırçı məğlubiyyətin səbəblərini ört-basdır etmək üçün növbəti şou yaratmaq haqqında düşünür. Ona görə də müxalifətin özünün də nifrət hissi ilə yanaşdığı Ə.Kərimov və onun oyuncaq komandası yaxşı bilir ki, artıq iflasın bir addımlığındadır.
Əli Kərimovla İsa Qəmbərov biabırçı məğlubiyyətlərini sığortalamaq üçün min dona girirlər
Çoxlarının gözləntisinin əksinə olaraq, nə referendum, nə də bələdiyyə seçkiləri də müxalifəti birləşdirə bilmədi. Yeni qurumlar, bloklar yaratmaqda "usta" olan düşərgə təmtəraqla növbəti "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" yaratsa da, "SİDSUH"-un oxşarı olan bu qurum sələfi kimi ciddi imic qazana bilmədi. Qurum daxilində birliyin "səmimiyyəti" o həddə idi ki, hərəkat bir deyil, bir neçə təşəbbüs qrupu ilə referendum prosesinə qatıldısa, nəticəsi boş oldu. Bu gün isə parlament seçkilərindəki acı məğlubiyyətin nəticələrini götür-qoy edib günahı başqalarının ayağına yazmaq istəyən Müsavat və AXCP (i) sədrləri utopiyadan hələ də qurtula bilməkdilərini nümayiş etdirirlər. Düşərgənin özündə isə müxalifətin ümumi birliyindən danışanlara münasibət heç də birmənalı şəkildə deyil. Artıq düşərgədəkilər belə bu cür iddialarla çıxış edənlərə nifrət etdiklərini bildirirlər. Bu fikirlərə şərik olan siyasi ekspertlər müxalifətin ciddi və səmimi birliyinin alınmamasını bildirir və belə hesab edirlər ki, müxalifət düşərgəsi hələ də öz şəxsi ambisiyalarının giriftarı olublar. Belə ki, son illər ərzində keçirilən seçkilərdən sonra bir sıra müxalifət birliklərindən urvatsız şəkildə uzaqlaşdırılmış partiyaların yeni birliyindən danışmasına qarşı çıxan ADP sədri S.Cəlaloğlu düşərgədə Əli Kərimova, İsa Qəmbərova, Lalə Hacıyevaya qarşı allergiya yarandığını deyib. Bildirib ki, birlikdən danışan İ.Qəmbərovla Ə.Kərimov arasında tarixi ədavət olduğu üçün bu istəyə nail olunmur.
AXCP (i) ilə Müsavatı kim bir arada görmək istəyib?
Vəhdət partiyasının sədri Tahir Kərimli də bu birləşmə ilə bağlı səslənən fikirlərə fərqli münasibət bildirib. Qeyd edib ki, Müsavatla AXCP (i) arasında mübarizənin tarixi çox-çox əvvəldən mövcuddur. Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə bu tiplər bir komandada təmsil olunsalar da, bir-biri ilə yola getməyən Əli Kərimov və İsa Qəmbərov tərəfdarları qısa müddətdə təmsil olunduqları hakimiyyəti çökdürdülər. "Sonra bu qüvvələr müxalifət daxilində savaşmağa başladılar. 1995, 1998, 2000-ci il seçkilərində ciddi toqquşan Müsavatla "Yurd" 2003-cü il prezident seçkilərindən sonra yaxınlaşdılar. Daha dəqiqi Müsavatın düşdüyü situasiya onu "Yurd"la yaxınlaşmağa vadar etdi. AXCP (i)-nin isə öz planları vardı və əsas hədəf Müsavatın tamam sıradan çıxarılması idi. 2005-ci il parlament seçkilərində bu iki qüvvə il dəfə olaraq müttəfiq oldular. Amma burada da məqsəd vardı. 2003-cü ildə strukturları ciddi şəkildə dağılmış Müsavat birliyinin gücündən yararlanıb mandat qazanmaq və tezliklə "Yurd"dan uzaqlaşmaq istəyirdi. AXCP (i) isə Müsavatı tələyə salıb sıxışdırmaq, olan-qalan gücünü də dağıtmaq məqsədi güdürdü. AXCP (i) sədri Müsavatın aşağılama kampaniyasından yayınmaq üçün məcbur olub müttəfiqliyə razı oldu. Seçki ərəfəsində bir çox adda qurum və birliklər yarandı. Amma partiyalar arasında səmimi münasibətlər olmadığı üçün bunların məntiqi sonluğu mümkün olmadı. Ortaya referendum təşəbbüsü çıxanda, müxalifət birləşməyə cəhd etdi. Amma ortada böyük bir maneə Müsavat-AXCP (i) çəkişməsi vardı deyə birliyin alınmayacağı öncədən bəlli idi. Bu dəfə də birlik baş tutmadı. Ümid bələdiyyə seçkilərinə oldu. İmzatoplama kampaniyasında yenidən toqquşma baş verdi. Sonluqda, yəni parlament seçkilərində Müsavatla AXCP (i) arasında savaş daha kəskin bir hal aldı"-deyən T.Kərimli cəmiyyətin dəstəyindən kənarda siyasətlə məşğul olmağın mümkünsüzlüyünü anlamağın zamanının yetişdiyini də müxalifətçi dostlarının diqqətinə çatdırdı.