PDF Oxu

Müxalifət

  • 20

“VİP” sədri İsa Qəmbərovu “top” atəşinə tutub

“VİP” sədri İsa Qəmbərovu “top” atəşinə tutub

"Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin növbəti dəfə siyasi düşərgədəki qatı düşməni Müsavat başqanı İsa Qəmbərovun bütün dayaqlarını açıq şəkildə tənqid və təhqir atəşinə tutub. O, açıq şəkildə vurğulayıb ki, Müsavat partiyasındakı istefalar partiya rəhbərliyinin xırda ambisiyalarının nəticəsidir. İ.Qəmbərovun ünvanına böhtanlar və konkret ittihamlar səsləndirən Ə.Əliyev hesab edir ki, partiyadan qopmaların kökündə Müsavat başqanı dayanır. Əks tərəfdə isə bu cür yanaşmaların əleyhinə çıxınlar az deyildir. Onların iddiasına görə, özünü müxalifət adlandıran bu şəxs müxalifətçiliyi İ.Qəmbərova qarşı mübarizədə gördüyünü ən azı ayda bir dəfə ortaya qoyur.
Müsavat partiyasının Ali Məclisinin sədri Arzu Səmədbəyli də Ə.Əliyevin partiyalarına və İ.Qəmbərova qarşı qərəzli mövqedə olduğunu bildirib. A.Səmədbəyli bildirib ki, hərə bir cür fikirləşə, qərəzli ola, Müsavat partiyasının parçalanmasını, bölünməsini istəyə bilər və bu, onların öz işləridir.

Rauf Arifoğlu: "Tamamilə mümkündür ki, Müsavatda proses davam etsin və istefalar yenə də olsun"

"Onun bir səbəbi də İsa Qəmbərovun partiya rəhbərliyindən getmək qərarını qətiləşdirməsi və bunu açıqlamasıdır" - deyən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bir çox dəyərli insanların Müsavat partiyasının rəhbərliyindən və sıralarından getməsinə təəccübləndiyini də dilə gətirib. "Bu, çox acı hadisədir. Həm onların özü üçün, həm də bizim üçün. Partiya fəaliyyətindən bir qədər kənarda olduğum və onlarla görüşmək imkanım olmadığı üçün yalnız İbrahim İbrahimli ilə danışa bilmişəm. İstefaların qəzetlərdə yazılmayan səbəbləri haqqında məlumatsızam. Amma ümumi şəkildə, onu deyə bilərəm ki, çox şübhəsiz, bu cür proseslərin, ən müxtəlif səbəblərlə dörd funksionerin partiyadan getməsinin qəzetlərdə yazılmayan səbəbləri də var".
"Müsavatdakı istefalar AXCP (i)-Müsavat birləşməsi məsələsinə görədirmi" sualına R.Arifoğlunun cavabı birmənalı olub. Bildirib ki, bunların hamısı bir bəhanədir. "Mənim qəti inamıma görə, Cəbhə-Müsavat birliyi ilə bağlı istefa vermək o dərəcədə absurd bir gedişdir ki, onu əsas və bəhanə kimi göstərmək olmaz. Mən bunu qəbul edə bilmirəm. Birlik istəyən adamlar partiyadan niyə getməlidirlər? Birlik istəyən adamlar partiyada qalıb birliyə nail olmalıdırlar" deyən -R.Arifoğlu Müsavat partiyasında indiyə qədər ən çox istefalar rayon təşkilatlarının sədrləri səviyyəsində olduğunu da etiraf edib. "Adətən, müsavatçılar efirə çıxıb partiya biletlərindən imtina etdiklərini deyirdilər. Bu səviyyədə istefalar uzun illər idi ki, Müsavatda böyük siyasi şoulardan, teatrlardan sonra baş vermirdi. Adətən, bu cür istefalar AXCP (i)-nin tərkibində müşahidə olunurdu. Söhbət yüksək səviyyəli funksionerlərin, müavinlərin istefasından gedir. Bu dəfə isə proses Müsavat partiyasını da əhatə etdi", - deyən Müsavat üzvü bundan sonra ümumi müxalifət düşərgəsində daha ilginc olayların baş verəcəyinə də aydınlıq gətirib.
Xatırladaq ki, 2010-cu il noyabrın 29-da Müsavat partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən, Divan üzvü İbrahim İbrahimli isə partiya sıralarından istefa verib. S.Əkbər bu hərəkətini partiyanın strateji kursu ilə razılaşmaması ilə əlaqələndirib. İ.İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək, partiya sıralarını tərk edib. Hər iki siyasətçinin noyabrın 30-da yaydığı birgə bəyanatda qeyd olunub ki, istefa vermələrinə səbəb Müsavatın daxilində bəzi qüvvələrin AXCP (i)-Müsavat birliyinə mane olmasıdır. Bu il yanvarın 5-də isə partiyanın başqan müavini Qabil Hüseynli və Divan üzvü Adil Qeybulla da istefa verib. Onların yaydıqları bəyanatda qeyd olunub ki, mənəvi-etik səbəblərdən partiyadan istefalarının səbəblərini bildirmək istəmirlər.
Bütün bu yaşananlar isə heç də gözdən-könüldən tamamilə uzaq bir yerdə baş verməyib. Müsavat partiyası daxilində baş verənlərin ümumi müxalifətin malik olduğu mənzərəni yenidən nəzərdə keçirməyə sövq edib. Çünki bu günün özündə də, Müsavat daxilində ilgin proseslər gedir. Bunu adıçəkilən partiyadan imtina etmiş sabiq müsavatçılar da etiraf ediblər. Onların səsləndirdiyi bəyanatlara görə, yaxın günlərdə Müsavat daxilində daha ilginc olaylar baş verəcək və partiyanın, bütövlükdə, fəaliyyəti sual altında qalacaq.

Digər xəbərlər