PDF Oxu

Müxalifət

  • 10

Müsavat başqanı 2011-ci ildə düşmənlərlə növbəti iş birliyi planlaşdırır

Müsavat başqanı 2011-ci ildə düşmənlərlə növbəti iş birliyi planlaşdırır

Ötən ilin parlament seçkilərindən dərhal sonra radikal müxalifət düşərgəsində başlanan istefalar və təlatümlər artıq sonluğa çatmaqdadır. Çünki son seçki prosesinə qədər ətrafında üç-beş üzvü qalmış müxalifət partiyalarında indi bir başıpapaqlı tapmaq müşkülə çevrilib. Amma maraqlı bir məqam ondan ibarətdir ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslərin heç biri bu faktı qəbul etmir. Onlar məsələni başqa səmtə yönəltməklə prosesi diqqətdən kənarda saxlamağa çalışırlar.
Bu sıradan Müsavat partiyasında baş verən son olaylar daha qabarıq şəkildə özünü göstərməkdədir. Çünki həm yeni il ərəfəsində və ondan sonra Müsavat partiyasından bir-birinin ardınca aparıcı funksionerlərin istefası siyasi gündəmin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Bir çoxları üçün bu istefalar kifayət qədər gözlənilməz və təəccüblü olub. Xüsusən, ona görə ki, istefa verən partiya funksionerləri mətbuata verdikləri müsahibələrdə öz hərəkətlərini əsaslandırmaq üçün kifayət qədər tutarlı arqumentlər səsləndirməklə, bütün steorotipləri alt-üst etmiş olublar. Digər bir tərəfdən isə Müsavat partiyasındakı ardıcıl istefalar başqa məsələlər və kənar təsirlərlə əlaqələndirilməyə çalışılır. Bir çox hallarda istefanın səbəbi kimi Müsavat rəhbərliyində AXCP (i) ilə birləşmək ideyasına fərqli yanaşmaların olduğu göstərilir. Eyni zamanda, Müsavatdan imtina edənlər özünü "əsas müxalifət" təşkilatı adlandıran bir qurumdan qəfil istefalarına da ciddi haqq qazandırıblar. Müstəqil təhlilçilər isə bu istefaların əsil səbəblərinin daha dərində olduğunu qeyd etməklə, əsas məsələyə bir qədər yaxınlaşmağı bacarıblar. Qeyd olunan istefaların əsil səbəbləri Qərblə, Şərqlə, Şimalla və beynəlxalq güclərin diqtəsi ilə atılan addımlara bağlıdır deyənlər, təbii ki, mərkəzdənqaçma oyununda fəal iştirak etmək niyyətindədirlər. Əslində, onlara verilmiş tapşırıqda bu amil özünün bütün parametrləri ilə əks olunub. Odur ki, bir müddət öncə, müxalifət düşərgəsində, xüsusən də, Müsavat partiyasında baş verən istefaların başqalarının ayağına yazılma prosesi gedir. Çünki reallıq onu göstərir ki, müxalifətdəki istefaların əsil səbəblərinin aşkara çıxması onların "ən zəif nöqtələri"nin zərbə altında qalması ilə nəticələnə bilər.

Müsavatçılıq ideyasına ən böyük zərbəni indiki müsavatçılar vurur

Səbəblər və nəticələrdən konkret bir məntiqə əsaslanmaq olar ki, Müsavat partiyası öz daxili məsələsini beynəlxalq səviyyədə müzakirə predmetinə çevirməkdə maraqlıdır. Çünki bu cür yolların təqlid edilməsi, ola bilsin ki, Müsavat partiyası üçün yeni dividendlərin əldə edilməsi ilə yekunlaşsın. Ona görə də, məhz İ.Qəmbərovun diqtəsi ilə "mərkəzdənqaçma" "əməliyyatına" start verilib. Son zamanlar aşkar və gizlin formada müşahidə etdiyimiz proseslərin gedişindən də, Müsavatın iç məsələsinin heç də, səsləndiyi və göründüyü kimi, olduğu görünmür. Artıq Müsavat "texnoloqları" Şimali Koreya, Birma, Suriya, Venesuela kimi ölkələri özlərinə nümunə kimi göstərməklə "biz nə dərəcədə beynəlxalq əhəmiyyətli bir təşkilatıq" görüntüsünü yaratmağı da nəzərdən keçirir. Bu baxımdan da, partiya yetkililəri Müsavat daxilində cərəyan edən hadisələrə də bu kontekstdən yanaşmanın edilməsini zəruri hesab edirlər. Azərbaycanda hakimiyyətin əsas siyasi alternativi, şübhəsiz ki, Müsavat və AXCP (i) olaraq qalır. Bu qüvvələri sıradan çıxarmaq üçün göstərilən sistemli təzyiqlərə baxmayaraq, iki partiyanın quru emblemi belə hakimiyyət üçün narahatlıq mənbəyidir. Şübhəsiz ki, son parlament seçkilərində iki partiyanın qurduğu siyasi bloka, yəni ölkədə hakimiyyət partiyasının yeganə real alternativinə bir dənə də olsun deputat yeri tutmasına imkan verilməməsi də yuxarıda sözügedən strategiyanın-Qərbin rıçaqları hesab edilən elementlərin sıradan çıxarılması strategiyasının bir hissəsi idi. Lakin proses bununla yekunlaşmadı və Müsavatdan çoxlarının gözləmədiyi istefalar başladı. Bu istefalar hakim düşərgə təmsilçiləri tərəfindən həvəslə şərh edilir, hakimiyyətə bağlı KİV-lər onların açıqlamalarına gen-bol yer verir və bu əsas tezis vurğulanır ki, Müsavat partiyasının siyasi qüvvə kimi sıradan çıxması prosesi gedir. Eyni zamanda, yeni istefaların gözlənildiyinə dair eyhamlar eşidilməkdədir.
Bu da faktdır ki, son parlament seçkilərinin ardınca seçkilərə olan bütün ümidlərinin boşa çıxması, bütövlükdə, müxalif düşərgədə, o cümlədən, Müsavat daxilində bir çoxlarının stimullarını da aradan qaldırıb. Ancaq bütün bunları və baş verən istefaların səbəbini təkcə ümidsizlik sindromu ilə bağlamaq niyyətində olmayan İ.Qəmbərov partiyasına başqanlıq etməyi belə bacarmadığı halda, öz sələfləri kimi "kimlərsə, mənim partiyamı parçalamaq niyyətindədir" deməklə, əslində, öz formallığını yenidən açıb göstərir.
Partiyada olanlara gəldikdə isə davam edən proseslər müstəvisində yeni qopmalar və qolların ayrılması Müsavat üçün artıq adi bir hal şəklini alıb. Səbəbini açıqlayan Müsavat Divanının üzvü İbrahim İbrahimli bildirib ki, müsavatçılıq ideyasına ən böyük zərbəni indiki müsavatçılar vurur: "Deputat olmaq arzusu ürəyində qalan Arzu Səmədbəyli kimilərdir ki, müsavatçılıq ideyasına ən böyük zərbə vurur."

Digər xəbərlər