Dünən Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərdən M.Ağayevin vəkili Osman Kazımov və Q.Məmmədrzayevin vəkili Yavər Hüseyn çıxış edib, dövlət ittihamçısının ötən həftə baş tutmuş iclasdakı çıxışına münasibət bildiriblər.
Qeyd edək ki, yanvarın 14-də keçirilən iclasda dövlət ittihamçısı Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan əlavə, zərərçəkmiş şəxsin mənzilindən götürülən pulların geri qaytarılmasını tələb olunub. Vəkillər isə müdafiə etdikləri şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduqlarını və öhdələrində azyaşlı uşaqlarının olduğunu söyləyərək, bunların yüngülləşdirici hal kimi nəzərə alınmasını məhkəmə heyətindən xahiş ediblər. Daha sonra hakim Tamella Nəsrullayev məhkəmənin növbəti iclasının yanvarın 28-nə təyin olunduğunu və həmin iclasda digər vəkillərin çıxış edəcəyini bildirib.
Xatırladaq ki, Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğluna qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək, quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. İbtidai istintaq zamanı məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Yeri gəlmişkən, onu da əlavə edək ki, Qabil Məmmədrzayev həbs olunan günə qədər AXCP (i) sədri Əli Kərimovun müşaviri işləyib.