PDF Oxu

Müxalifət

  • 16

İctimaiyyətsiz palata

İctimaiyyətsiz palata
2010-cu ilin sonunda Müsavat partiyasının qərargahında radikal müxalifət partiyalarının keçirdiyi forumda "İctimai Palata" adlı bir qondarma (mən deyərdim, əndrabadi - R.R.) qurum yaradıldı. Haqqında ictimaiyyətdə maraq doğurması üçün bol-bol pafoslu sözlər danışan "palata"nın qurucuları, hətta qoyulacaq ad üstündə bir müddət "ağıl" da sərf etdilər. Bu ada qədər "xalq senatı", "xalq məclisi", "kölgə parlament" və digər hoqqabaz adlar ətrafında didişib-qırışdıqdan sonra "İctimai Palata" adı ətrafında "yekdil rəy"ə gələn radikallar bu gün orada "vacib işlər" görürlər. Bəs "vacib işlər" nədən ibarətdir və bu işlərin ictimaiyyətə nə dəxli var?
Məsələ ondadır ki, psixodispanser xəstəxanasının reanimasiya şöbəsinə daha çox bənzəyən sözügedən palatada məlum olduğu kimi, parlament seçkilərində uduzmuş radikal müxalifətçilər və bu düşərgəyə meyilli adamlardır. Onlar xalq tərəfindən seçilmiş, leqal qanunverici orqana - parlamentə, öz təbirlərincə, "alternativ" yaradaraq özlərini "deputat" hiss edirlər. Yəni orada sabah kimsə özünü Napaleon Bonapard və ya Rusiya çarı İvan Qroznı, yaxud da Çeqevara kimi təqdim etsə, heç kim təəccüblənməsin...
Əslində, xalqın, ictimaiyyətin seçim hüquqlarını heçə sayaraq, özlərini ictimaiyyətə sırımağa cəhd edən şit siyasətbazlar təmsil olunduqları qondarma qurumda ictimaiyyətdənkənar fəaliyyətdədirlər və həmin palatanın adı həqiqətdə ictimaiyyətsiz palata kimi səsləndirilsə, daha dəqiq olar. Onu da qeyd edim ki, orada təmsil olunmağa ar edən müxalifət nümayəndələri də var ki, ortaya qoyulan qərəzsiz ittihamlara sahib olmaq istəmirlər. Çünki onlar çox gözəl anlayırlar ki, bu tipli təşkilatlarda adları sadalansa, onların aqibətləri indikindən də pis vəziyyətə düşəcək. Bu səbəbdən də az-çox dövlətçilik maraqlarına hörmət edən, eləcə də, özlərinə hörmət qoyan bir çox müxalifət nümayəndələri "İctimai Palata" adlı köntöy qurumda təmsil olunmağı qəti şəkildə rədd edirlər. Məsələn, ASDP sədri Araz Əlizadənin fikrincə, onlar hələ də müxtəlif adlar altında birləşib, ayrılmaqla nə vaxtsa hakimiyyətə gələcəklərini düşünürlər. Onun sözlərinə görə, bu gün radikal müxalifətçilərin hansısa məsələ ilə bağlı irad tutmalarına haqları yoxdur.
"Təkamül" partiyasının sədri Teyub Qəninin düşündüyünə görə, ümidlər özünü doğrultmur: "İctimai Palata"ya gəldikdə isə, burada təmsil olanların əksəriyyəti həm keçmişdə, həm də indi bir-biriləri ilə yola getməyənlərdir. Mənə elə gəlir ki, bu formatın da ömrü uzun olmayacaq. Çünki siyasi baxışlar və fikirlər haçalanır".
Lakin "İctimai Palata"ya daha çox qənim kəsilən müxalifətçilərdən biri "Azadlıq" partiyasının sədri Əhməd Orucovdur. Partiya sədri bildirir ki, bu qurum, əslində, qrant almaq məqsədilə yaranıb və xarici qüvvələrlə işbirliyi quraraq, vədlər boyun olub: "Mən onlara dedim ki, əgər yığışıb ciddi iş görmək istəyirlərsə, buraya qatılacağıq. Yox, əgər bu təşkilatı yaratmaqda əsas məqsəd xarici qüvvələrlə işləyib, qrant almaqdırsa, o zaman biz yoxuq. Onların bir toplantısında da qərara alınıb ki, bəs Koordinasiya Şurasına Əhməd Orucovu daxil etmək olmaz. Çünki mən orada olsam, bunlar qrant ala bilməyəcəkdir. Bu adamların fəaliyyəti 20 ildir ki, göz qabağındadır və xalq hər şeyi görür. Onlar bu müddət ərzində hansı hoqqalardan çıxmadılar?.."
Adıçəkilən palatanın "sakini" olmaqdan ADP sədri Sərdar Cəlaloğlu da imtina edib. Belə ki, ona müraciət olunsa da, ortaya qoyulan "ideya"nın heç nəyə yaramadığını dərk edib: "Sözügedən ideyanın heç bir səmərə verməyəcəyi qənaətində olduğuma görə, "İctimai Palata"nın yaradılması işinə qarışmamışam".
Politoloq Cümşüd Nuriyev isə bildirib ki, adıçəkilən palatanın yaradılması bilavasitə xaricdən alınan tapşırıqdır: "Azərbaycanın diqqətini əsas məsələlərdən yayındırmaq, başqa məsələlərlə başını qatmaq üçün müəyyən variantlar ortaya atılır. "İctimai Palata"da həmin variantlardan biridir. Müəyyən qüvvələr dövlətçiliyimizə təzyiq göstərmək niyyətindədirlər. Ancaq bu cəhdlərin uğurlu olacağına inanmıram. Onlar heç bir şey edə bilməyəcəklər. Seçki prosesi də göstərdi ki, radikal müxalifət partiyalarının mövqeyi kifayət qədər zəifdir. Bu qüvvələr nüfuzdan düşüblər, ona görə də, nəsə etməli, müəyyən mesajlar verməlidirlər. İndiyədək başqa mesajlar verirdilər, ancaq onların heç biri özünü doğrultmadı. İndi də bu mesajı uydurublar. Bu dəfə də heç nə əldə edə bilməyəcəklər".

Digər xəbərlər